
GADTB: Yayılan məlumatlara görə, İran müharibənin başa çatdırılması üçün irəli sürdüyü yeni təklifdə uranın zənginləşdirilməsinin 15 ilə qədər dayandırılmasına və Hörmüz boğazının yenidən açılmasına hazır olduğunu bildirib.
Al Jazeera tərəfindən yayılan məlumata əsasən, bu plan ABŞ-yə üç mərhələli çərçivə şəklində təqdim olunub. Təklifə müharibənin dayandırılması, nüvə məsələsinin həlli və regional təhlükəsizlik dialoqunun başlanması daxildir.
Birinci mərhələdə atəşkəsin ən azı 30 gün ərzində tam müharibə sonuna çevrilməsi və qarşıdurmanın yenidən başlamasının qarşısını almaq üçün beynəlxalq mexanizmin yaradılması nəzərdə tutulur. Bu çərçivədə İran və müttəfiqləri ABŞ və İsrail qüvvələrinə hücum etməməyə, qarşı tərəf isə İrana zərbə endirməməyə razılaşır. Həmçinin Hörmüz boğazının mərhələli şəkildə açılması və İran limanlarına tətbiq edilən mühasirənin yumşaldılması planlaşdırılır.
İkinci mərhələdə İran uranın zənginləşdirilməsini 3,5 faiz səviyyəsi ilə məhdudlaşdırmağa və hətta uzun müddət – o cümlədən 15 ilə qədər – dayandırmağa razı ola biləcəyini bildirir. Bununla yanaşı, zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması və ya ixracı kimi variantlar da müzakirəyə çıxarılıb, lakin ölkə nüvə infrastrukturunun qorunub saxlanılmasını vurğulayır. Plan həmçinin sanksiyaların mərhələli şəkildə ləğvi və dondurulmuş aktivlərin müəyyən qrafik üzrə azad edilməsini nəzərdə tutur.
Üçüncü mərhələdə isə Tehran region ölkələri ilə strateji dialoqun başlanmasını və ortaq təhlükəsizlik mexanizminin yaradılmasını təklif edir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi