Bazar ertəsi , Dekabr 30 2024
azfa

Yeganə Hacıyeva: 1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi

GADTB: XX əsrdə Cənubi Azərbaycanda baş verən milli-demokratik hərəkatların məğlubiyyətə uğramasının əsas səbəblərindən biri də böyük dövlətlərin çoxşaxəli maraqları və ikili siyasəti olmuşdur. Qafqaz və Orta Şərqdə birmənalı nüfuz sahibinə çevrilməyi qarşısına məqsəd qoyan böyük dövlətlərin (ABŞ, Rusiya və s.) “İran problemi”nin həllində Cənubi Azərbaycan məsələsindən İrana təzyiq vasitəsi kimi faydalanma cəhdləri bu problemə xüsusi yanaşma tələb edir. Eyni zamanda, İran İslam Respublikasında son illərdə baş verən hadisələr kontekstində Cənubi Azərbaycanda milli məsələnin real vəziyyəti və həlli perspektivləri haqqında düzgün təsəvvür əldə etmək üçün 1945-1946-cı illərdə mövcud olmuş Cənubi Azərbaycan Milli Hökumətinin tarixinin araşdırılması, milli məsələnin həlli yolunda buraxdığı səhvlərdən tarixi dərs alıb düzgün nəticə çıxarılmasından ötrü onun fəaliyyətinin bütün aspektlərinin tədqiq edilib işıqlandırılması zəruridir. Hazırda İranda yaşayan azərbaycanlıların demək olar ki, bütün təbəqələrinin prioritet kimi irəli sürdüyü ana dili hüquqlarının tanınması və onun təmin edilməsi məsələsi də Milli Hökumətin Azərbaycan dili ilə bağlı fəaliyyətinin araşdırılmasını aktuallaşdırır.

  1. Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra İrandakı azərbaycanlılar arasında ana dilinə marağın artması və

milli məsələnin dərinləşməsi

1925-ci ildə Qacar sülaləsinin Pəhləvi sülaləsi ilə əvəz olunmasından sonra yeni dövlət quruculuğu, o cümlədən vahid millət yaratmaq sahəsində fəaliyyət sürətləndi və genişləndi. Həmin siyasət qeyri-fars dillərini, o cümlədən Azərbaycan türkcəsini ənənəvi fəaliyyət sferalarından sıxışdırmağa yönəlmişdi. Fars şovnizmi xətti götürən yeni hakimiyyət tərəfindən Azərbaycan dilinə qarşı hərtərəfli təzyiq və qadağa siyasəti həyata keçirilirdi. Hakim rejimin və fars məmurlarının qeyri-fars xalqlarını, xüsusən də Azərbaycan türklərini qısa zamanda assimilyasiya etmək imkanı və potensialı olmadığından onların dillərinin, xüsusən Azərbaycan dilinin daşıyıcılarına qarşı tətbiq etdikləri heç bir əsası və izahı olmayan zorakılıq üsulları mərkəzi hakimiyyətə qarşı narazılığın güclənməsinə, milli şüurun oyanması və inkişafına səbəb oldu. Azərbaycan əhalisinin yuxarı dairələrinin, ruhani təbəqəsinin himayəsindən məhrum Azərbaycan dilinin hüquqlarını siyasi müstəvidə prinsipial olaraq sol təşkilatlar, mədəni müstəvidə isə çox məhdud bir miqyasda şəhər orta təbəqələrinin nümayəndələri müdafiə edirdilər. Ona görə də Azərbaycan dilinə qarşı siyasət Cənubi Azərbaycanda mütəşəkkil və geniş müqavimətlə qarşılaşmırdı. Şəhər orta təbəqələri, xüsusən ziyalılar ana dili uğrunda geniş miqyasda demokratik cəmiyyətdə mübarizə aparmağa qadir idilər. Belə bir şərait İkinci Dünya müharibəsinin başlanması, Sovet və İngiltərə qoşunlarının İrana daxil olması, diktator Rza şahın hakimiyyətdən kənarlaşdırılması və ölkədə nisbi demokratiyanın bərqərar olması ilə yarandı. Rza şah Pəhləvinin iqtidardan getməsi və mərkəzin nüfuzunun zəifləməsi ilə sol yönümlü qüvvələr fəallaşdı, demokratik dairələr leqal fəaliyyətə başladılar. Fars məmurlarının vilayəti tərk etməsi ilə Azərbaycan dilinin işlənməsinə mane olan bütün məhdudiyyətlər praktiki olaraq aradan qalxdı. Azərbaycan dilinin hələ də yazılı sahədən kənarda qalmasına baxmayaraq, ictimai həyatın demokratikləşməsi, Azərbaycan dili üzərindən qadağanın götürülməsi, milli hisslərin azad təzahürü, vətənpərvərlik və digər bu kimi amillər azərbaycanlıların milli hisslərinin kortəbii yüksəlişinin bəlli istiqamətə yönəldilməsini, siyasi-ideoloji cəhətdən təşkil olunmasını tələb edirdi. Bu istiqamətdə ən böyük xidməti 1941-ci ilin oktyabrında yaranan “Azərbaycan cəmiyyəti” və onun mətbu orqanı olan “Azərbaycan” qəzeti göstərdi. Əsası Əli Şəbüstəri və İsmayıl Şəms tərəfindən qoyulmuş bu cəmiyyət Azərbaycanın təməl probleminin milli məsələ olduğunu bildirir, bütün məzhəb və region fərqlərini kənara qoyub Azərbaycan kimliyi altında birləşmənin zəruriliyini irəli sürürdü. “Mütləq azadlığa”, yəni dil, adət …azadlığına tamamilə riayət olunmasını, ana dilində bütün səviyyələrdə tədris və kitab nəşr edilməsini və s. tələb edirdi” [1, 03.12.1941].

Cəmiyyət özünün əsas vəzifəsini Azərbaycan dilinin həqiqi, faktiki bərabərliyinə nail olunmasında, ana dilinin işlənmə sahəsinin bərpa edilməsi və genişləndirilməsində görürdü. Qəzet yazırdı: “Biz əminik ki, hər bir millət öz milli dilini, adət-ənənələrini qorumalı, öz işlərini və tərəqqisi ilə bağlı məsələləri özü idarə etməlidir,  başqa millətlərin onun dilinə, digər işlərinə qarışması qeyri-qanunidir və azadlıq qanununa ziddir. Biz israr edirik: öz dili, milliyyəti və ənənələri olan Azərbaycanın öz ana dilini işlətməyə, bu dili məktəbdə tədris etməyə, kitab çap etməyə haqqı vardır” [1, 15.12.1941].

Cəmiyyət geniş demokratik dairələrin ana dilinin hüquqları uğrunda mübarizə əzmini əks etdirərək intellektual qüvvələri bu mübarizəyə səfərbər etməyə çalışırdı. Qəzetin 10-cu sayından etibarən üç səhifəsinin Azərbaycan dilində nəşr olunması Azərbaycan dilində oxuyub-yazmağa marağın artdığını göstərməklə ədəbi yaradıcılıq üçün yeni imkanlar açmışdı. Adı çəkilən cəmiyyət, o zamanın təbiri ilə desək, özünün aktural heyətini yaratmaq sahəsində də ciddi addımlar atdı. O dövrün mətbu orqanlarının səhifələrində “Azərbaycan aktural heyəti” tərəfindən Azərbaycan dilində pyeslərin müvəffəqiyyətlə tamaşaya qoyulması barədə yazılar dərc olunmağa başladı [15, №52, 1942]. İllərlə təqib olunan, fəaliyyətinə əngəllər törədilən teatrda ana dilində əsərlər səhnələşdirilirdi. Beləliklə, “Azərbaycan cəmiyyəti” Azərbaycan millətinin mədəniyyət, dil sahəsində dirçəlişi və azərbaycanlılar arasında milli şüurun yayılması və dərinləşməsi yolunda təsirli tədbirlər həyata keçirirdi.

1941-ci ildə Tudə Partiyasının Azərbaycan şöbəsi quruldu. Şöbə partiyanın Tehrandakı orqanlarından fərqli olaraq etnik və dil məsələlərini önə çəkməyə çalışırdı. Milli məsələyə münasibətdə təşkilatın Təbriz şöbəsi ilə Tehrandakı rəhbərliyi arasında fikir birliyi yox idi. Təbrizlilər İranı çoxmillətli bir ölkə sayırdılar, tehranlılar isə İran millətini bölünməz bir bütöv hesab edirdilər. Təbriz tudəçilərinin fikirlərinə görə, Azərbaycan dili azərbaycanlıların fərqli bir millət olduğunu göstərir [7, s.3]. Təbriz şöbəsi Azərbaycana özünüidarə və əyalət məclisi qurmaq hüququnun verilməsini tələb edirdi. Azərbaycan tudəçiləri Cənubi Azərbaycanda Azərbaycan dilinin təhsildə, məhkəmə işlərində və dövlət idarələrində rəsmi dil olmasını istəyirdilər. Amma Tudənin Tehrandakı qurumları Azərbaycan türkcəsini bir ləhcə sayır və bu istəyin əleyhinə çıxırdılar. Ümumiyyətlə, ictimai-siyasi mühitə etiraz bütövlükdə XX əsrin 40-cı illərində yüksələn xalq hərəkatı iştirakçılarının vahid platformasına çevrilmişdi. S.C.Pişəvərinin həmin illərdə Azərbaycan xalqının milli varlığını, dilini, mədəniyyətini inkar edənlərə verdiyi cavab bütün milli ziyalıların düşüncəsini ifadə edirdi: “Dili vətənpərəstliyə müxalif görənlər vaqiən cahil adamlar gərək olsunlar. Çünki bu işin təzəliyi yoxdur. Hənuz indi də məscidlər və minbərlərdə vaizlərimiz xalqın anladığı Azərbaycan dilində vəz edib, dini vəzifələrinə əncam verməyə dəvət edilirlər. Biz ana dilinin müxaliflərindən soruşuruq: bu işdə nə pislik vardır? Niyə bir dildən minbərdə istifadə etmək olur, amma mədrəsələrdə olmur?” [16, s.84].

İranda yaşayan xalqların dillərinin statusu tarixən formalaşmış qaydalarla tənzimləndiyindən Azərbaycan türklərinə də bu dildə yazıb-oxumaq vərdişi yad idi. Xalq bu ənənələrə sadiq idi. Deməli, pəhləvilərin hakimiyyətə gəlişi ilə yeni keyfiyyət kəsb edən milli münasibətlər azərbaycanlıların milli özünüdərk prosesinin dərinləşməsinə səbəb olmuş və eyni zamanda da Azərbaycan dilinin funksiyalarının genişlənməsi, həm də bu dilin milli yazılı-ədəbi dilə çevrilməsi uğrunda mübarizəyə səbəb olmuşdu.

Cənubi azərbaycanlıların azadlıq hərəkatının milli zəmində meydana gəlib inkişaf etməsində SSRİ-nin, xüsusən də Şimali Azərbaycanın rolu böyük idi. 1941-ci ildə İrana xarici qoşunların daxil olması və mərkəzi hökumətin bölgələrdə nəzarətinin zəifləməsi Sovetlər Birliyinə bu ərazidə öz siyasi təsirini artırmaq üçün şərait yaratdı. Bu siyasi layihənin həyata keçirilməsi üçün İran Azərbaycanında milli-mədəni və siyasi dirçəlişə yardım adı altında Cənubi Azərbaycana M.C.Bağırovun təşəbbüsü ilə xüsusi qrup göndərildi [5, s.44]. Tezliklə “Vətən yolunda”, “Qızıl əsgər” qəzetləri nəşr olunmağa başladı. “Vətən yolunda” qəzetinin Cənubi Azərbaycanın bütün şəhərlərində abunəçiləri və həmçinin, İranın azərbaycanlılar yaşayan başqa yaşayış məntəqələrində oxucuları var idi. “Vətən yolunda” İran qəzetlərinin çoxundan bir neçə dəfə artıq tirajla (təqribən 15 min nüsxə ilə) çıxırdı [14, s.47]. Qəzetin nəzdində təşkil olunmuş “Şairlər məclisi” İran Azərbaycanının 50-dən çox şairini öz ətrafına birləşdirərək, onların yaradıcılığına yaxından kömək edirdi [14, s.47-48].

Cənubi Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetlərin maraqlarına cavab vermirdi. Hətta A.Smirnov “Vətən yolunda” qəzetinin bağlanması haqqında SSRİ Xarici İşlər Komissarlığına müraciət etsə də, M.C.Bağırov qəzetin bağlanmasına etirazını bildirmişdi [5, s.64-65]. Cənubi Azərbaycana göndərilmiş işçi qrupu altı ay fəaliyyət göstərdikdən sonra sovet diplomatik nümayəndələri ilə aralarında ziddiyyətlərin olması səbəbindən Bakıya qayıtdı. Alman-sovet cəbhəsində vəziyyətin tədricən rusların xeyrinə dəyişməsi ilə əlaqədar Moskva Cənubi Azərbaycan məsələsinə 1944-cü ildə yenidən qayıtdı və Sovet Azərbaycanından İrana yeni işçi qrupu göndərdi. İran Azərbaycanında da milli-demokrat çevrələrin fəaliyyəti üçün əlverişli mühit yarandı. Bağlanmış nəşrlərin fəaliyyəti yenidən bərpa edildi. “Şahin”, “Vətən yolu”, “Yumruq” və s. bu kimi dövri nəşrlər çap olunmağa başladı. Bu illərdə dərc edilən “Vətən yolu” (Təbriz), “Qızıl əsgər” (Urmiya), “Azərbaycan”, “Setareye-Azərbaycan”, “Xavər-e no” nəşrlərinin redaksiya heyətləri xalqın milli mənafeyinin təmin edilməsi istiqamətində ideoloji mübarizə aparırdılar. “Şahin” qəzeti azərbaycanlıların ana dilinə hörmət etməyi tələb edir, Tehrana getməyə məcbur olub, paytaxtda ali məktəbə qəbul zamanı ayrı-seçkiliyə məruz qalan azərbaycanlıları bu qayğıdan xilas etmək üçün Azərbaycanda ali məktəbin açılmasını vacib sayırdı [12]. Təbrizdəki Sovet Mədəniyyət Evinin, Sovet-İran Mədəni Rabitə Cəmiyyətinin Təbriz şöbəsinin Azərbaycanda ana dilində demokratik mətbuatın və ədəbiyyatın yaranmasında və inkişafında böyük rolu olmuşdu [14, s.64-67].

Ümumilikdə, 1941-ci ilin oktyabrından 1945-ci ilin sentyabrına qədər Azərbaycanda 4 il müddətində 21 adda qəzet nəşr edilmişdi. Bu dövri nəşrlərdə çap olunan mövzular sovet sosialist ideologiyasının təbliği, yerli əhalinin maarifləndirilməsi istiqamətində idi [8, s.89]. Həmin nəşrlərdə xalq kütlələrinin ictimai şüurunun zənginləşdirilməsi üçün Azərbaycan mədəniyyətini, Azərbaycanın klassik və çağdaş dövrdəki ədəbi simalarını, dil və ədəbiyyat tarixini, ikiyə bölünmüş xalqın faciəsini, hiss və duyğularını əks etdirən məqalələr, həmçinin dünya ədəbiyyatı nümunələrini, maarif və mədəniyyət sahələrini özündə əks etdirən yazılar dərc edilirdi. Bu dövrdəki azərbaycandilli mətbuat milli şüurun dərinləşməsi üçün vacib olan ictimai-siyasi, milli-mədəni məzmunlu hadisələri informasiya dövriyyəsinə daxil etməklə, demək olar ki, bu prosesi sürətləndirdi. Bu kütləvi mətbu vasitələr geniş demokratik qüvvələrin ana dilinin bərabərliyi uğrunda mübarizə əzmini əks etdirərək, intellektual çevrələri bu mübarizədə birləşdirməyə çalışırdı.

Qeyd edək ki, həmin dövrdə hərəkat İrandan ayrılmaq yox, İran daxilində muxtariyyət tələbləri ilə meydana gəlmişdi. Əslində bu hərəkat elə dil məsələsindən doğmuşdu. “Ana dili məsələsi” Azərbaycanın mühüm problemlərindən biri olub fars-Azərbaycan, mərkəz-Azərbaycan münasibətlərinə həmin şəraitdə güclü təsir göstərdiyinə görə ana dilinin hüquqlarının təmin olunması məsələsi ön plana çıxmışdı. Demokratların əqidəsinə görə, həmin məsələnin həlli nəinki milli məsələnin həllini, həm də İran dövlətinin bütövlüyünü təmin edər [1, 03.12.1941]. Sovet qoşunlarının İrana daxil olması və xüsusi qrupun fəaliyyəti İrandan ayrılmaq məsələsinin gündəmə gəlməsində mühüm rol oynadı. Mircəfər Bağırov Stalinə məktubunda yazırdı: “Cənubi Azərbaycanın əhalisi, xüsusilə də kəndliləri arasında ruhanilərin güclü təsirini nəzərə alaraq, bizim tərəfimizdən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu yaxınlarda Bakı şəhərində keçirilmiş Zaqafqaziya ruhaniləri və mömin müsəlmanlarının qurultayında qəbul olunmuş bütün müsəlmanlara antifaşist müraciəti tərəfimizdən İrana göndərilmiş və əhali arasında Azərbaycan və fars dillərində 5000 nüsxədə yayılmışdır. İran ruhaniləri və əhalisi bu müraciəti böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Bundan başqa, Şeyxülislam Əlizadənin başçılığı ilə Zaqafqaziya müsəlmanlarının yeni seçilmiş dini idarəsi bizim təsirimizin daha da gücləndirilməsi məqsədi ilə Cənubi Azərbaycanın din xadimləri ilə şəxsi əlaqələr qurur [9, s.30]. Qafqaz bölgəsi dini nümayəndəsi Şeyxülislam Axund ağa Əlizadənin 1945-ci ilin may ayında İrana gerçəkləşdirdiyi ziyarət zamanı bir çox məscidlərdə türkcə dini çıxışlar etməsi İran türklərinin dil şüurunun meydana gəlməsində çox önəmli rol oynamışdır [16, s.81]. Sonel Bosnalı göstərir ki, məhz bu təsirlərin nəticəsində bəhs edilən dövrdə “müstəqil Azərbaycan Respublikası” tələbləri dilə gətirilməyə başlandı. İlk dəfə 1944-cü ildə kommunistlərin təşkil etdiyi nümayişdə açıq şəkildə “Azərbaycan milləti”, onun muxtariyyət haqqı və özünəxas dilindən bəhs edilmişdir [16, s.82]. Lakin Azərbaycanın ayrılması uğrunda aparılan  təbliğatda demək olar ki,  türkçülük ideyaları ortaya atılmadı. Zənnimizcə, bunun səbəbi Şimaldan gələn təsir də ola bilərdi. Belə ki, Şimali Azərbaycanda 1936-cı ildə dilin adı (“Türk dili”) “Azərbaycan dili” ilə əvəzlənmişdi. Sovet siyasi-ideoloji xətti türkçülüyü pantürkizm kimi qiymətləndirmiş və qadağan etmişdi.

Beləliklə, Rza şah diktaturasının həyata keçirdiyi assimilyasiya siyasətinin nəticəsi və xarici amillərin (ingilis və rus qoşunlarının daxil olması, rusların öz torpaqlarını genişləndirmək məqsədi ilə “Bütöv Azərbaycan” ideyasını gerçəkləşdirmək üçün Cənubi Azərbaycanda fəaliyyətləri)  təsiri altında ana dilinə meylin artmasının, milli hisslərin dərinləşməsi nəticəsində Cənubi Azərbaycanda yeni hərəkat formalaşdı.

  1. 1945-1946-cı illərdə mövcud olmuş Milli Hökumətin ana dili siyasəti

Artıq bir neçə ildir ki, davam edən ictimai-siyasi proseslər 1945-ci ilin yayında milli bir təşkilatın yaranması üçün əlverişli şərait yaratmışdı. S.C.Pişəvəri ilə Ə.Şəbüstəri arasında gedən danışıq və yazışmalar nəticəsində Pişəvəri “Ajir” qəzetini nəşr edib, Tehrandan Təbrizə gəldi. 1945-ci il sentyabr ayının 3-də Təbrizdə 77 nəfərdən ibarət bir qrup tərəfindən Azərbaycanda müstəqil siyasi partiyanın – Azərbaycan Demokrat Partiyasının yarandığını, onun məqsəd və vəzifələrini elan edən müraciətnamə yayıldı. Əsas vəzifələrdən biri kimi Azərbaycan xalqına daxili azadlıq və muxtariyyət verilməsi, məktəblərdə dərslərin Azərbaycan və fars dillərində aparılması tələbi irəli sürüldü. Azərbaycan bölgəsindəki bütün şəhərlərin divarlarına partiyanın qurulması haqqında Azərbaycan dilində yazılmış elanlar asılmışdı. Elanların birində belə yazılırdı: “Tarixdə müstəqillik müdafiəçisi olaraq tanınan Azərbaycan artıq Tehran hökumətinin təzyiqi və zülmü altında qala bilməz. Azərbaycan xalqının özəl bir ana dili vardır, məktəblərdə və idarələrdə bu dili işlətmək lazımdır. Azərbaycanı sənayeləşdirmək lazımdır və vətənimizin zənginlikləri ona aid olmalıdır” [4, s.304].  ADP öz fəaliyyətinin ilk günlərindən etibarən Azərbaycan dilinin təkmilləşdirilməsi və inkişafına xüsusi diqqət yetirməyə başladı. 1945-ci il sentyabrın 5-də ADP-nin mətbu orqanı olan “Azərbaycan” qəzetinin birinci sayı iki səhifə ilə iki dildə – fars və Azərbaycan dillərində nəşr olundu. Şüarı “Vahid millət və vahid xalqı ilə Azərbaycan bölünməz və bütövdür!” olan qəzetin 5 sentyabr tarixli sayında Pişəvəri dil məsələsinə toxunaraq yazırdı: “Müstəqil yaratdığımız ədəbiyyatımız, qəzet və kitablarımız sayəsində xalqımızın rifahını yaxşılaşdırmalıyıq. Düşmənlərimizin əsassız söylədiklərinin və yalanlarının əksinə dilimiz çox zəngindir. Dilimizin mənşəyi xalqımızın damarları və qəlbindədir. Bu dil analarımızın südü və ölkəmizin havası ilə bizim içimizə işləmişdir. Ona iftira atanlar, köksüz və qanunsuz bir ləhcə olduğunu irəli sürənlər həqiqi düşmənlərimizdir” [1, 5.091945].

Azərbaycan Milli Konqresinin 20 noyabr 1945-ci il tarixli yığıncağında Pişəvəri təhsil və kənd təsərrüfatı sahələrində islahatların aparılacağını bildirmiş və məktəblərdə Azərbaycan dilində təhsilin dərhal başlamasını elan etmişdi. Bu iclasda İran Məclisinin Sədrinə və Baş nazirə müraciət məktubu tərtib olunmuşdu. Məktubda qeyd edilirdi ki, azərbaycanlılar dil və adət-ənənəyə malik olan millətdir. Milli muxtariyyət İranın birliyinə və bütövlüyünə qarşı yönəlməmişdir. Dünyanın həyata qabil olan hər bir milləti kimi Azərbaycan millətinin də milli hökumət yaratmaq hüququ var və o, Azərbaycanı demokratik əsaslarla idarə etmək qabiliyyətinə malikdir. Yuxarıda qeyd olunan ali rütbəli rəsmi şəxslərə bildirilirdi ki, Azərbaycan xalqı Milli Məclisə seçkilər keçirmək və Milli Hökumət təşkil etmək əzmindədir. Məktubda dil siyasəti ilə bağlı qeyd edilirdi ki, Xalq Konqresi Milli Komitəyə Azərbaycan dilini bütün “dövlət idarələrində işlətməyi” tapşırmışdır [1, 27.11.1945]. Milli Komitə Milli Məclisə seçkilər keçirməyə başlayaraq həmin kampaniyanı 1945-ci il noyabrın 27-dən  dekabrın 1-dək olan vaxt ərzində başa çatdırdı. Dekabrın 12-də Milli Məclisin ilk iclasında Azərbaycan Milli Hökuməti (AMH) təşkil edildi. S.C.Pişəvəri hökumətin başçısı təyin olundu. Azərbaycan millətinin əsas ünsürü olan Azərbaycan dili bu ildən etibarən yeni mərhələyə qədəm qoydu. Azərbaycan Milli Hökumətinin 16 dey 1324-cü il (6 yanvar 1946) tarixli iclasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu [10, s.217]. On maddədən ibarət bu qərara görə, Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olunurdu. Bütün dövlət orqanları və idarələrində yazışmalar, məktəblərdə tədris, nəşriyyat işləri türk dilində aparılmalı idi. Azərbaycanlı olmayanlara türk dilini öyrənib və əməli fəaliyyətdə ondan istifadə etmək üçün şərait yaradılır və dövlət dilini öyrənmək üçün möhlət qoyulurdu. Cənubi Azərbaycanda olan azlıqlara öz dillərindən tədrisdə və digər sahələrdə sərbəst istifadə etmək hüququ verilir. Bununla birlikdə dövlət dilinin öyrənilməsi vətəndaşlıq borcu kimi onlara həvalə edilirdi. Milli Hökumət Azərbaycan dilini rəsmi dövlət dili elan edərək onun bütün sahələrdə fəaliyyət göstərməsini təmin etdi və ana dili məsələsini tam miqyasda həll etdi. Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların ancaq bu dildə aparılması dövlətin rəsmi göstərişi ilə Maarif Nazirliyinin 1№-li əmri ilə (yanvar 1946-cı il) həyata keçirilmişdi [10, s.133]. S.C.Pişəvəri ana dilinin məktəb və tədris müəssisələrində işlədilməsinə, bu sahədə mövcud çətinliklərin tez aradan qaldırılmasına xüsusi diqqət ayırmışdı. Bu cəhətdən S.C.Pişəvərinin Maarif Nazirliynə ünvanladığı 1324-cü il 28 Azər tarixli 28/465 №-li sərəncamında aşağıdakılar qeyd olunur:

–    bütün milli və dövlət məktəblərində təlim və tərbiyənin Azərbaycan dilində aparılması üçün hazırlıq işləri görülsün;

–    Maarif  Nazirliyinin tərkibində “dərs kitabları hazırlayan şöbə” yaradılsın;

–    alimlər, təcrübəli müəllim və məktəb müdirləri hazırlıq işinə cəlb edilsin;

–    Azərbaycan dilində çap olunacaq dərsliklər Nəzarət Komissiyasının rəhbərliyi ilə hazırlansın və bu haqda Maarif Nazirliyi məlumatlandırılsın;

–    əlifbadan əlavə ədəbiyyat, tarix, hesab, fizika, coğrafiya və s. fənlər üzrə kitablar hazırlanıb çapa verilsin;

–    dərsliklər hazırlayan şöbənin reyasət həyətinə təcrübəli, məlumatlı və savadlı şəxslər cəlb edilsin;

–    dərsliklər hazırlayan şöbə 5 gün ərzində xərclənəcək pul və vəsaitin miqdarını müəyyənləşdirsin;

–    dərslikləri hazırlayan şöbə bir aydan gec olmayaraq 1-4 sinflər üçün Azərbaycan dilində dərsliklər hazırlayıb çap etdirsin;

–    bütün milli və dövlət məktəb rəhbərlərinə göstəriş verilsin ki, Azərbaycan  dilində dərsliklər hazırlanana qədər mövcud dərsliklərdən istifadə etməklə tədrisi ana dilində aparsınlar (10, s.134).

Bu sərəncamın həyata keçirilməsi üçün xüsusi komissiya yaradılmışdı. Belə bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, uzun illər tədrisi ana dilində aparmaq imkanından məhrum edilmiş azərbaycanlı müəllimlərin çoxu milli dildə kitabların nəşrini gözləmədən Maarif Nazirliyinin razılığı ilə mövcud fars dilindəki dərsliklər əsasında dərsləri türkcə tədris etməyə başlamışdılar [11, s.94]. Həmin dövrdə 7 cilddən ibarət “Ana dili” adlı metodik dərs vəsaiti hazırlandı. Sonrakı dövrlərdə gizli şəkildə olsa da bu vəsaitdən Azərbaycan dilini öyrənmək üçün istifadə edilirdi [16, s.65].

Azərbaycan Milli Hökuməti xalqın formalaşması üçün vacib məsələlərdən biri olan elm və təhsilin inkişafı üçün savadsızlıqla mübarizə şüarı altında xüsusi siniflər təşkil etmişdi. Məktəblərin sayı artırılmışdı. Həmin dövrə aid hesablamalarda Azərbaycanda bir il ərzində 400-ə yaxın məktəbin inşa olunduğu və əsaslı təmir edildiyi göstərilir. “1325-ci ilin son üç ayı üçün Azərbaycan maarifinə ayrılmış vəsait İran dövlətinin bütün ölkə maarifi üçün ayırdığı illik büdcədən iki dəfə çox idi” [10, s.94]. Kimsəsiz uşaqları himayə məqsədilə dövlət büdcəsindən o zamankı pul vahidi ilə 500 min tümən vəsait ayrılmışdı. Həmin vəsait hesabına Azərbaycanın yeddi iri bölgəsində, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Marağa, Zəngan, Xoy və Əhər şəhərlərində uşaq tərbiyə evləri təşkil olunmuşdu [10, s.95; 13].

1946-cı il yanvarın 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkil olunması haqqında qərar qəbul etdi. 1946-cı ilin iyununda Təbrizdə ilk milli universitet açıldı. İlk vaxtlar universitetdə üç fakültə fəaliyyət göstərirdi: tibb, kənd təsərrüfatı və pedaqoji. Pedaqoji fakültədə tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, fizika, riyaziyyat və biologiya ixtisasları tədris olunurdu [10, s.97]. Riçard Kottom qeyd edir ki, universitetdə mühazirələr türk dilində aparılırdı, tələbələr isə öz dillərində yazmaq vərdişinə malik olmadığından mühazirəni fars dilinə çevirirdilər [19, s.131].

Bu dövrdə ədəbi sahədə də böyük işlər görüldü. M.Biriya, M.M.Cavuşi, A.M.Gülgün, M.Derəfşi, H.Səhhaf, Y.Şeyda, M.Niknam öz əsərlərində millətin mövcudluğu üçün dilin rolunu göstərməyə çalışır, xalqı ana dilinə daha fəal surətdə yiyələnməyə çağırırdılar. 1941-1946-cı illərdə Cənubi Azərbaycandakı ədəbi prosesin canlanmasında və istiqamətlənməsində sovet ordusu sıralarında Cənubi Azərbaycana getmiş ədəbi simalar mühüm rol oynamışdı. 1946-cı ilin yanvarında “Azərbaycan şairlər məclisi” adlı yazarlar birliyinin yaradılması oradakı milli ədəbi prosesdə mühüm hadisəyə çevrilmişdi. “Şairlər məclisi” adlı topluda yazıçı və şairlərin ana dilində ədəbi nümunələri işıq üzü görmüşdü. Birliyin Ərdəbil, Urmiya, Zəncan, Sərab, Mərənd, Səlmas, Marağa və s. şəhərlərində filialları fəaliyyət göstərirdi. Azərbaycanda yaradılan yeni mədəniyyət ocaqlarından bəhs edən “Demokrat” məcmuəsi yazırdı ki, indi Azərbaycanın şəhər və kəndlərində hər gün minlərlə yeni mədəni-maarif ocaqları yaranmaqdadır [2, s.54]. Milli Hökumət tərəfindən maddi və mənəvi cəhətdən dəstəklənən teatr truppaları 1946-cı ildə Azərbaycanın bütün şəhərlərində fəaliyyət göstərməyə başlamışdı. Azərbaycan dillində qurulan teatr tamaşalarının əsas mövzusu milli vətənpərvərlik, maarifləndirmə, cəhalət və xürafatdan uzaqlaşmaq, əxlaq və mədəniyyət, qadın problemi və s. idi. 1946-cı ilin martın 28-də Təbrizdə Azərbaycan Dövlət Dram Teatrının açılışı Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə olmuşdu. Azərbaycan teatrı Milli Hökumətin mədəni-maarif proqramının icrasında fəal iştirak etdi.

İlk dəfə irqçi ideologiyaya cavab olaraq azərbaycanlı ziyalılar tərəfindən tarixi keçmiş haqqında milli konsepsiyanın yaradılmasına cəhd edilmişdi. F.İbrahimi 1946-cı ildə Azərbaycanın qədim tarixi haqqında yazdığı kitabda azərbaycanlıları onların mədəni cəhətdən farslardan üstün olması ruhunda tərbiyə etməyə, xalqına qədim azərbaycanlıların müstəqilliyi, özünəməxsusluğu və avtoxtonluğu ideyasını təlqin etməyə çalışırdı. Müəllif yazırdı: “Vətənimizin adı Azərbaycan, millətimizin adı da azəridir. Azərbaycan milləti müstəqil bir dilə və tarixə malik olubdur” [6, s.43,58].

Azərbaycanda yaşayan erməni, asori və kürdlərin də öz ana dillərində qəzet və jurnallar nəşr etmələrinə lazımi şərait yaradılmışdı.1941-1946-cı illər arasında Cənubi Azərbaycanda çap olunan qəzet və jurnalların sayı 40-dan çox idi [8, s.89]. Bu dövrün mətbuatı Cənubi Azərbaycanda son dərəcə mürəkkəb və ziddiyyətli, ictimai-siyasi hadisələrlə zəngin tarixi tam dolğunluqla özündə əks etdirmiş və milli-ideoloji mərkəz rolunu oynamışdı. Millətin formalaşması və inkişafı üçün əsas ideoloji vasitələr olan anadilli mətbuat qısa müddət ərzində kütləvi şəkildə meydana çıxmış və demək olar ki, azərbaycanlıların milli şüurunun dərinləşməsinə səbəb olmuşdu. Milli şüurun yüksəlişində  əsas təbliğat vasitələrindən biri olan mətbuat xalqın üstünlüyünü, milli-mədəni keyfiyyətlərini, tarixi keçmişi ilə bağlı həqiqətləri səhifələrində dərc etməklə maarifləndirmə işində böyük rol oynadı. Qeyd edək ki, məşrutə dövründə də ziyalılar belə bir cəhd etmiş, ancaq həyata keçirə bilməmişdilər.

  1. Milli Hökumətin süqutu və hərəkatın nəticəsi

İran, o cümlədən Pəhləvi siyasətinə xidmət edən Azərbaycan irticaçı, antidemokratik hakim qüvvələri xarici dövlətlərin yardımı ilə və silah gücünə 1946-cı ilin sonunda azərbaycanlıların milli-azadlıq, demokratik hərəkatını yatırdılar. Lakin qeyd etmək lazımdır ki, Azərbaycandakı hərəkatın müqəddəratı həll olunmazdan əvvəl S.C.Pişəvəri milli məsələnin, əsasən, Azərbaycan dili probleminin həll edilməsi üçün ən son çıxış yolu kimi 13 iyun sazişinin imzalanmasına getmişdi. Pişəvəri və mərkəzi hökumətin təmsilçisi Müzəffər Firuz arasında keçirilən görüşlər nəticəsində iyunun 13-də saziş imzalanmışdı [10, s.154]. Pişəvəri hökuməti 15 maddəlik bu sazişlə dil sahəsindəki tələblərindən bəzilərini 12-ci və 13-cü maddələrdə təsbit etdirə bilmişdi. 12-ci maddədə bölgənin rəsmi dili olaraq fars və Azərbaycan dilləri qəbul edilmiş, ibtidai və orta məktəblərdə iki dilin tədris olunması nəzərdə tutulmuşdu.  Yerli hökumət, 13-cü maddənin tələbinə görə, Azərbaycanda yaşayan kürd, erməni və asurların beşinci sinfin sonuna qədər öz ana dillərində təhsilinə imkan yaradılmasını təmin etməli idi. Solçuların dəstəklədiyi, mərkəz sağ və milliyyətçilərin isə tənqid etdiyi bu saziş yalnız mərkəzi hökumət ordusunun Təbrizə girib demokratik hərəkatın varlığına son qoyduğu dövrədək (13 dekabr) qüvvədə qaldı. Bu sazişi Milli Hökumət üçün müəyyən qədər uğur  hesab etmək olar. Hərəkatın iştirakçısı İsmayıl Şəms hesab edirdi ki, S.C.Pişəvərinin ən böyük bacarığı onun mərkəzi hökumətlə imzaladığı bu anlaşma idi. Birincisi, məktəblərdə Azərbaycan dilində təhsil verilməsi, ikincisi, Azərbaycanda şəhərlərin və kəndlərin idarəsinin yerli əncümənlərə verilməsi baxımından önəmli idi [17, s.143]. G.Lenczovski də bu anlaşmaya böyük qiymət verərək qeyd edirdi ki, Pişəvərinin bütün istəkləri gerçəkləşmişdi. Tehranın əyalət üzərində avtoriteti sadəcə nominal olub, demək olar ki, bütün səlahiyyətlərin Azərbaycan rejiminə keçdiyi açıq görünür [23, s.302].

Həm iranlı sol, həm də xarici mətbuat qeyd olunan dövrdə mühakiməsiz qətl və həbslərin çox olduğunu qeyd edirlər. Bu hadisələrlə bağlı V.O.Duqlas öz kitabında “yerli xalqın məruz qaldığı heyvanların oğurlanması, evlərin talanması, kəndlilərin saqqallarının yandırılması, qız və qadınlara təcavüz” olunması haqqında məlumat verir [22]. Hətta məktəblərdə şagirdlərə təzyiqlər edilirdi. Rza Bərahani yazır ki, 1946-cı ildə Milli Hökumət dağılandan sonra türk dilinə qadağa qoyularkən o, məktəbdə divar qəzetini türkcə çıxardığına görə qəzeti ona yalatdırmışdılar [3, s.19].

Daxili irtica və onların xarici himayədarlarının strateji məqsədlərini anlayan S.C.Pişəvəri bilirdi ki, böyük dövlətlərin dəstəyi olmasa, bu azadlığın ömrü uzun ola bilməz. 1945-ci ilin dekabrın 29-da ABŞ-ın Təbrizdəki konsulu Robert Rosso ilə söhbətdə Pişəvəri bu məqama toxunmuş və bildirmişdi ki, “Azərbaycan xalqı öz qanuni tələblərinə həqiqi təminat istəyir ki, bu da bütün demokratik dövlətlərin, o cümlədən Amerika hökumətinin yardımından və müdafiəsindən ibarət ola bilər” [10, s.135].

Bəzi Qərb müəllifləri Milli Hökumətin qurulması üçün lazımi milli mübarizənin mövcud olmadığını, bunun  yalnız xarici müdaxilə nəticəsində mümkün olduğunu yazırlar [19, s.130-131; 20, s.324-329]. Lakin rus müəllifləri tam əksinə, qeyd edirlər ki, muxtar respublika bir yandan milli şüurun yüksək səviyyəsini, digər tərəfdən isə əsas milli məsələlərin demokratik rejim şəraitində həll edilməsinin mümkünlüyünü nümayiş etdirmişdir [18, s.112; s.89]. Eyni zamanda, S.E.Kornellin dediyi kimi, sovetlərin İrana qarşı işğalçı və aqressiv siyasəti Milli Hökumətin  yaranması üçün əhəmiyyətli olsa da, İran daxilində çox güclü Azərbaycan milli  hərəkatı yetişmədən belə bir qurumun yaradılması mümkünsüzdür [21, s.310].

Nəticə

1945-1946-cı illər Cənubi Azərbaycan milli azadlıq hərəkatı İranda təzyiq şəraitində cənubi azərbaycanlıların təfəkküründə milli inkişafının getdiyini və  milli formalaşmanın əsas tərəfi olan etnik kimliyin saxlanılması dərəcəsini nümayiş etdirdi.

Milli Hökumətin yaranması və süqutu, onun ardınca Azərbaycan dilinə qarşı təzyiq və qadağaların sərtləşdirilməsi onu göstərdi ki, ana dilinin hüquqları orta və aşağı təbəqələrin maraqları ilə sıx bağlıdır, azərbaycanlı yuxarı təbəqələrin (yarımfeodalların, ali ruhanilərin, azsaylı sahibkarların) və onların maraqlarını təmsil edən siyasi nümayəndələrin və ziyalıların maraq dairəsindən kənardadır. Milli maraqların və qeyri-fars dillərinin hüquqlarının təmin olunması demokratik şəraitdə mümkündür.

Milli Hökumətin fəaliyyəti, həmçinin, Azərbaycan dilinin əsl müdafiəçilərinin sol qüvvələr olduğunu göstərdi və bununla da dil məsələsinin siyasi fəaliyyət və mübarizənin əsas obyektlərindən birini təşkil etdiyini təsdiq etdi.

Milli Hökumətin fəaliyyəti zamanı Azərbaycan dilinin funksiyalarının genişləndirilməsi, rəsmi dil kimi fəaliyyət sahəsinin yüksək dərəcədə təşkili sonrakı mərhələ üçün bir təcrübə, stimul, zəmin yaratdı və azərbaycanlıları öz dillərində yazıb-oxumağın mümkünlüyünə və üstünlüyünə inandırdı. Bu da onların milli şüurunun dərinləşməsinə ciddi bir təkan oldu. Eyni zamanda, Azərbaycan dilinin assimilyasiya olunmasını müəyyən qədər ləngitdi.

Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasında milli dil səviyyəsində fəaliyyət göstərdiyindən İranda bu dil sol, radikal, bolşevik ideyaların ötürücüsü hesab olunurdu. İranın Sovet İttifaqı və onun tərkib hissəsi olan Azərbaycan Sovet Sosialist Respublikası ilə qonşuluqda yerləşməsi İranda və Cənubi Azərbaycanın yuxarı dairələrində Azərbaycan dilinə eyni neqativ münasibət yaranmasının əsasını təşkil edirdi. Milli Hökumətin təşkili və fəaliyyəti Azərbaycan dili məsələsi ilə ictimai-siyasi məsələlərin Sovet İttifaqı və Şimali Azərbaycanla bağlılığını əyani şəkildə nümayiş etdirmişdi.

Bu hərəkat Azərbaycan məsələsinin həlli yollarından birini təcrübədən keçirməklə qazandığı tarixi dərsləri ilə rus imperialist dairələrinin azərbaycanlılara qarşı xəyanətkar rolunu bir daha sübut etdi. Bu da Azərbaycan milli ideologiyasının formalaşmasına, milli azadlıq hərəkatının sonrakı inkişafına təsir göstərmişdir. Hazırda İrandakı azərbaycanlı milli fəallar artıq bu hərəkatı nümunə kimi qəbul etmir, “Cənubi Azərbaycan İran deyil!” şüarı altında mübarizə aparırlar.

İstifadə edilmiş ədəbiyyat:

  1. “Azərbaycan” qəzeti (Təbriz). – 1941, 1942, 1945.
  2. Abdullayev M.R. (Vilayi). İran Azərbaycanında milli–azadlıq hərəkatında mətbuatın rolu (1941-1946). − Bakı, 1973, -195 s. (namizədlik dissertasiyası.)
  3. Bərəhani R. Pişəvəri böyük bir nümunədir // “Bakı-Təbriz” jurnalı, №3, 2006, s.15-22.
  4. Həsənli C. Moskvanın qərarları və Güney Azərbaycan // “Türk dünyası araşdırmaları” jurnalı, №121, avqust 1999.
  5. Həsənli C. Güney Azərbaycan Tehran-Bakı-Moskva arasında (1939-1945). Bakı: “Diplomat”, 1998, 324 s.
  6. İbrahimi F. Azərbaycanın qədim tarixindən. Təbriz, 1946, 59 s.
  7. Kəskin A. Güney Azərbaycanda milli hərəkatın tarixi təməlləri // “Bakı-Təbriz” jurnalı, №3, mart, 2006, s.34-39.
  8. Məmmədli P. Cənubi Azərbaycan mətbuatı tarixi. – Bakı: “Elm”, 2009, 200 s.
  9. Məmmədov A. Mircəfər Bağırov və Cənubi Azərbaycan. F№1, siy, №90, iş №71 ÜİK (b)PMK İ.V.Stalin yoldaşa Cənubi Azərbaycanda vəziyyətlə bağlı bəzi məsələlər”) // “Bakı-Təbriz” jurnalı, №4, 2006, s.30.
  10. Rəhimli Ə. (Bije). Mübarizə burulğanında keçən ömür: Seyid Cəfər Pişəvəri. Bakı: “Nurlar”, 2009, 400 s.
  11. Rəhimli Ə. (Bije). Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946). Bakı: “Meqa”, -208 s.
  12. “Şahin” qəzeti. 27.01.1941; 23.12.1941; 28.12.1941; 31.12.1941; 04.01.1942; 27.01.1942;  23.02.1942.
  13. “Urmiya” qəzeti. №1, 23.01.1946.
  14. Vəkilov C.M. Azərbaycan Respublikası və İran (40-cı illər). – Bakı: “Elm”, 1991, 136 s.
  15. “Vətən yolunda” qəzeti. 1941-1942
  16. Bosnalı S. İran Azerbaycan Türkcesi. − İstanbul: “Kitap Matbaası”, 2007, 227 s.
  17. Yenisey G. İranda etnosiyasi hərəkatlar (1922-2004). – Bakı: “Qanun”, 2009, 248 s.
  18. Иванов М.С. Иран. Национальные процессы в странах Ближнего и среднего востока. − Москва, 1970, с.86-124.
  19. Cottom R. Nationalism in Iran. – Pittsburg: 1967.
  20. Douald N.Vilber. The Middle East and North Africa . London: 1976.
  21. Cornell E.S. Small Nations and Great Powers // A stady of ethnopolitical conflict in the Caucasus // https://is.muni.cz/el/1423/podzim2012/MVZ208/um/35586974/Small_Nations_and_Great_Powers__A_Study_of_Ethnopolitical_Conflict_in_the_Caucasus__.pdf. Svante E.Cornell.
  22. Douglas W.O. Strange Lands and Friendly People. London: Harper and Brothers, 1951,327 p.
  23. Lenczowski G. Russia and the West in Iran (1918-1948). New York: Greenwood Press, 1968, -383 p.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …

Bir cavab yazın