“Tarixi-aləmarayi-Abbasi” əsərinin Tehran nəşrində bir yanlışlıq haqqında

GADTB: Azərbaycanın türkman oymağına mənsub olan İsgəndər bəy Münşi (1560-1634) Səfəvilər dövrünün ən görkəmli saray tarixçisidir. Onun 1616-1629-cu illərdə farsca qələmə aldığı üç cildlik «Tarixi-aləmarayi-Abbasi» əsəri dünya şöhrəti qazanmışdır və Səfəvi tarixini araşdıran elm adamlarının ən çox istinad etdikləri mötəbər bir məxəzdir.

Əsərin daşbasması (litoqrafiya) üsulu ilə ilk nəşri hələ hicri-qəməri 1314 / miladi 1896-cı ildə Tehranda Mirzə Şərif tərəfindən həyata keçirilmişdir. Hicri-şəmsi 1334-1335 / miladi 1955-1956-cı illərdə görkəmli mənbəşünas alim İrəc Əfşar sözügedən mənbənin daşbasması çapını əsas götürərək yeni nəşrini yayımlamışdır. Onun hazırladığı bu nəşr 1350 / 1971 və 1382 / 2003-cü illərdə təkrarən çap edilmişdir. İ.Əfşar litoqrafik nəşrinbəzi nöqsanlarını aradan qaldırmağa nail olmuş, əsərin ilk çapında əksini tapmayan birinci cildin II-XII məqalələrini Tehranda saxlanan iki əlyazma nüsxəsi əsasında mətnə əlavə etmişdir[9, 1099-1116]. Bu görkəmliustadın tərtib etdiyi «Tarixi-aləmarayi-Abbasi» nəşri altmış ildirki, elmi ictimaiyyətin xidmətindədir və dünyanın bir çox tarixçiləri, şərqşünasları, ədəbiyyatçıları ondan bir mənbə kimi istifadə etməkdədirlər. Lakin təəssüf ki, mənbənin çox sayda əlyazma nüsxələrinin mövcudluğuna baxmayaraq, İ.Əfşar əsərin elmi-tənqidi mətnini hazırlamamış və bu səbəbdən, litoqrafik çapda yer alan bir çox qüsurlar onun nəşrində də təkrar edilmişdir.

Bir neçə il bundan öncə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor O.Ə.Əfəndiyevlə birlikdə «Tarixi-aləmarayi-Abbasi»nin birinci cildini fars dilindən Azərbaycan türkcəsinə tərcümə etdik [10]. Tərcümənin gedişi zamanı Tehran çapındakı bəzi yanlışlıqlar, xətalar və uyğunsuzluqlar diqqətimizi cəlb etdi və bu nöqsanları aradan qaldırmaqdan ötrü Tehran nəşrinin mətnini mənbənin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan əlyazma nüsxələri ilə müqayisə etməyi qərara aldıq. AMEA Əlyazmalar İnstitutunda bu mənbənin 4 əlyazma nüsxəsi saxlanılır. Bunların ikisi (S-129 və S-297 şifrəli nüsxələr) əsərin I cildini, digər ikisi (D-386 və S-633) isə II cildi əhatə edirlər. Bunlardan başqa, B-589 saylı əlyazma məcmuəsi daxilində «Tarixi-aləmarayi-Abbasi»nin I cildinin Şirvan, Şəki və Gürcüstana aid olan hissələri əksini tapmışdır [16, 126-131]. Biz əsərin I cildinin tərcüməsi zamanı S-129, S-297 və B-589 şifrəli əlyazmaları Tehran nəşri ilə müqayisə etdik və daha kamil bir mətn hazırlamağa çalışdıq. Bu araşdırmalar nəticəsində, Tehran nəşrində mövcud olan bir sıra boşluqları aradan qaldırmağa, nöqsanları, təhrifləri və yanlışlıqları düzəltməyə və dəqiqləşdirməyə nail olduq. Müəyyən edildi ki, Tehran nəşrində bir sıra cümlələr, hadisələr, adlar, tarixlər və hətta bəzi fəsillər buraxılmışdır. Biz həmin parçaları Bakı nüsxələri əsasında tərcümə edərək mətnə əlavə etdik. Bütövlükdə bu nüsxələr əsasında əsərin mətninə 225 düzəliş edildi. Hələ 2009-cu ildə İstanbulda təşkil edilmiş beynəlxalq elmi simpoziumda qaynağın Bakı nüsxələrinin əhəmiyyəti haqqında məruzə etdik və daha sonra bu məruzəmizi geniş bir məqalə şəklində nəşr etdirdik [4, 117-160].

Hazırkı məruzədə isə tariximiz üçün çox aktual olan bir problemə toxunmaq, mərkəzi İrəvan şəhəri olan və tarixən Azərbaycan ərazisi sayılmış Çuxursəəd vilayəti haqqında «Tarixi-aləmarayi-Abbasi»nin Tehran nəşrində əksini tapmış bir nöqsan barədə fikirlərimizi bölüşmək istərdik. Mənbənin Tehran nəşrinin I cildinin bir yerində Çuxursəəd yanlış olaraq Ərməniyyəyə aid olunur. Belə ki, həmin nəşrdə 1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın Səfəvi ərazisi olan İrəvanı zəbt etməsi hadisəsinə belə yekun vurulur: «Beləliklə, Kiçik Ərməniyyənin («Ərməniyyeyi-suğra») böyük bir hissəsini təşkil edən abad Çuxursəəd vilayəti düşmənin ixtiyarına keçdi» [9, 293].

Burada Ərməniyyənin xatırlanması anlaşılmazdır və ziddiyyətlidir. Çünki fəslin sərlövhəsi «İsgəndər şanlı nəvvabın (yəni Şah Məhəmməd Xudabəndənin) səadətli məiyyətinin olmadığı əyyamda Azərbaycanda baş vermiş hadisələr və İrəvanın rumilərin (yəni Osmanlıların) əlinə keçməsi haqqında söhbət» adlanır [9, 292]. Bu sərlövhədən aydın surətdə görünür ki, söhbət Azərbaycanda baş vermiş hadisələrdən gedir və deməli, Çuxursəəd də Azərbaycana aiddir. Həm də onu qeyd etmək lazımdır ki, «Tarixi-aləmarayi-Abbasi»nin çoxsaylı nüsxələrinin heç də hamısında bu cümlə daxilində Ərməniyyə sözü əksini tapmamışdır. Məsələn, S-297 şifrəli Bakı əlyazmasının bu yerində Ərməniyyənin adı çəkilmir. Tehran nəşrində «Ərməniyyeyi-suğra» («Kiçik Ermənistan») yazılsa da, mənbənin Bakı nüsxəsində «Ərməniyyə» əvəzinə «arəmənde» («rahatlıq bəxş edən»), «suğra» əvəzinə isə «həsri» («əhatə olunmuş») sözləri əksini tapmışdır [11, 192b]. Beləliklə, Tehran çapında yer almış «Kiçik Ərməniyyənin böyük bir hissəsini təşkil edən abad Çuxursəəd vilayəti» ifadələri əvəzinə, Bakı əlyazmasında «[ərazicə] böyük, rahatlıq bəxş edən, [dağlarla] əhatə olunmuş abad Çuxursəəd vilayəti» yazılmışdır. Fikrimizcə, Bakı nüsxəsindəki bu məlumat daha səhihdir.

Ümumiyyətlə, İsgəndər bəy Münşi həmişə Çuxursəəddə və İrəvanda baş verən əhvalatlardan bəhs edərkən onları Azərbaycan hadisələri daxilində qeyd edir, İrəvanı Azərbaycan ərazisi kimi göstərir [9, 75,293,296,305,1113; 10, 175-176,568,591,721]. Mənbənin I cildində İrəvandan və Çuxursəəddən bəhs olunan fəsillərin başlıqlarına diqqət yetirək: «Sultan Süleymanın dördüncü dəfə Azərbaycana gəlməsi…» [9, 75; 10, 175-176]; «Azərbaycan və Şirvan hadisələri, Rum sultanının o hüduda və o ölkəyə qoşun göndərməsi və bu zaman baş vermiş əhvalatlar haqqında» [9, 230; 10, 464]; «Hökmdarın (yəni Şah Məhəmməd Xudabəndənin) Azərbaycan tərəfə hərəkət etməsi və o səfər zamanı Allahın təqdiri ilə baş vermiş hadisələr haqqında» [10, 503]; «İsgəndər şanlı nəvvabın (yəni Şah Məhəmməd Xudabəndənin) səadətli məiyyətinin olmadığı əyyamda Azərbaycanda baş vermiş hadisələr və İrəvanın rumilərin (yəni Osmanlıların) əlinə keçməsi haqqında söhbət» [9, 292; 10, 568]; «Hökmdar məiyyətinin ikinci dəfə Azərbaycana yollanması…» [9, 296; 10, 576]; «Azərbaycan hadisələri…» [9, 305; 10, 591]; «Vəziri-əzəm Məhəmməd paşanın Azərbaycan üzərinə qoşun çəkməsi və İrəvanı mühasirəyə alması» [9, 903] və s.

Mənbənin mətnində Çuxursəəd vilayəti dəfələrlə Azərbaycana aid edilir. Məsələn, 1578-ci ildə növbəti Səfəvi – Osmanlı müharibəsinin başlamasından bəhs edən İsgəndər bəy Münşi qeyd edir ki, səltənət mərkəzindən Təbriz bəylərbəyisi Əmir xan Mosullunun, Çuxursəəd bəylərbəyisi Məhəmmədi xan Toxmağın və Qarabağ bəylərbəyisi İmamqulu xanın adlarına bu məzmunda hökmlər yazılmışdı ki, «onlar Azərbaycan qoşunlarını toplasınlar, bir yerdə cəmləşsinlər və məsləhət bildikləri qayda ilə kütləvi surətdə düşmən qoşununun dəf edilməsini həyata keçirsinlər» [9, 233; 10, 469-470]. Əsərin bu yerində Təbriz, Çuxursəəd və Qarabağ bəylərbəyiliklərinin orduları «Azərbaycan qoşunları» adlandırılır. Mənbənin başqa bir yerində, 1583-cü ildə «Azərbaycandakı vəziyyətlə bağlı həqiqətlər» adı altında «İrəvanın rumilərin əlinə keçməsi» məsələsi xatırladılır [9, 296; 10, 576]. İsgəndər bəy Münşi açıq-aşkar yazır ki, «Fərhad paşa Azərbaycan üzərinə gələrək İrəvanı istila etmişdi» [9, 305; 10, 591].

Mənbənin Tehran nəşrinin birinci cildinin yalnız bircə yerində Ərməniyyə sözünün qeyd edilməsi «Tarixi-aləmarayi-Abbasi»nin bütün üslubu və strukturu ilə təzad təşkil edir. Zənnimizcə, İsgəndər bəy Münşinin öz əsərində qeyd etdiyi «arəməndə» sözü sonralar onun əsərinin üzünü köçürən katiblərin xətası nəticəsində «Ərməniyyə» sözünə çevrilib. Çünki «arəməndə»nin «Ərməniyyə»yə çevrilməsi üçün cəmi bir hərfin yanlış yazılması (yəni «d» səsini ifadə edən «dal» hərfinin «y» səsini ifadə edən «yey» hərfi ilə əvəzlənməsi) kifayət edir. Bu səhv sonradan bəzi nüsxələrə və Tehran çapına da sirayət etmişdir.

Səfəvilər dövrünün inzibati bölgüsündə Ərməniyyə adlı hər hansı bir vilayət və mahal olmamışdır. Mərkəzi İrəvan şəhəri olan Çuxursəəd vilayəti Səfəvilər zamanında Azərbaycan coğrafiyasının ayrılmaz tərkib hissəsi idi. Səfəvilərin dövlət quruluşuna və idarəçilik sisteminə aid ən mötəbər mənbə olan Mirzə Səmianın «Təzkirətül-müluk» əsərində Səfəvi dövlətinin inzibati bölgüsü haqqında məlumat verilərkən ilk növbədə Azərbaycan ölkəsinin adı çəkilir və Azərbaycanın dörd bəylərbəyilikdən ibarət olduğu ifadə edilir: Təbriz, Çuxursəəd, Qarabağ və Şirvan [15, 72-78; 14, 39]. Məşhur türk səyyahı Evliya Çələbi İrəvanın Azərbaycana aid olduğunu göstərir və bu şəhərə aid məlumatları «Övsafi-qəleyi-İrəvani-Azərbaycan», yəni «Azərbaycanın İrəvan qalasının vəsfləri» sərlövhəsi ilə təqdim edir [5, 141]. Bir sıra digər Osmanlı qaynaqları və sənədləri də İrəvanı açıq-aydın bir şəkildə Azərbaycana aid edirlər [7, 690-695]. XVII əsrin fransız səyyahı Jan Şarden İrəvan qalasının əhalisinin «təmiz qanlı Səfəvilərdən» (yəni azərbaycanlılardan) ibarət olduğunu etiraf etmişdir [8, 21]. 1720-1725-ci illər arasında Səfəvilər dövlətində olmuş polşalı səyyah Y.T.Kruşinski İrəvanın Azərbaycan ərazisi olduğunu bildirmişdir [12, 19]. Rus ordusunun zabiti S.D.Burnaşev Azərbaycan vilayətlərinin təsviri haqqında 1786-cı ildə Tiflisdə qələmə aldığı əsərdə İrəvan xanlığını Azərbaycan vilayətlərindən biri hesab etmişdir [3, 17-19]. Məşhur azərbaycanlı coğrafiyaşünas və səyyah Hacı Zeynalabidin Şirvani (1780-1838) 1832-ci ildə tamamladığı «Bostanüs-səyahə» əsərində İrəvan və Çuxursəədin «Azərbaycana aid olduğunu» və «oranın əhalisinin türkdilli və şiə məzhəbli olduqlarını» yazır [6, 124]. Çar Rusiyasına aid arxiv sənədləri İrəvan xanlığının Rusiyaya birləşdirilməsi zamanı oranın əhalisinin 73,8 %-nin müsəlman türklərdən ibarət olduğunu qeyd edirlər [2, 299]. 1828-ci il aprеlin 2-də qraf Paskеviç Baş qərargah rəisi qraf Dibiçə ünvanladığı məlumatda İrəvan хanlığının əhalisinin 3/4 hissəsinin müsəlmanların təşkil еtdiyini bildirmişdi [13, 276].

Beləliklə, dövrün mötəbər tarixi qaynaqları İrəvan şəhəri mərkəz olmaqla Çuxursəəd vilayətinin Azərbaycanın tərkibində yerləşdiyini və oranın əhalisinin əsasən azərbaycanlılardan ibarət olduğunu göstərirlər. Güneyli soydaşımız olan tarixçi S.Sərdariniya bu mövzuda apardığı hərtərəfli araşdırmalar nəticəsində belə qənaətə gəlir: «Hal-hazırda Ermənistan Respublikasının paytaxtı və əhalisi ermənilərdən ibarət olan bir şəhər kimi tanınan İrəvan əsrlər boyu təkcə Azərbaycanın vilayətlərindən biri və müsəlman sakinli şəhər kimi deyil, həm də yadellilər qarşısında möhkəm qala hesab olunurdu» [17, 8]. İngiltərənin məşhur Kembric Universitetində nəşr edilmiş «Qafqaz döyüşləri» adlı monoqrafiyada İrəvan xanlığının Rusiya tərəfindən işğalından bəhs edilərkən bu fikri təsdiq edən çox maraqlı bir etirafla qarşılaşırıq: «Sonradan Ermənistan Respublikasının yaranması üçün baza olmuş İrəvan vilayətinin əhalisinin əksəriyyəti o zamanlar müsəlman türklərdən ibarət idi» [1, 43].

Son olaraq onu bildirmək istərdik ki, «Tarixi-aləmarayi-Abbasi»nin Tehran nəşrində əksini tapmış «Ərməniyyə» ifadəsi, əslində, «arəməndə» sözünün təhrif olunmuş variantından başqa bir şey deyildir. «Tarixi-aləmarayi-Abbasi» əsərinin müəllif iradəsinə uyğun olan orijinal mətnini bərpa etmək üçün Tehran nəşrinin sadəcə ilk cildinin deyil, bütün mətninin əlyazma nüsxələri ilə müqayisəsi, bu müqayisə zamanı meydana çıxacaq fərqlərin, ziddiyyətlərin o dövrün müvafiq qaynaqlarının məlumatları əsasında təhlili və yekunda mənbənin tarixi həqiqətlərə cavab verən mötəbər mətninin əldə olunması bu məxəzin tariximiz üçün dəyərini və əhəmiyyətini daha da artıracaqdır.

İstifadə edilmiş ədəbiyyat:

  1. 1. Allen W.E.D., Muratoff P.P. Caucasian Battlefields (A History of The Wars on The Turco – Caucasian Border, 1828-1921). Cambridge, 1953.
  2. 2. Azərbaycan tarixi üzrə qaynaqlar (Tərtibçilər: S.S.Əliyarov, F.R.Mah­mudov, F.M.Əliyeva, L.L.Həsənova). Bakı, 1989.
  3. 3. Описание областей Адребижанских в Персии и их политического состояния сделанное пребывающим при его Высочестве Царя Картлинском и Кахетинском Ираклии Темуразовиче Полковником и Кавалером Бурнашевым в Тифлисе в 1786 г. Курск, 1793.
  4. 4. Efendiyev O., Musalı N. Târîh-i ‘Âlem Ârâ-yi ‘Abbasî isimli eserin Bakü yazmalarının önemine dair // Safevîler ve Şah İsmail. İstanbul, 2014, s.117-160.
  5. 5. Evliya Çelebi Seyahatnamesi. II. kitap (hazırlayanlar: Z.Kurşun, S.A.Kahraman, Y.Dağlı). İstanbul, 1998.
  6. 6. Hacı Zeynalabidin Şirvani. Bostanüs-səyahə. Tehran, 1315.
  7. 7. Hüseyn F. XVI-XVIII. Yüzyıllarda İrevan Şehrinin Tarihinden (Osmanlı Kaynaklarına Binâen) // Yeni Türkiye Dergisi. Sayı: 78. Ankara, 2015, s.690-695.
  8. 8. Jan Şardən. Səyahətnamə: cənab kovaler Şardənin Səfəvilərə və Şərqin digər yerlərinə səyahətləri (fransız dilindən tərcümə, ön söz və şərhlər V.Aslanındır). Bakı, 1994.
  9. 9. İsgəndər bəy Türkman. Tarixi-aləmarayi-Abbasi (müəllifi-müqəddimə və gərdavərəndeyi-fihrist: İ.Əfşar). I-III c. Tehran, 1350.
  10. 10. İsgəndər bəy Münşi Türkman. Tarixi-aləmarayi-Abbasi. I cild (farscadan tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifləri: O.Ə.Əfəndiyev və N.S.Musalı). Bakı, 2009.
  11. 11. İsgəndər bəy Münşi Türkman. Tarixi-aləmarayi-Abbasi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, S-297.
  12. 12. Y.T.Kruşinski. Xristian səyyahın tarixi (farscadan tərcümə edəni və çapa hazırlayanı: Ş.Fazil). Bakı, 1993.
  13. 13. Qarayev E. İrəvan xanlığı (1747-1828). Bakı, 2010.
  14. 14. Minorsky V.F. “Tadhkirat al-Muluk”: A Manual of Safavid Administration circa 1137 / 1725. London, 1943.
  15. 15. Mirza Səmia. Təzkirətül-müluk (be kuşişi: S.M.Dəbirsiyaqi). Tehran, 1368.
  16. 16. Наджафов Г. Каталог персидских рукописей (сочинения по истории и географии). Баку, 2013.
  17. 17. Sərdariniya S. İrəvan müsəlman sakinli vilayət olmuşdur (fars dilindən tərcümə edən: İ.Quliyev). Bakı, 2014.

Namiq Musalı

Türkiyə Respublikası Kastamonu Universiteti Tarix Bölümü

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın