
GADTB: Wall Street Journal qəzetində dərc olunan “A Fractured Iran Might Not Be So Bad” (“Parçalanmış İran o qədər də pis olmaya bilər”) adlı analitik məqalədə İranın gələcəyi ilə bağlı nadir müzakirə olunan bir ssenari gündəmə gətirilir. Yazıda bildirilir ki, siyasi və sosial böhranların davam etməsi fonunda İranın coğrafi parçalanması ehtimalı həm İslam Respublikası, həm də müxalifətin bir hissəsi tərəfindən qəsdən susdurulan mövzulardandır. Məqalə müəllifinin fikrincə, “parçalanma qorxusu” rejimin hakimiyyəti qorumaq üçün istifadə etdiyi son təbliğat alətidir və belə bir dəyişiklik mütləq şəkildə region və dünya üçün mənfi nəticə doğurmaz.
Wall Street Journal yazır ki, İran hakimiyyəti hər zaman etirazları “ölkənin dağılması” təhlükəsi ilə gözdən salmağa çalışıb. Bu ritorika rejimə müxalifləri mərkəzçi millətçilərlə qeyri-fars xalqlar arasında bölmək imkanı verir. Qeyri-fars xalqlar isə ümumilikdə İran əhalisinin təxminən yarısını təşkil edir. Müəllifə görə, ərazi bütövlüyündən bu cür alət kimi istifadə olunması, İslam Respublikasının əslində ölkə xalqlarının gələcəyindən çox, öz siyasi varlığını təhlükədə gördüyünü göstərir.
Məqalədə qeyd olunur ki, İranın mövcud sərhədləri bir çox imperiya sonrası dövlətlər kimi, etnik və tarixi reallıqlara əsaslanmadan formalaşıb. Əhalisinin təxminən dörddə birini təşkil etdiyi deyilən azərbaycanlı türklər və təxminən 15 faizlik paya malik kürdlər onilliklər boyu siyasi, iqtisadi və mədəni ayrı-seçkiliyə məruz qalan ən böyük qruplar sırasındadır. Qəzet Rusiya imperiyası və Böyük Britaniyanın XIX əsr və XX əsrin əvvəllərində İranın işğalı və sərhədlərinin müəyyənləşdirilməsindəki roluna diqqət çəkir və bəzi sərhədlərin, o cümlədən İran–İraq sərhədinin 1975-ci ilə qədər rəsmi şəkildə təsbit olunmadığını xatırladır.
Analizin mühüm hissəsi İran azərbaycanlılarının vəziyyətinə həsr olunub. Wall Street Journal yazır ki, bu bölgələrin müstəqil və inkişaf edən Azərbaycan Respublikası ilə müqayisəsi, məhrumluq və narazılıq hissini daha da gücləndirib. Ali Xameneinin azərbaycanlı mənşəli olmasına baxmayaraq, bunun Cənubi Azərbaycanın iqtisadi və mədəni durumuna heç bir müsbət təsir göstərmədiyi vurğulanır. Qəzetin qənaətinə görə, korrupsiyalaşmış və talançı idarəetmə sistemi bu bölgələri də ölkənin digər hissələri kimi kənarda qoyub. Məqalədə qeyd olunur ki, ayrılma və sərhədin o tayındakı soydaşlarla birləşmə ideyası artıq təkcə nəzəri müzakirə mövzusu deyil və gələcəkdə siyasi seçimə çevrilə bilər.
Wall Street Journal mümkün geosiyasi nəticələrə də toxunur. Yazıya görə, İranın zəifləməsinə və ya parçalanmasına əsasən Rusiya və Çin qarşı çıxır. Moskva İranı Mərkəzi Asiyanın enerji və ticarət yollarına nəzarət üçün vacib coğrafi kəmər hesab edir və Tehranla hərbi əməkdaşlıqdan, o cümlədən pilotsuz uçuş aparatları əldə etməkdən faydalanır. Pekin isə İranla bağlı enerji mənbələri və sərmayələrini itirməkdən narahatdır. Digər tərəfdən, İranın zəifləməsi İsrail üçün təhlükənin azalmasına səbəb ola, daha böyük bir Azərbaycanın formalaşması isə Türkiyə ilə Mərkəzi Asiya arasında tarixi türk ticarət yollarını yenidən canlandıra bilər. Bununla belə, məqalədə Türkiyənin kürd məsələsi ilə bağlı narahatlıqlar səbəbindən İranın tam parçalanmasını dəstəkləmədiyi qeyd olunur.
Yekunda Wall Street Journal vurğulayır ki, İslam Respublikasının “parçalanma fəlakəti” adlandırdığı proses əslində onilliklər boyu davam edən repressiya, ayrı-seçkilik və etnik müxtəlifliyin inkarının birbaşa nəticəsidir. Qəzetin fikrincə, regional sülhün və qlobal gərginliyin azalması üçün ən yaxşı yol, vahid, lakin repressiv bir İranın qorunub saxlanılması deyil, bu coğrafiyanı indiki dağıdıcı rolundan çıxara biləcək fundamental dəyişikliklərin qəbul olunması ola bilər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi