Cümə axşamı , Aprel 18 2024
azfa

Sovetə qarşı Quzey Azərbaycanda Molla Mustafa Şeyxzadə üsyanı

GADTB: Deyirlər, “azadlıq verilmir, alınır”. Zaman-zaman azadlığımızı əlimizdən alanlara qarşı savaşanlar öz canları, qanları bahasına onu qazanmağa çalışıblar. Bunlardan biri də Molla Mustafa Şeyxzadədir.

Stalinin amansız rejiminin qurbanlarından olan Şeyxzadənin qız nəvəsi Mahir Qədimli 1930-cu il Şəki üsyanı və babası haqqında Sputnik Azərbaycan-a danışıb: “Babam Molla Mustafa 1906-cı ildə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində, ruhani ailəsində anadan olub. O illərdə məhv edilən insanların, demək olar ki, hamısı vətənpərvər, öz xalqını, dövlətini sevən şəxslər idi. 1930-cu il Şəki üsyanının başında savadlı, iti zəkaya və poetik ilhama malik olan Molla Mustafa Şeyxzadə dururdu. Onun babası Şeyx Əhməd saflığı, dini dəyərlərə sonsuz məhəbbəti, hörmət və ehtiramı ilə el-obanın gözündə övliya səviyyəsinə yüksəlmişdi”.

Mustafa Şeyxzadə 1920-1924-cü illərdən başlayaraq, o vaxtkı Sovet hakimiyyətinə qarşı gizli təbliğat aparıb. Azərbaycan Demokratik Respublikasını (ADR) 1920-ci ildə rus qoşunları devirdikdən sonra, mübarizəyə başlayıb, o vaxtkı Stalin rejimini devirməyə çalışıb. Həmin dövrün diktatorlarının xalqa verdiyi zülmlər, kolxozlaşma, torpaqların əhalinin əllərindən alınması və digər haqsızlıqlara qarşı öz münasibətini göstərərək, xalqı ayağa qaldırıb.

İnqilabçının nəvəsi 30-cu il üsyanının başlama səbəbinə də aydınlıq gətirib: “Babam Molla Mustafa 1930-cu ildə Baş Göynük kəndində yaxın silahdaşları ilə birgə evdə məsləhət-məşvərət apararkən xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb, onlara qarşı silahlı basqın olub. Babama oturduğu yerdə o dövrkü “NKVD”nin  işçiləri tərəfindən atəş açılıb, güllə əlindəki çay stəkanına dəyib. Bu hadisə Nuxada 1930-cu il üsyanının bir neçə gün tez başlamasına rəvac verib”.

Üsyana başçılıq edən Şeyxzadə həmin vaxt Nuxanın bir qrup dövlət və hakimiyyət orqanlarını – o dövrkü həbsxananı, poçt-rabitə idarəsini, çörək zavodunu və digər idarə və müəssisələri – ələ keçirib. Həmin müddətdə 13-17 gün hakimiyyəti öz əllərində saxlayıblar.

Mahir bəyin sözlərinə görə, Şeyxzadə və onun silahdaşları həbsxananın qapısını açaraq dustaqları azad edib, çörək zavodunu özləri işlədib, poçt-rabitə və digər idarələrdə öz hakimiyyətlərini qurublar: “Nuxada hakimiyyətdə olduqları zaman çörək zavodu “Mator aralığı” deyilən məhəllədə olub. Aralığının qarşısında, Qurcana çayının sağ tərəfində, köhnə mətbəə yerləşən yerdə keçmiş binaların dam örtüyündəki kirəmitləri bir neçə yerdən qaldıraraq, həmin çörək zavoduna çoxsaylı silah tuşlayıblar. Bundan xəbər tutan babam, yaxın sirdaşı, arıçı Yaqubla birlikdə dövlət orqanı işçilərinə öz qəti göstərişini verib ki, oradan silahlarını yığışdırsınlar”.

Şəkidən sonra Qarabağda, Gəncədə və digər rayonlarda da əhali ayağa qalxıb. Üsyanın pərakəndə başlamasından istifadə edən rus qoşunları Nuxaya gəlib, şəhərin cənubundan – Qışlaq adlanan ərazidən ora daxil olublar. Rus qoşunu güclü olduğundan, əhali arasında çox qırğın olmasın deyə, 13-17 gün əldə saxladıqları hakimiyyəti məcbur əldən verərək, dağlara çəkilməyə məcbur olublar.

“Nuxa rayon Aşağı Şabalıd kənd sakini Ədil əmi danışardı ki, babamın üsyana başladığı vaxt Nuxanın Aşağı Qışlaq adlanan yerinə Türkiyədən köməyə gəlmiş insanların içərisində Nuru Paşa və Ənvər Paşa da olub. Rus qoşununun çox güclü olması babamın dağlara çəkildikdən sonra bir müddət inqilabçıları çöllükdə, meşələrdə, dağlarda yaşamağa məcbur edib. Babam molla Mustafa bir neçə il dağlarda, meşələrdə yaşayıb. Yerli sakinlər inqilabçıları gizli olaraq yeməklə təmin ediblər”.

“Babam molla Mustafa bir müddət dağlarda yaşayandan sonra Baş Göynük, Baş Şabalıd və digər qonşu kənd sakinləri, öz yaxın sirdaşları ilə birgə Baş Göynük kəndinin dağlarındakı son yığıncaqda – Danavec adlanan yaylaqda vida görüşü keçirib. Kəndlilərdən, silahdaşlarından Sovet hakimiyyətinin tələblərinə əməl etmələrini, silah-sursat və digər gizlətdikləri əşyaları təhvil vermələrini xahiş edib. “Biz artıq bu gündən sizdən ayrılırıq. Bizimki bura kimi idi, hər şey artıq bitdi” deyərək, ayrılıb” – deyə M.Qədimli əlavə edib.

Bundan sonra Şeyxzadənin daha da çətin, acınacaqlı günləri başlayıb. O, yaxın dost-tanışları yaşayan Zaqatala rayonunun Kəpənəkçi kəndinə üz tutub. Həmin kənddəki yaxın dostları Rizvan və Osmana sığınıb, bir müddət həmin kənddə su dəyirmanında gizli yaşayıb. Gündüzlər çöllərdə, meşələrdə, gecələr isə həmin dəyirmanda yaşayan gənc inqilabçını kənd sakinləri yeməklə təmin ediblər. Müəyyən müddətdən sonra həmin ərazini tərk edən Şeyxzadə gizləndiyi dəyirmanın tirlərinə “Molla Mustafa getdi” yazıb.

Molla Mustafa Kəpənəkçi kəndi ərazisindən gizli meşə və ara yollar vasitəsilə Gürcüstana gedib. Tiflisdə bir müddət başqa adla müəllimlik edən Şeyxzadə başına gələcək müsibətlərdən bixəbər olub. Mahir bəyin dediyinə görə, babası öz həmyerlisinin güdazına gedib: “Həmin dövrlərdə Balakən rayonunda bir nəfər at oğrusu saxlanılıb və həmin şəxs Şeyxzadənin harada olmasından xəbərdar imiş. Oğru canını həbsdən qurtarmaq məqsədilə xüsusi xidmət orqanlarının işçilərinə deyib ki, sizə çox önəmli bir insanın yerini deyə bilərəm. Onlar da, “de, səni tam azad edək” deyiblər. Həmin oğru da deyib ki, “sizə Nuxa üsyanının başçısı Şeyx oğlu molla Mustafanın yerini deyərəm”. Və sonra həmin orqan işçiləri ilə birlikdə Tiflisə gedib, orda Şeytan-bazar adlanan yerdə Cümə Məscidinə gələn zaman babamı insanların içərisində nişan verib”.

Həmyerlisi gənc inqilabçının çevik insan olduğunu və onun üzərində iki ədəd hazır tapança olduğunu deyib. Bunu bilən xüsusi xidmət orqanı işçiləri molla Mustafa olan evi mühasirəyə alıblar. Onlardan bir neçəsi mülki formada həmin evə daxil olub. Yaşadığı evə gələn çağırılmamış qonaqların əsl niyyətindən bixəbər olan Şeyxzadənin süfrə arxasında qəflətən qolundan tutublar. O isə “mərifətiniz, insanlığınız olsun, qabağınızda süfrə, çörək var” deyib.

Nuxa-Balakən arasındakı köhnə ata-baba yolu ilə molla Mustafanı Nuxaya gətiriblər, Xan sarayının ərazisindəki həbsxanaya təhvil veriblər. Bir müddət Nuxa həbsxanasında saxladıqdan sonra, onu Bakıya – Bayıl türməsinə aparıblar. Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovun xüsusi göstərişi ilə Şeyxzadəyə güllələnmə cəzası verilib. Ancaq həmin vaxt Stalinin göstərişi ilə ölüm hökmü ləğv edilib

“Stalin babamı öz yanına çağırıb, “sən, gənc bir oğlan belə bir nəhəng dövləti necə yıxmaq istəyirdin?” deyə soruşur. Babam Stalinə belə cavab verir: “Siz, yoldaş Stalin, 300 il hakimiyyətdə olan Nikolay sülaləsini yıxıb məhv etmisiz. Mən də sizin qurduğunuz hakimiyyəti yıxıb, özüm istədiyim xalqıma, millətimə, torpağıma sadiq bir dövlət qurmağa çalışırdım. Sizin hakimiyyətiniz baş tutdu, ancaq mənimki alınmadı”. Babam üsyana başlayanda 24 yaşı olub” – deyə həmsöhbətimiz bildirib.

Molla Mustafa həbs olunduqdan sonra onun ailəsinə və nəslinə qarşı çox güclü, amansız repressiya başlayıb. Nuxa şəhərinin yuxarı hissəsinə Xan məscidi yerləşən yerin yaxınlığında və Baş Göynük kəndində Qaraqamış-Dəvəyatan yolunun üstündə, o dövrdə 4 illik “şkol” adlanan məktəbin yaxınlığında quyu qazılıb. Başqa günahsız insanlarla birlikdə Molla Mustafanın qohumları və ailə üzvləri də güllələnib. Həmçinin anası Əminəxatun xanım, əmisi Sadəddin, bacısı Xədicə, həyat yoldaşı Ana qucağında oğlu ilə birlikdə öz mülklərindən, yurdlarından çıxarılaraq, sürgün olunub.

Ailəsini, övladını, öz həyatını xalqın azadlığı üçün qurban verən Şeyxzadənin bir arzu olub: 1918-1920-ci illərdə Məmməd Əmin Rəsulzadənin əldə etdiyi Azərbaycanın müstəqilliyini davam etdirmək. Hər bir azərbaycanlı kimi Şeyxzadə də Rəsulzadəyə sonsuz sevgi bəsləyib. Onun adını və yolunu əziz tutub, öz övladlarının adını Məmməd Əmin qoyub. Birinci oğlu Məmməd Əmin hələ Baş Şabalıdda olarkən vəfat edib. İkinci oğlu olduqda yenə adını Məmməd Əmin qoyub. Sürgünlük həyatındakı çox ağır dözülməz şərait və zülmlər ikinci körpənin də məhvinə səbəb olub.

Gənc inqilabçının nəvəsi bildirib ki, Şeyxzadənin xanımı bir müddətdən sonra sürgündən geri qayıdıb: “Nənəm 20 yaşından həyat yoldaşı Mustafadan ayrı düşüb. Çox gənc olan nənəm 20 yaşından 83 yaşına, yəni ölən günə kimi babamın həsrətini çəkib, yolunu gözləyib”.

1972-ci ildən bu günə kimi Şeyxzadə Mustafanın yurdunda, yəni yaşayan Qədimli babasının adını tarixdən silinməsindən narahatdır: “Bu günə kimi babamın millət, xalq yolunda öz həyatını, ömrünü, ailəsini qurban verməsinə baxmayaraq, onun haqqında maraqlanan, adını ucaldan və əbədiləşdirmək istəyən olmayıb. Babam haqqında məlumatları onun sirdaşlarından, yaxınlarından, dövrünün ziyalılarından toplayıb, əlyazma şəklində saxlamışam. Amma bir gün mən olmayacam. Bu yazılarla da maraqlanan olmayacaq. Yaxşı olar ki, tarixçilərimiz, elm adamlarımız bunun üstünə düşsün. Tarix kitablarında bu mövzuya çox az yer verilib. Əvvəllər müstəqil deyildik, indi ki müstəqilik. Öz keçmişini unudan xalqın gələcəyi də olmaz”.

Qeyd edək ki, Şəki rayonunun Baş Göynük kəndində yerləşən, Eldar Abdullayevə məxsus həyətdə yerləşən quyuda 31 nəfər günahsız, əliyalın insanın meyiti var. Onlar amansızlıqla güllələnərək həmin quyuda basdırılıblar. Təəssüf ki, bizim qanla yazılmış tariximizin ən tutarlı sübutu olacaq həmin quyu kol-kosların içində itib-batıb. Mahir bəyin də ən böyük arzusu həmin ərazini kol-koslardan təmizləyib, dünyaya tanıtmaqdır. Bunun üçün tarixiçilərimizin və aidiyyatı orqanların üzərinə böyük yük düşür.

 

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Kərim İsmayılzadə tutularaq zindana salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəal, …

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin …

Bir cavab yazın