Cümə , Aprel 26 2024
azfa

Qafqaz İslam Ordusu: Missiyası və tarixi əhəmiyyəti, muxtariyyət tələbi və müsəlman qırğınları

GADTB: Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür.

Dünya müharibəsinin gedişatında Rusiya imperiyasının süqutu düşmən hərbi bloklararası və blokdaxili mübarizənin məzmununa yeni istiqamət verdi. Rusiya imperiyası ilə müttəfiq olmuş Böyük Britaniya və Fransa artıq keçmiş müttəfiqinin ərazisinə sahib olmaq üçün sövdələşmişdi. Xəzər hövzəsi, Qafqaz regionu, xüsusən Bakı nefti uğrunda Almaniya da kəskin mübarizə aparırdı. Almaniyanın Bakı neftinə yiyələnəcəyi təqdirdə müharibənin xeyli uzanacağı və təhlükəli olacağından ehtiyat edən Böyük Britaniya artıq regiona hərbi ekspedisiya təşkil etmişdi.

Qafqaz cəbhəsi 1917-ci ildə ləğv ediləndən sonra azərbaycanlıların silahsız vəziyyətdə olmaları təhlükəsizlik məsələsini ciddi surətdə həll etmək üçün müvafiq addımlar atmaq vəzifəsini qaçılmaz etdi. 1918-ci il yanvarın sonlarına doğru Azərbaycan milli qüvvələri (muxtariyyət tərəfdarları) ilə Bakı bolşevikləri arasında ixtilafların dərinləşməsi həm də və xüsusən müsəlman hərbi hissələrinin yaradılması zəminində baş verirdi. Müsəlmanların silahlı qüvvəyə sahib olmaq niyyəti belə sərt istehza ilə qarşılanırdı: «ermənilərlə gürcülər milli qoşun düzəltdikdə heç olmazsa dəlilləri var ki, Qafqasiya cəbhəsini müdafiə edəcəklərdir. Sizdən ötrü ki, böylə bir bəhanə yoxdur». Artıq 1918-ci ilin əvvəllərində, yanvar ayında belə müsəlmanların erməni və gürcülərdən daha çox müdafiəyə ehtiyacı var idi. Real vəziyyət müsəlmanlar üçün silahlanmağa bir bəhanə axtarmağın lüzumsuz olduğunu göstərirdi. Burada yalnız bəhanənin olub-olmamağı deyil, müsəlmanlara-türklərə olan münasibət qabarıq diqqətə çatdırılır: «Hətta türklər, onlar da milli qoşun fikrinə düşdülər». Açıq həqarətlə deyilmiş bu fikir M.-Ə.Rəsulzadəni hiddətləndirmişdi: «nə qədər ki, «bu hətta türklər» zehniyyəti İcra Komitəsində hökmfərmadır – quberniyadakı iğtişaşları yatırmaq üçün alınacaq tədbirlərə lazım olan ümumi dil tapmaq çətin olacaq».

1917-ci ilin sonu – 1918-ci ilin əvvəlində, yəni, bolşeviklər Rusiyanın mərkəzində hakimiyyəti ələ keçirdikdən, Qafqaz cəbhəsi ləğv olunduqdan sonra bölgədə silahlı gücə malik erməni və gürcülərdən fərqli olaraq müsəlmanlar həm silah-sursatsız, həm də təcavüzə məruz qalmış vəziyyətdə idilər. Müsəlmanların özünü müdafiəsi üçün hərbi qüvvəyə ehtiyacı vardı. M.-Ə.Rəsulzadə «Əcəba, müsəlmanlar neçün qoşun düzəldiyorlar?» sualını istər təəccüb, istər istehza, istərsə də qərəz və qəzəblə soranlara, konkret nümunədə isə Bakı bolşeviklərinə, daha dəqiqi Bakı Fəhlə və Əsgər Şurası İcraiyyə Komitəsinin qəzeti olan «İzvestiya»ya cavab vermişdi: «Buna cavabən bən müsəlman quberniyalarının iğtişaş içində olduğunu göstərib, – əgər imdi burada səfərə mühəyya iki müsəlman rotası olseydi, Lənkəran atəş içində qalmazdı, – dedim. Əlavə etdim ki, müsəlman polklarının təsisi müsəlman torpaqlarındakı iğtişaşın qabağını saxlamaq üçün təşkil olunuyor. Əgər siz təmin edə bilsəniz ki, əlinizdəki beynəlmiləl qüvvətlərlə bu asayişi təmin edərsəniz, o zaman varsın müsəlmanlar qüvvə tədarük etməsinlər». Həmin günlərdə «Milli Müsəlman Komitəsi»nin milli qoşunun inqilab nizamını müdafiə üçün təşkil olunduğunu elan etdiyinə rəğmən bolşeviklər üçün bu inandırıcı görünməmişdir. Belə ki, bolşeviklər «daha Rusiya inqilabına təmas etməmiş olan müsəlman cəmaətinə» «Siz inqilabçı bir millət olmadığınız üçün» arqumenti ilə yanaşır, milli qoşun yaratmasını yasaqlayır, muxtariyyət istəyini rədd edirdi.

Xarici müdaxilə koalisiyası və vətəndaş müharibəsi şəraitində hakimiyyətini qorumağa çalışan bolşevik Rusiyası üçün yanacaq mənbəyi olan Bakını əldə saxlamaq həyati məsələ idi. Azərbaycanlıların muxtariyyət uğrunda hərəkatının genişlənməsi neftə sahib olmaq istəyən bütün qüvvələri narahat edirdi. Bu baxımdan “Böyük Ermənistan” iddiası ilə Azərbaycan xalqına qənim kəsilən erməni siyasi və hərbi qüvvələri mənafelərinə müvafiq müttəfiqlərlə yaranmış şəraitdən maksimum faydalanmağa çalışırdılar.

Bolşeviklər müsəlmanların muxtariyyət istəməsini məqbul saymırdılarsa, təbii ki, onların milli qoşun hissələri yaradıb hərbi cəhətdən güclənməsini istəməyəcəkdilər və hər vəchlə buna yol verməməyə çalışacaqdılar. Bolşeviklər öz fikirlərində nə qədər qərarlı idilərsə, Qafqaz müsəlmanları – azərbaycanlılar da muxtariyyət tələbində o qədər israrlı idilər. Məhz bu qətiyyətlə M.-Ə.Rəsulzadə 1918-ci il yanvarın sonlarında «Bəlkə də, müqəddərdir ki, biz muxtariyyətimizi xarabəzarlar qiymətinə alalım» yazırdı. Regional siyasi – hərbi konyunkturanın çevik dəyişməsi «xarabəzarlığı» yaxınlaşdırırdı. 1918-ci il martın sonunda bolşevik-daşnak birliyi üç gün ərzində Bakı müsəlmanlarına qanlı divan tutdu və qalibiyyətlərinin sonucunu «Türkiyənin Bakı cəbhəsi yarıldı!» deyərək ifadə etdilər. Azərbaycan muxtariyyəti uğrunda mübarizə aparan «Müsavat» partiyasının proqramında, mətbuatında, şüarlarında, ümumən fəaliyyətində Osmanlı dövlətinə ilhaq olunmaq fikri yer almırdı. Rusiya demokratik federasiyası tərkibində Azərbaycan üçün muxtariyyət tələbi ilə çıxış edənlərə qarşı total hücum regionla bağlı Osmanlı dövlətinin siyasətinin fəallaşması qənaəti ilə həyata keçirilirdi.

«Azərbaycan muxtariyyəti» ideyasının daşıyıcılarını və tərəfdarlarını məhv etmək prosesi müsəlman əhalinin kütləvi qətliamı ilə nəticələndi. Daşnak qüvvələrinin məqsədi və hədəfi də məhz müsəlmanları tamamən qətlə yetirmək idi ki, bolşeviklərlə iş birliyi sayəsində buna nail oldular. 1918-ci ilin martında Bakıda azğınlıqla törədilən kütləvi qırğınlar Azərbaycanın bütün qəzaları üzrə görünməmiş vəhşiliklə həyata keçirildi. Qafqazın dinc müsəlman əhalisini fiziki məhv olmaqdan xilas edə biləcək yeganə xarici qüvvə kimi Osmanlı dövlətinə ümid edən azərbaycanlılar bir neçə dəfə nümayəndə heyətləri göndərərək yardım istəmişdilər.

Rusiyanın dünya müharibəsindən çıxıb Türkiyə ilə danışıqlar aparması Cənubi Qafqazın müqəddəratına ciddi təsir göstərdi. Qafqaz cəbhəsi ləğv olunmuş, rus əsgərləri evlərinə döndüyündən onların ələ keçirdikləri torpaqlar türklər tərəfindən geri qaytarılırdı. Cənubi Qafqazda siyasi və hərbi vəziyyətin Osmanlı dövlətinin xeyrinə dəyişməsi «Rusiya hakimiyyətini təmsil edən Bakı bolşeviklərini təlaşa düşürüyordu. Digər tərəfdən də cəbhələrdə bulunan rus soldatları Qafqasiya hüdudunu boşaldıb evə dönüyorlardı. Bunlar evlərinə döndükcə türklər əllərindən çıkmış torpaqları birər-birər geri alıyorlardı. Bu isə rusların müttəfiqi olaraq Türkiyə ilə hərb etmiş olan erməniləri qorkutuyordu; bunun üçün də onlar Bakıda bolşeviklərlə anlaşaraq Türkiyənin təbii müttəfiqi bulunan Azərbaycan türklügünün qəlbgahında bir fitnə hazırlıyorlardı».

Osmanlı dövlətinin Qafqaz regionu – Xəzər hövzəsi ilə bağlı planları olduğu kimi, Azərbaycan ziyalıları da xalqının müqəddəratı ilə əlaqədar Osmanlı dövlətindən dəstək gözləyirdi. Hələ 1915-ci ilin əvvəlində Aslan Xoyskinin Ənvər paşa ilə görüşündə təqdim etdiyi plana görə, Osmanlı ordusu “Cənubi Azərbaycana girməli və bunun ardınca da Şimali Azərbaycanda və Dağıstanda Difai tərəfdarları geniş müstəqillik hərəkatına başlamalı idilər”. İki il sonra, Rusiyada mütləqiyyətin devrildiyi 1917-ci ilin oktyabrında Osmanlı dövlətindən yardım istəmək məqsədilə Qafqaz türklərindən ibarət heyət Mosulda hərbi komandanlıq ilə görüşmüşdür. Qafqazdakı vəziyyəti öyrənmək üçün Mosuldan göndərilmiş üç zabitdən biri olan Müzəffər əfəndi ilə sonralar Nuru Paşa Azərbaycana yola düşmək ərəfəsində görüşmüşdü. Osmanlı dövlətinin Qafqaz siyasətinin dəyişməsinə və aktivləşməsinə təsir göstərən əsas amil bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirməsi oldu. Ərzincan müqaviləsinə görə Osmanlı dövləti ilə Rusiya arasındakı müharibə sona çatdı. Qafqaz cəbhəsinin ləğv olunması bölgənin müsəlman əhalisini qətliama, talana, qırğınlara düçar etdi. Qafqazdakı rus ordusunun tərxis olunması erməni silahlıları qarşısında əliyalın müsəlmanları müdafiəsiz qoymuşdu.

Qafqazdakı vəziyyətdən xəbər tutan Ənvər paşa hələ 1917-ci ilin dekabrında bildirmişdi: “Azərbaycan türklərinin düşmənə qarşı təşkilatlanmağa və savaşmağa istəkli olduğu, ancaq onları təşkilatlandıracaq və idarə edəcək əsgəri liderlərin bulunmaması səbəbiylə hərəkətə keçmədikləri qənaətinə gəldim.” Onun Azərbaycan türklərinə yardım göstərmək qənaətini 1918-ci ilin əvvəllərindən Türkiyəyə kömək almaq üçün yola düşən Azərbaycan nümayəndələri qətiləşdirdi. Gəncədən türk ordusunun əsir olmuş zabiti Hüsaməddin Tuqacla yola düşmüş Nağı bəy Şeyxzamanlı missiyasını uğurla yerinə yetirdi. Ənvər paşa və digər yüksək mənsəbli və çinli Osmanlı məmur və hərbçiləri ilə görüşlərində Nağı Şeyxzamanlı Azərbaycan türklərinin istiqlal arzularını ifadə etmiş, müsəlmanların məruz qaldığı qətliamları, hərbi yardımın zəruriliyini anlatmışdır. Ənvər paşanın bacısının əri olmuş Həbib Əfəndi Şamaxıdan aldığı acı xəbərləri eşidib vətənə dönmüş, faciəli vəziyyəti görüb yardım istəmək məqsədilə Türkiyəyə gedəndə yolda Qafqaz İslam Ordusuna qoşularaq Azərbaycana gəlmiş və hərbi əməliyyatlarda iştirak etmişdir.

Hələ Cümhuriyyətin elanından xeyli qabaq, qırğınlar davam etdikcə Azərbaycanın müxtəlif yerlərindən Osmanlı dövlətinə imdad gözləntili müraciətlər edilirdi. İctimai xarakterli müraciətlər Qafqaz İslam Ordusunun (QİO) formalaşmasının mənəvi statusunun göstəricisidir və rəsmi statusunu şərtləndirmişdir. Azərbaycanı işğaldan xilas etmək məqsədi ilə Osmanlı dövlətinin Baş komandan vəkili və hərbi naziri Ənvər paşa bu missiyanın həyata keçirilməsinə sonadək dəstək verdi. 1918-ci ilin fevralında Qafqaz İslam Ordusunun qərargahı üçün İstanbulda hərbi nazirlikdə 20 nəfərlik tərkib seçilib müəyyənləşmişdi.

Osmanlı dövlətinin Qafqazda Brest-Litovsk sülhü ilə hüdudlanmalı maraqlarını isə bolşevik-daşnak əməkdaşlığının törətdiyi müsəlman qətliamları, Zaqafqaziya seyminin ziddiyyətli mövqeyi və ən ümdəsi Qafqaz regionu – Xəzər hövzəsi ilə bağlı İngiltərənin, Almaniyanın aktiv iddialı siyasəti daha da irəli apardı. Osmanlı dövlətinin Cənubi Qafqazda siyasi-hərbi fəallığını şərtləndirən amillər bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirməsi ilə bağlı proseslərdən qaynaqlanırdı. Aylarla davam edən amansız müsəlman qırğınlarına biganə qala bilməyən Osmanlı dövləti Zaqafqaziya seyminin danışıq şərtləri ilə barışmayıb açdığı savaşda təbii ki, üstün gücü ilə qələbə qazanıb irəlilədikcə istər müttəfiqi Almaniyanın, istərsə rəqibi İngiltərənin və ən başlıcası Qafqazı öz parçası bilən Sovet Rusiyasının siyasi, hərbi, diplomatik təzyiqləri ilə üzləşirdi.

Silahsız-sursatsız müsəlmanlar müqavimət göstərmək iqtidarında deyildi: «Nəticədə Bakı kibi mühüm bir qüvvətə qarşı müdafiə dəxi təslihat və təşkilatca naqis milli komitənin kəndi himmətinə qaldı. Bakı qüvvəti isə fəsadlarını ilərilətiyor: Şamaxı, Salyan, Lənkəran və Nəvahi qəsəbələri təkrir ediyor, az qala Gəncə də süqut ediyordu. Bütün Şərqi Zaqafqasiya anarşi içində idi. Kişilər papaqlarını, qadınlar çarşaflarını başlarında saklaya bilmiyordu… Böylə ümidsizlik içində xəlqə öylə fikir gəliyordu ki, bu haldan kəndilərini qurtaracaq bir qüvvət var isə o da qardaş Türkiyə qüvvətidir. Türkiyə qüvvətinə müraciət olunmuş, istimdad edilmişdi». Beləliklə, Osmanlı dövlətinin hərbi yardım göstərməsi Qafqaz müsəlmanlarının mövcudiyyəti naminə zərurətə çevrilmişdi. Bu yardımı Azərbaycan xalqı istəmişdi: «Türklər buraya dəvət olmuş və bir az əvvəl gəlmələri üçün israr edilmişdi. M.-Ə.Rəsulzadənin bu barədə 1920-ci ildə nəşr olunmuş mühazirəsində deyilirdi: «müsavatçılar türkiyəli qardaşlarımızı imdadə çağırmaqla bərabər keçici zamanın təsirinə qapılmamışlardı. Onlar Türkiyəyi dəvət edərkən Azərbaycan istiqlalını unutmamışlardı. … Əlavə olaraq bunu da biliyorlardı ki, Qafqasiyaya gələn türk ordusu yalnız xilaskar bir ordu sifətilə gəlib, niyyətində cahangirlik qəsdi yokdu… Zaqafqasiya istiqlalı və Zaqafqasiya vəhdətinin tanımasını Türkiyə siyasi iqtizasından olduğunu Rauf bəy də, Xəlil bəy də, Ənvər paşa da, Camal paşa da həpsi söyləyib duruyorlardı». Mövcud beynəlxalq durum Osmanlı rəhbərlərini məhz belə davranmağa vadar edirdi. Elə bu variantda belə Ənvər paşanın və əqidədaşlarının turançılıq ideyasını gerçəkləşdirmək mümkün görünürdü. Qafqazda və ondan da geniş ətrafda türk-islam dövlətlərinin yaradılması düşünülürdü. Qafqazda möhkəmlənmək üçün ilk növbədə Bakını düşmən qüvvələrdən azad etmək lazım idi. Bu məqsədlə yerli müsəlmanlardan ordu təşkil etmək üçün podpolkovnik Nuru bəy bir qərargah heyəti ilə Azərbaycana göndərildi və yaradılacaq İslam ordusuna rəhbərlik edəcək Nuru bəyə paşa rütbəsi verildi.

Qafqazda fəaliyyət göstərmək barədə geniş səlahiyyətlər verilən Nuru paşa martın 22-də İstanbuldan Mosula yola düşmüş, 3 gündən sonra Mosula çatmışdı. Qafqaz İslam Ordusunun hüquqi əsasını həm də aprelin 5-də Ənvər paşanın “Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə dair təsdiq etdiyi təlimat” müəyyənləşdirirdi. Bu ordunun formalaşmasını Birinci Dünya müharibəsinin Qafqazda yaratdığı geopolitik vəziyyət şərtləndirdi.

Qafqaz İslam Ordusunun siyasi-hüquqi statusu Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra ikitərəfli danışıqlarda, xüsusən də Batum müqaviləsi ilə təsbit olundu. 1918-ci il mayın 9-da Təbrizə, 20-sində Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi və Qafqaz İslam Ordusunun quruculuq işlərinə başladı. Cənubi Qafqaz müsəlmanlarının nicat yeri kimi kömək umduqları və gözlədikləri Osmanlı dövlətinin hərbi yardımının hüquqi əsasını yeni elan edilmiş Azərbaycan Cümhuriyyəti ilə bağladığı 4 iyun 1918-ci il tarixli Batum müqaviləsi təşkil edirdi.

1918-ci ilin yazından etibarən ideyadan gerçəyə çevrilən Qafqaz İslam Ordusunun tarixi bir missiyası olmalı idi. Osmanlı dövləti üçün bu missiyanın önəmi «Şərqə doğru uzanmaq» idi. Qarşıda böyük hədəf vardı: Qafqaz, Dağıstan, Türküstan, Əfqanıstan. Bu yolda İslam Ordusu yalnız Qafqazla məhdudlaşmalı oldu: Bakı yürüşü, Qarabağ və Dağıstan hərəkatları. Bakını azad etmədən Qafqaz İslam Ordusunun nə Qarabağ, nə də Dağıstan yürüşü reallaşa bilməzdi.

«Şərqə doğru hərəkət» baş tutmasa da, Qafqaz İslam Ordusunun missiyası önəmli nəticələr qazandı. Osmanlı dövlətinin Qafqaz səfəri özünə və Qafqaza nə qazandırdı sualının cavabını bir neçə rakursdan qiymətləndirmək olar.

Firdovsiyyə Əhmədova,

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın