GADTB: İranın ali rəhbəri Əli Xameneyinin ABŞ-la danışıqlara yaşıl işıq yandırmasından sonra bəzi rəsmilər “ədalətli danışıqlardan” danışıblar.
Əvvəllər danışıqlara qarşı çıxan mühafizəkar “Keyhan” qəzeti çərşənbə günü yeni bir yanaşma sərgiləyərək, danışıqlardan əvvəl “nüvə proqramı, proksi qruplara dəstək və təsirli silahların istehsalı” kimi mövzulara İranın öz daxilində aydınlıq gətirilməli olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçı yeni danışıqların mümkünlüyünə toxunaraq deyib ki, İran İslam Respublikasının danışıqlar üçün şərtləri keçmişlə müqayisədə daha çətindir. Eyni zamanda, Həmidrza Hacı Babayi kimi bəzi fundamentalist siyasətçilər ədalətli danışıqlara ehtiyac olduğunu vurğulayıblar.
Bəzi mənbələr, o cümlədən “Axios” nəşri İranın ABŞ-a mesaj göndərmək niyyətində olduğunu bildirib.
Bu xəbərləri təkzib edən İran xarici işlər naziri Abbas Əraqçı və müavini Məcid Təxt-Rəvançi, hələlik heç bir mesaj mübadiləsi aparılmadığını vurğulayıblar./ Azad İran