Cümə , Aprel 19 2024
azfa

Türkçülüyün yaranması və tarixi

GADTB: Türkçülük Türk milliyyətsevərliyinin adıdır. Türklər tarixin ilk dövrlərindən etibarən öz millətini, öz vətənini sevmişlər. İlk Türk yazı nümunələri sayılan Orxon(Göytürk) abidələrində biz Bilgə xaqanın dediyi, Yolluğ tiginin də yazdığı “Üstdə göy çökməsə, altda yer dəlinməsə, Türk milləti sənin elini törəni kim məhv edə bilər?! Türk milləti özünə dön!” və s. kimi, sonraki dövrlərdə isə məsələn Mahmud Qaşğarlının “Türk adını onlara Tanrı verdi və dövlət günəşini onlar üzərində ucaltdı” kimi türkçü ifadələri görürük. Türkçülük  məfkurəsi ideologiya olaraq ilk olaraq Osmanlı, Azərbaycan, Krım və Kazanda formalaşmağa başlamışdır.

Osmanlılarda Türkçülük

Osmanlı dövlətində Milliyyətçilik hərəkatı milli tarix və milli dil sahəsində araşdırmaların genişlənməsi və inkişafı ilə başlamışdır. Araşdırmalar ilərilədikcə milliyyətçilik Türkçülüyə çevrilmişdir. Osmanlı imperiyası daxilində Türkçülük fikirlərinin meydana çıxması XIX əsrin ikinci yarısı və XX əsrin birinci yarısında baş vermiş daha sonra isə Qurtuluş savaşı nəticəsində Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulmuş Türkiyə Cümhuriyyətində Türkçülük ideologiyası inkişaf etmiş və güclənmişdir. İlk dövrlərdə Osmanlılarda türkçülüyə meyl edən mütəfəkkirlərə misal olaraq Ziya Paşa, Ahmet Vefik Paşa, Ali Süavi və s kimi şəxsləri misal göstərmək olar.  Ziya Paşa o dövrdə Osmanlı sarayında yayılan əruz vəznindəki şeirlərin əsl türk şeiri olmadığını, əsl türk şeirinin xalq arasında yaşadığını bildirmiş və milli hislərin yayılmasının önəmli olduğunu bildirmişdir. Ahmet Vefik Paşa Türk millətinin dilini, ədəbiyyatını, türklərə məxsus cəhətləri araşdırmış və türklərin özünəməxsus adət ənənələri, xüsusiyyətləri olduğunu isbat etməyə çalışmışdır. Ahmet Vefik Paşa yazdığı “Lehçei Osmani” adlı lüğət kitabında keçmişdə vahid bir Türk dilinin olduğunu və onun indiki dövrdə ləhcələrə bölündüyünü, Osmanlı dilinin də Türkmən ləhcəsindən yarandığını bildirmişdir.  Ali Süavi o dövrdə Türk dili və tarixini araşdırmış, elm sahəsində türklərin yüksəkdə olduğunu, ərəblərə farslara aid edilən bəzi elmi kəşfləri əslində türklərin etdiyini bildirmiş və türk dilində ərəb fars qaydalarının deyil türk dil qaydalarının olmasının vacibliyini vurğulamışdır.

Məhz bu cür fikirlərdən sonra Türkçülük daha da aktuallaşmağa başlayır və Veled Çelebi, Necip Asım,  Ahmet Hikmet,  Ziya Gökalp kimi türkçülər formalaşmışdılar.  Veled Çelebi həyatını türkçülüyə həsr edən elm adamlarından biri olmuşdur. Veled Çelebi gənc yaşlarında Necip Asım, Şemseddin Sami kimi türkoloqlarla görüşmüş, Şemseddin Samiyə Qutatğu-bilig və Orxon abidələrinin oxunmasında yardımlar etmişdir. Necip Asım türkçü olduğu kimi həm də türkologiya elminin əsas nümayəndələrindən biri olmuşdur. Ahmet Hikmet o dövrdə türkcə yazmağa qarşı olanlarla mübarizə aparmış və “Türk Dərnəyi”nin önəmli üzvlərindən olmuşdur.Ahmet Hikmet türk dilinin zəngin olmadığını iddia edənlərlə mübarizə aparmış və Kül Tigin abidəsini misal göstərərk bu qədər qədim tarixi olan bir dil kasıb ola bilməz demişdir. Ziya Gökalp türkçülük sahəsində əvəzolunmaz çalışmalar etmiş və o döv üçün türkçülüyün əsas kitabı olan “Türkçülüyün Əsasları” kitabını yazmış, bu kitabda türkçülüyün mahiyyətini və proqramını yazmışdır.

Azərbaycan, Krım və Kazanda Türkçülük

Türkiyə xaricində ilk milli oyanış hərəkatı Azərbaycanda başlamışdır. Əsas etibarilə XIX əsrdə başamış milli oyanışa bir sıra Azərbaycan mütəfəkkirləri təkan vermişdlər. Ədəbiyyat sahəsinə milli oyanışı başladan Mirzə Fətəli Axundzadədir. Mirzə Fətəli Axundzadənin əsərləri ideolojik deyidi, amma ilk türkcə pyeslər idi. 1875-ci ildə ilk dəfə olaraq çar Rusiyasında Həsən Bəy Zərdabi tərəfindən türkcə qəzet nəşr olunmağa başlandı. “Əkinçi” adlanan bu qəzet türkçü bir qəzet deyildi amma ilk türkcə qəzet idi.

Yalnız Rusiyadakı türklərinə deyil bütün dünya türklərinə təsir edəcək, Türkçülük cərəyanını sürətləndirəcək şəxs İsmayıl Bəy Qaspıralı oldu. İsmayıl Bəy Qaspıralının təşəbbüsü ilə 1883-cü il 10 apreldə nəşr olunan “Tərcüman” qəzeti bütün Türklük aləminə təsir etməyə müvəffəq olmuşdur. Tərcüman qəzeti müəyyən bir döv ərzində artıq Qafqazda, Kazanda, Sibirdə, Çində və həmçinin Osmanlıda oxunmağa başladı. “Dildə, fikirdə, işdə birlik” düsturunu irəli Sürən İsmayıl Bəy Qaspıralı əsir olan türklərin ancaq mədəni inkişafla qurtuluş əldə edə biləcəklərini bildirirdi. İsmayıl Bəy Qaspıralı müştərək türk dili sahəsində çalışmalar etmişdir.

Bu dövrlərdə Kazan Türklüyünün mərkəzində xalq özünü müsəlman adlandırır və mahiyyətini bilmədən dilinə türk dili deyirdi. Məhz bu dövrdə elm adamlarından Şəhabəddin Mərcani öz “Kitabu-Müstəfadil-Əxbar fi Ahval-i Kazan” əsərində dindən başqa həmçinin milliyyətin də var olduğunu açıq və sərt şəkildə bildirir.  XX əsrin əvvəllərində Kazanda bir sıra mütəfəkkirlər qəzetlər nəşr etmiş, şairlər tatarca şeirlər yazmışdır.  1905 ci ildə Rusiyanın Yaponiya ilə müharibədə məğlub olmasından sonra Rusiyada Türklərə müəyyən qədər sərbəstlik verilməyə başlandı. Bu dövrdə Yusuf Akçura “Kazan Müxbiri” adlı qəzetdə məqalələrini nəşr etməyə başlayır. Həmçinin ətraf yerlərdə də türkcə qəzetlər nəşr olunmağa başlayır.

Kazan türklərindən Türklük aləmini ilk dəfə bütün halında görüb əsərlər yazan şəxs Hasan Ata Abeşidir. “Tarixi Qövmi Türki” adlı əsərində bütün türklərin tarixini əks etdirməyə çalışmışdır.

1905 ci ildən sonra Azərbaycanda Milliyyət hərəkatı şüurlu bir şəkildəsürətlə iləriləməyə başlamışdı. eyni ildə Əlimərdan bəy Topçubaşı tərəfindən nəşr edilən “Həyat” qəzetində Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadə kimi önəmli şəxslər məqalələr yazmağa başladılar. Əli bəy Hüseynzadə türkləri bir bütün olaraq görürdü və Anadolu türkcəsinin ortaq ədəbi dil olmasının tərəfdarı idi. Həyat qəzetindən sonra Əli bəyin yazıları “Füyuzat” məcmuəsində nəşr olunurdu. Əhməd Ağaoğlu ilk əvvəlcə Kaspi qəzetində çalışmışdı. Bir müddət Həyat qəzetində yazılar yazdıqdan sonra Ağaoğlu “İrşad” qəzetini nəşr etməyə başlamışdı. Sonrakı dövrlərdə isə Əhməd Ağaoğlu bəzi səbəblərə görə Türkiyəyə getmiş fə türkçü fəaliyyətlərini orada davam etdirmişdi.

XX əsrin başlarından etibarən Türkçülük məfkurəsi daha da sistemli bir şəkil almağa başlayır və böyük türkçülərin səyləri nəticəsində inkişaf edərək günümüzə qədər gəlib çatmışdır

Qaynaqlar: Hüseyin Namık Orkun – Türkçülüğün Tarihi, Yusuf Akçura – Türkçülüyün Tarixi

 

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın