GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərində yaşayan azərbaycanlı xilasedici Məhəmməd Əbdülhian həyat yoldaşının qızıl bilərzikini sataraq Türkiyənin zəlzələ bölgələrinə gedib və könüllü olaraq xilasetmə əməliyyatına qoşulub.
Həmin azərbaycanlı xilasedici Türkiyənin cənubunda zəlzələdən zərər çəkmiş bölgələrdən xəbər və reportajlar hazırlamaqla məşğul olan müstəqil jurnalist Rza Talebi ilə müsahibədə deyir: “O zaman Türkiyədə zəlzələ qurbanlarının şəkilləri televizordan nümayiş etdirilirdi, həyat yoldaşım ağlamağa başladı və mənə dedi ki, “Məhəmməd, sən hər yerə gedirsən (yardım üçün), bəs niyə Türkiyəyə getmirsən? Həyat yoldaşıma dedim ki, qızımızı yenicə nişanlamışam və pulum yoxdur. Həyat yoldaşım da əlindəki qızıl bilərziyi çıxartdı və dedi ki, bunu sat və köməyə get”.
Azərbaycanlı xilasedici həmçinin müsahibəsində dedi: Türk xalqı bizim qardaş və bacılarımızdır və ona görə də mən bura kömək etməyə gəlmişəm. Bu o deməkdir ki, biz həm şad gündə, həm də çətin gündə bir-birimizin yanında olmalıyıq.