Xalq Cümhuriyyəti-100: Yer adlarında yaşayan erməni vandalizmi

GADTB: Yer adlarının formalaşmasına ictimai-tarixi hadisələr və sosial-milli amillər də təsir edib.

1918-1920-ci illər ərzində A.Ozanyanın hay daşnak quldurlarının tarixi Naxçıvan ərazilərində yerli dinc əhaliyə qarşı törətdikləri qətliam-soyqırım faciələrini, qanlı hadisələrini özündə yaşadan toponimlər az deyil. Culfa nahiyəsinin Nehrəm, Yaycı, Camaldin, Ərəzin, Bənənyar, Sirab, Daşqala, Zeynəddin, Qoşadizə kəndləri istiqamətində 1905-1907-ci və 1918-ci illərdə gedən qanlı döyüşlərin, baş verən faicələrin canlı həyat yaşantılarında və yer adlarında qalıb.

1918-ci ilin iyul ayında Sirab kəndində dinc sakinlərə qarşı törədilmiş qanlı faciələrin, qırğınların baş verdiyi yerlərdən biri də “Gavur yoxuşu” adlanır. Çılpaq təpəlik və parçalanmış yüksəklik olan bu yer kənddən 150-200 metr günbatan tərəfdə, qonşu Şamlıq kəndinə gedən yolun üstündədir. Bu hissədə quldurlar kəndin 100-ə yaxın əhalisini qılıncdan keçiriblər. Ümumiyyətlə, həmin hadisələri xronoloji ardıcıllıqla “Qanlı günlərimiz” adlı gündəliyinə köçürən Müsəlman Milli Komitəsinin katibi Mirzə

Bağır Yusif oğlu Əliyevin (1883-1938) məlumatına görə hay daşnakları tərəfindən Sirab kəndində 800-ə qədər insan qətlə yetirilib.

Qahab çayı boyunca gedən savaşların və qırğınların baş verdiyi yer sonralar “Ölüm dərəsi” adlanıb.

Cəbrayıl qəzasının ucqar dağ kəndlərindən və Qarabağın dağlıq hissəsinə yaxın olan Qışlaq kəndi haylar yaşayan Sur kəndindən (indi Xocavənd rayonuna aiddir) 1 km məsafədə yerləşdiyindən əsrin əvvəllərində burada da qanlı döyüşlər gedib və əhali müdhiş faciələr yaşayıb. Bu kənddə 35-40 ev olub. 1905-1907-ci illərdə quldur haylar bütün kəndi yerlə-yeksan edib, evləri bünövrəsinədək yandırıblar. 1905-1918-ci illər ərzində ən qanlı döyüşlər kəndin günbatan hissəsində, Cəbrayıl şəhəri istiqamətində qəlbi yerdə baş verdiyindən o yerə sonralar el arasında “Qanlı dağ” adı verilib. Bu yerdə günahsız dinc sakinlərlə yanaşı Osmanlı ordusunun döyüşçüləri və el qəhrəmanı Qurban Məşədi Qara oğlu da (1865-1905) şəhid olub, kənddəki “Qardaşlıq məzarlığı”nda dəfn edilib. Qəzanın Harovlu və Papı kəndləri arasında yerləşən “Xəlifə dərəsi”nin sağ və sol yamaclarında (Harovlu kəndinin günbatanında) türk və azərbaycanlı döyüşçülərinin şəhid məzarları çoxluq təşkil etdiyindən həmin yerlər “Uşaqqırılan” kimi yaddaşlarda qalıb.

Zəngəzur qəzasının Çərəli kəndi Bərgüşad çayının 15 km-də, rayon mərkəzindən 15 km aralıda Həftiz dağının ətəyində, seyrək meşəlik sahədə yerləşir. Mənfur və qaniçən hayların yaşadığı Ağavurd, İrsevənlik, Almalıq və Üçəniz kəndlərindən (indi Qafan rayonuna aiddir) 5-15 km aralı olduğundan Çərəli kənd sakinlərinin 1918-1920-ci illərdəki qırğınları, ağrılı günləri az olmayıb. Kəndin yaxınlığındakı (qonşu Saldaş kəndinə tərəf) “Qanlı zəmi” (sonralar əkin yeri kimi istifadə edilib) həmin tarixi hadisələrin dilsiz-ağızsız şahidi olsa da, həmin faciələr hələ də unudulmayıb. Bu “Qanlı zəmi”də A.Ozanyanın quldur dəstələrinin hücumundan sığınacaq tapmaq məqsədi ilə Çərəli kəndinə qonşu Fərcan, Zor, Saldaş, Göyyal kəndlərindən gələn 50-ə qədər dinc sakin qətlə yetirilib.

Tariximizin qan yaddaşına malik bu cür yerlərdən biri də indiki Zəngilan rayonunun Qazançı kəndinin Oxçuçay çayına tərəf uzanan biçənək sahələridir ki, bu yerlər də “Qanlı zəmi” adlanır. Əli qanlı erməni canisi Andronik Ozanyanın sayca çoxluq təşkil edən qüvvəsinə qarşı kəndin igid oğullarının qeyri-bərabər döyüşü burada baş verib. Kəndin qəbristanlığı da burada yerləşir. Burada 1918-1920-ci illərdə şəhid olanlar dəfn olunub. Həmin məkana bitişik hissədə, amma artıq meşə ilə örtülü sahədə rast gəlinən əski qəbir daşları qədim Alban mədəniyyətinin nümunələri kimi tarixi əhəmiyyət daşıyır. Qəzanın Dərəli, Ağkənd kəndlərinin və Qafan nahiyəsinin azərbaycanlılar yaşayan Pirimli kəndinin sakinləri bu yerlərdən biçənək kimi istifadə ediblər.

Coğrafi yerləşməsinə görə “Qanlı zəmi” Zəngilan-Qafan avtomobil yolu ilə Oxçuçay çayı arasında geniş sahə tutur.

Keçən əsrin əvvəllərində hay-daşnak quldurlarının yerli müsəlman-türk əhalisinə qarşı törətdikləri qətliamların-soyqırımların qanlı izlərini yaşadan, Şəhidlərimizin ruhunu əziz tutan bu “Qanl zəmi” elə keçən əsrin sonlarında da Qafan rayonunun idarəçiliyinə pay verilib.

Zəngəzur qəzasının Laçın nahiyəsinin Zabux çayı boyunca Şəlvə dərəsindən keçən hissədə 1919-cu ildə A.Ozanyanın 30 minlik quldur dəstəsinin el qəhrəmanı Sultan bəy Paşa bəy oğlunun igidləri tərəfindən məhv edildiyi yer sonralar “Qanlı dərə” adlanıb. Deyilənə görə, həmin dərədə bitən xar tut ağacının meyvəsini “murdar qanı ilə suvarıldığı üçün” heç kim yemir. Bir faktı da danışırlar ki, keçən əsrin 70-ci illərində Gorus şəhərindən gələn erməni şagirdlərinə müəllimləri bu qanlı dərənin tarixini unutmamağı ciddi-cəhdlə tövsiyyə edirmiş.

“Qanlı Qobu”dahay vəhşiliyi“Çörəyimizi yeyib, bizə düşmən kəsilənlər” o cümlədən Mərəzə, Hilmilli, Çuxuryurd, Mədrəsə, Qurdtəpə, Kərkənc, Alpout, Saqiyan, Zərnəva, Gürcüvan, Bizlan, Kirg, Ruşan və başqa kəndlərdə, hətta Şamaxı şəhərinin özündə qanlı qırğınlar həyata keçiriblər. Mərəzə-Hilmilli kəndlərinin rus dilli malokanları hay quldurlarını himayə etməklə sinayət əməllərini pərdələmək, hay silahlılarına qarşı müqavimət qüvvəsinin qarşısını almaq üçün 1918-ci ilin iyun ayında müsəlman-türk əhalisinin ağsaqqalları ilə görüş keçirməyi planlaşdırıblar.

Bir tarixi faktı nəzərinizə çatdıraq ki, 1917-ci ildə Tiflisdən Bakı şəhərinə, quldurbaşı S.Şaumyanın sərəncamına göndərilən A.Mikoyan Mərəzə-Hilmilli əməliyyatlarına birbaşa rəhbərlik edib. Bəli, düşmənlə barışıq və dinc yanaşı yaşamağın şərtlərini qarşılıqlı müzakirə etmək məqsədilə Qobustan nahiyyəsinin Poladlı, Cəmcəmli, Dərəkənd, Gəmüstü, Nabur, Sündü, Qurbançı, Təklə, Ərəbqədim kəndlərini 60-a qədər ağsaqqalını, din xadimlərini və nüfuzlu şəxslərini Mərəzə kəndindən 2-3 km aralıda, günbatan hissədə “Qarabulaq” adlanan geniş dərənin bir yönündə iri qobuya yığıb orada “danışıqlar” aparırlar. Müzakirə başlamamış silahlı hay-daşnak quldurları və onların çiyindaşları el ağsaqqallarını (30 nəfərə qədər) qətlə yetirib həmin qobuda basdırırlar. Sonralar bu yerə “Qanlı qobu” adı verilib. Başqa bir mülahizəyə görə sadəlövh müsəlman-türkləri əvvəlcədən məzarlarını qazdırdıqdan sonra onların ölümünə fərman verilib.

Daşnaklar və onların havadarları bu qanlı qətli yaddaşlardan və tarixdən silmək üçün həyasızcasına həmin yeri “Deletaqskaya yama” (“Nümayəndələr çalası”) adlandırıblar. Qobustan nahiyəsində daşnaklar bu qanlı qırğınla kifayətlənməyərək yaxınlığda yerləşən Yekəxana, Təsi, Aralıq və Poladlı kəndlərinə hücum etməyi planlaşdırdıqlarından Bədəlli dağı üzərində səngər qurublar. Silahlı basqınlardan qurtulmaq üçün Aralıq kəndinin cənub-qərbindəki “Qalacıq” adlanan yerdə zağalarda sığınan sakinlər arasında körpə səsini eşidib, orada olan 22 nəfəri qətlə yetiriblər. Oraya sonralar el arasında “Qanlı zağa” adı verilib.

Şamaxı qəzasının İsmayıllı nahiyəsindəki Küdmaşı kəndinin qədim, əski yurd yerində 60-70 ev olub, kəndin 40-50 nəfər dinc sakinlərinin A.Servantsyanın silahlı dəstələri tərəfindən qətlə yetirildiyi yer – “Qanlı dərə” 1918-ci ilin iyun ayı günlərinin yadigarıdır. Sıx əhali məskunlaşması olan bu kəndin dağıdılmış və yarıuçulmuş evlərinin qalıqları (indiki kənd yerinin cənub-qərb qurtaracağında) yerində keçən əsrin 70-ci illərində üzüm bağları salınıb. Bu ”Qanlı dərə” 1,5 km uzunluğunda olmaqla qonşu Göyçay rayonunun Qarayazı kəndinə qədər çatır.

Azərbaycan torpaqlarında qaniçən düşmənlərimiz tərəfindən “suvarılan” bu kimi “qanlı zəmilərin xəritəsi”ni tarix dərslərimizdə əyani vasitə tədris etməyimizin vaxtı çoxdan çatıb.

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

Həmçinin yoxlayın

Tikantəpədə Azərbaycanın qızılını talayan rejimin şirkətləri partlayış törətməklə əhalinin evinə xəsarət yetirib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpənin Zərəşoran Qızıl Yatağında rejimin şirkətləri Azərbaycanın qızılını …

Türkiyə “TCG Anadolu” aviyadaşıyıcı gəmisini PUA-larla dolduracaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə aviadaşıyıcısı “TCG Anadolu”nu PUA-larla dolduracaq. Bu barədə …

Bir cavab yazın