GADTB: Cənubi Kipr administrasiyası tərəfindən verilən NAVTEX (dənizçilərə xəbərdarlıq) elanı Türkiyənin dəniz yurisdiksiya ərazilərindən kənardadır və bizdən 11,5 mil və ya təxminən 22 kilometr cənubdadır. Bu çərçivədə sözügedən gəminin 19 yanvar 2025-ci ildə başlayan fəaliyyətlərini yaxından izləyirik.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
“Türkiyənin və Şimali Kiprin hüquq və mənafeləri bundan sonra da müdafiə olunacaq və kontinental şelfimizin pozulmasının qarşısı qətiyyətlə alınacaq.
Türkiyə hökuməti hamıdan çox bilir. Məsələni bütün ölçüləri ilə qiymətləndirərək atılacaq addımları müəyyən edir. Vaxtı gələndə də bu addımları atacaq”, – bəyanatda vurğulanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Kipr administrasiyası 5-ci blokda yerləşən “Elektra” yatağında qazma işlərinin başlanması ilə bağlı NAVTEX elan edib. Bildirilib ki, NAVTEX 2025-ci il yanvarın 19-dan iyunun 19-dək qüvvədə olacaq və əməliyyatlar “Valaris DS-9” qazma gəmisi tərəfindən aparılacaq.