Çərşənbə , İyul 28 2021
azfa

Əkrəm Rəhimli: S.C.Pişəvəri İran Xalq Partiyasından çıxıb, yoxsa çıxarılıb?

GADTB: Müttəfiq qoşunların 1941-ci il avqustun 25-də İrana daxil olması ilə Rza şahın ölkədən qaçdı, taxt-tacı oğlu Məhəmməd Rzaya təhvil verdi və bununla da dövlət aparatında yaranmış boşluqla bağlı ölkədə nisbi “yumşaqlıq” yarandı. Zindan qapıları açıldı, siyasi məhbuslar azadlığa çıxdılar. Azadlığa çıxan siyasi məhbuslar sırasında ömrünün 11 ilini Qəsri-Qacar zindanında və sonra Kasandakı sürgün düşərgəsində keçirmiş S.C.Pişəvəri də var idi. S.C.Pişəvəri Kasan sürgünündən azad olduqdan 20 gün sonra, sentyabrın 14-də Tehrana gəldi və ailəsinə qovuşdu, köhnə dostları və tanışları ilə görüşdü. Ailəni dolandırmaq üçün hər hansı işin qulpundan tutmaq qərarına gəldi. İlk iş yerini Tehrandakı sığorta idarələrindən birinə başçı olan köhnə tanışı Əhməd Əsədi (onunla “Cəngəlilər hərəkatı”ndan tanış idi) vasitəsi ilə tapdı və sığorta idarəsində işə düzəldi.

Bundan sonra S.C.Pişəvəri Tehranda və ölkədə mövcud olan siyasi mühitlə tanış olur. Onun bu mühitdə təmasa girdiyi ilk adamlardan biri İrandakı XX əsr azadlıq hərəkatında bir mücahid kimi tanınan Süleyman Mirzə olur. Süleyman Mirzə S.C.Pişəvərini evinə dəvət edir, onun milli ruhu, siyasi düşüncə və fikirləri ilə yaxından tanış olur. Bu tanışlıq zamanı İrəc İsgəndəri də orada olur. Bu üçlük yekdilliklə bu nəticəyə gəlirlər ki, xalqın mübarizəsinə istiqamət verə və ona başçılıq edə bilən siyasi bir təşkilatın yaranmasına ciddi ehtiyac var. S.C.Pişəvəri sonralar “Ajir” qəzetində çap etdiyi məqalədə və xatirələrində bu haqda yazır: “Biz üçlükdə (S.Mirzə, İ.İsgəndəri və mən) Hizbi-Tudeyi-İranın – İran Xalq Partiyasının əsasını qoyduq.

S.Mirzənin tapşırığı ilə partiyanın ilk müvəqqəti məramnaməsinin layihəsini hazırlamaq və yazmaq işi S.C.Pişəvəriyə və İrəc İsgəndəriyə həvalə olunur. Partiyaya ilk özəyinin başçısı kimi Süleyman Mirzənin namizədliyi qəbul olunur. Əslində məramnamənin yazılmasında Əbdülqədir Azad da iştirak etməli idi. Lakin Alman faşizmi ideyalarına müsbət meyl göstərdiyinə görə Əbdülqədir Azad məramnamənin hazırlıq mərhələsində bu işdən uzaqlaşdırıldı.

İran Xalq Partiyasının (“Tudə”) ilk məramnaməsində ölkədə diktatura və istismar əleyhinə mübarizə, ölkənin istiqlaliyyətinin qorunması, demokratiya və azadlıqların bərpa edilməsi, sülhün qorunması və s. bu kimi tələblər irəli sürülmüşdü. 1942-ci ildə az bir müddət içərisində Tudə üzvlərinin sayı və partiyanın coğrafi məkanı genişləndi. O, özək təşkilat statusundan müstəqil partiya statusuna yüksəldi. 1942-ci il oktyabr ayının 9-da (17 mehr 1321) Tehranda F.Keşavərzin evində Tudənin ilk konfransı keçirildi. Konfransda partiyanın müvəqqəti məramnaməsi yenisi ilə əvəz olundu. Bu məramnamədə bir sıra məsələlər tam kommunist mövqeyindən qoyulduğuna görə S.C.Pişəvəri onlarla razılaşmamış və özünün milli-demokrat mövqeyinə sadiq qalmışdı.

Tudənin I konfransında qəbul edilmiş məramnamə kommunist yöndən tərtib edilmişdi. Orada İranla bağlı məsələlərin kommunist məfkurəsi yönündə qeyd olunması milli-demokrat olan S.C.Pişəvərini heç cür razı sala bilməzdi. Konfransda Tudənin rəhbərliyinə seçilmiş 15 nəfər üzv arasında S.C.Pişəvərinin adına rast gəlmirik. Əslində bu siyahıda S.C.Pişəvərinin hələ zindandan düşüncələrinə yaxından bələd olduğu adamlarla bir sırada olması mümkün deyildi. Uzun müddət Tudənin rəhbərləri sırasında olmuş doktor Firudin Keşavərz özünün “Mən Hizbi-Tudeyi-İranın Mərkəzi Komitəsini ittiham edirəm” kitabının bir neçə səhifəsini ideoloji cəhətdən fərqli mövqelərdə durmuş S.C.Pişəvəri ilə Tudə rəhbərləri arasında mübahisələrə həsr etmişdir. Göründüyü kimi, elə həmin fərqli ideoloji mövqeyinə görə də S.C.Pişəvəri Tudənin birinci konfransında rəhbərliyə seçilmiş bəzi qatı “sol”çu kommunistlərin olduğu siyahıya salınmaqdan imtina etmişdi. Qəsri-Qacarda həbsdə olarkən S.C.Pişəvəri ilə zindanda yatmış mərhum Tağı Şahin (Əbdülqasım oğlu İbrahimov) öz söhbətlərində deyirdi ki, S.C.Pişəvəri “qatı sol”çularla bir süfrədə yeməkdən də imtina edirdi.

Tudənin üzvlüyündən və rəhbər özəkdən uzaqlaşan S.C.Pişəvəri öz mübarizəsini mətbuat sahəsində davam etdirmək qərarına gəlir. Bununla bağlı o, 1943-cü ilin aprel ayının 6-da dövlət orqanlarına müraciət edir və müstəqil “Ajir” qəzetini çıxarmaq haqda dövlətdən rəsmi icazə alır. “Ajir”in ilk sayı 24 may 1943-cü il tarixində işıq üzü görür. “Ajir” qəzeti nəşrə başladığı ilk gündən ölkədə hökm sürən diktatura əleyhinə, azadlıq və demokratiyanın bərpa olunması uğrunda ardıcıl mübarizə aparmaqla yanaşı İran Xalq Partiyasının ideoloji səhvləri haqda da yazmaqdan çəkinməmişdi. O, partiyanın şüarlarında və hərəkət xəttindəki (platformasındakı) bir sıra məqamların və şərtlərin İranın o zamankı siyasi-ictimai mühitində həyata keçirilməsinin mümkünsüzlüyünü partiya yaranan gündən dönə-dönə qeyd etmişdi. Bu fərqli cəhətlər üzərində dayanmağa və onların mahiyyətini şərh etməyə ehtiyac var.

Tudənin yeni məramnaməsində “bütün dünya proletarları birləşin!” şüarı S.C.Pişəvəriyə görə “İranın demokratik və milli qüvvələri birləşin!” şüarı ilə əvəz olunmalıydı. Tudənin məramnaməsində hakimiyyətə keçən zaman “proletar diktaturası” dövlət idarəçiliyi forması kimi irəli sürüldüyü halda, S.C.Pişəvəri tərəfindən “demokratik və milli qüvvələrin diktaturası” şüarı irəli çəkilir. “Sol”çu tudəçilərin fikrincə partiya fəhlə və zəhmətkeş kəndlilərin birliyinə (ittifaqına) söykənməli idi. Bunu amerikalı tarixçi T.Svietoçovski özünün 1995-ci ildə Nyu-Yorkda ingilis dilində çap olunmuş “Rusiya və Azərbaycan: keçiddəki sərhəd ölkəsi” adlı kitabında yazır: “Azərbaycan Demokrat Firqəsi Tudəyə alternativ olaraq yaradılmışdı… Ancaq radikallara söykənən Tudədən fərqli olaraq Firqə sinfi elementlərə fikir vermədən bütün milli qüvvələri öz sırasına qəbul edirdi” .

S.C.Pişəvəriyə görə, Tudə fəhlə-kəndli ittifaqı ilə yanaşı demokratik və milli qüvvələrin birliyinə söykənməli idi. S.C.Pişəvəriyə görə İran (o cümlədən Azərbaycan) əsasən aqrar-kəndli ölkəsi olduğundan torpaq islahatı və aqrar-kəndli münasibətlərinin ədalətlə nizama salınmasının gündəmdə olması və onun demokratik əsaslar üzrə həlli Tudənin məramnaməsində əsas yer tutmalıydı.

Tudə siyasi mübarizədə siniflərarası fərqli cəhətlərə və sinfi mübarizəyə kommunist mövqeyindən yanaşdığı və onu öz məramnaməsində qeyd etdiyinə baxmayaraq, S.C.Pişəvəri İran iqtisadiyyatının çoxukladlı olduğunu, burada siniflərin istehsal prosesində biri digəri ilə çulğalaşdığını (sahibkar bəzən fəhlə yerinə, mülkədar kəndli ilə birgə zəhmət çəkdiyinə görə), burada sabit sinfi sədlər çəkməyin mümkünsüzlüyünü qeyd edir.

Tudə öz məramnaməsində ateist baxışları ön plana çəkərək din və dindarlara münasibətdə fərqli mövqe tutduqları halda, S.C.Pişəvəri İran kimi dindar bir ölkədə bu cür yanaşmanı yanlış hesab edirdi. Buna misal olaraq o, Ardaşes Ovanesyan kimi bir erməninin Azərbaycandakı müsəlman bir bölgəyə Tudə rəhbəri təyin edilməsini yanlış bir əməl hesab edərək onu qınayırdı.

Tudə öz məramnaməsində İranın istiqlaliyyət və müstəqilliyindən söhbət açarkən bu ölkənin çoxmillətli (fərqli etniklər) ölkə olmasına, burada yaşayan qeyri fars xalqların dil, tarix və mədəniyyətinə, büdcədəki bölgüdə və məclis seçkilərində onların tapdalanmış hüquqlarına və digər insani haqlarına ötəri də olsa, işarə etmir, bununla bağlı hər hansı istək və tələb irəli sürmür. S.C.Pişəvəriyə görə isə İranın ərazi bütövlüyü, istiqlaliyyəti və müstəqilliyinin qorunması şərti ilə ölkədə yaşayan bütün xalqalara bərabər milli-demokratik hüquqlar çərçivəsində milli muxtariyyət verilməli idi.

Yuxarıda qeyd olunan məsələlərə siyasi mübarizədə fərqli baxışlarla yanaşmaq S.C.Pişəvərini Tudədən uzaqlaşdıran əsas səbəblər olmuşdu. S.C.Pişəvəri Tudənin rəhbər mövqeyindən uzaqlaşıb mübarizəni “Ajir” qəzetində davam etdirdiyi bir vaxtda erməni Ardaşes Ovanesyan ona qarşı qondarma ittihamlar irəli sürməkdən və onun siyasi fəaliyyətini ləkələməkdən əl çəkməmişdi. Bu işdə onun əlinə düşən ən münasib fürsət S.C.Pişəvərinin Rza şahın ölümü ilə bağlı “Ajir”də şahın oğlu Məhəmmədrzaya verdiyi başsağlığı oldu.

1 avqust 1944-cü ildə 168 nəfər partiya üzvünün iştirakı ilə Tudənin Tehranda keçirilmiş I qurultayında Ardaşes Ovanesyanın başçılıq etdiyi komssiyanın təklifi ilə S.C.Pişəvərinin İran Xalq Partiyası üzvlüyündən xaric edilməsi haqda qərar qəbul edilir. Bu haqda qərarda göstərilir ki, S.C.Pişəvəri “Ajir” qəzetində Məhəmmədrza Pəhləviyə atası Rzanın ölümü ilə bağlı verdiyi başsağlığında guya, Rza şahı “əvəzolunmaz dahi” adlandırmışdı. Əslində “Ajir” qəzetində Məhəmmədrza Pəhləviyə atasının ölümü ilə bağlı verilmiş sözügedən başsağlığında heç bir “dahilik”dən, “əvəzsiz şəxsiyyət”dən və sair bu cür düzəltmə sifətlərdən söhbət getmir.

Sonrakı illərdə S.C.Pişəvəri Tudə ilə bağlı öz mövqeyini daha aydın şərh edərək yazırdı: “Həqiqətdə bizim firqəmiz kommunist firqəsi deyildi. Biz Azərbaycanda olan şərait daxilində xüsusi mülkiyyəti ləğv edə bilməzdik. Hizbi-Tudənin böyük səhvini təkrar etmək bizə yaramazdı. Biz eləyə bilməzdik, milli bir firqə olduğumuz halda birinci addımda sinfi mübarizəni alovlandıraq. Bizim hədəfimiz Azərbaycanda fəqət milli və demokratik bir rejim yaratmaq və dərəbəylik rejiminin kökünü qazıb aradan qaldırmaq və xalqı müasir, mütərəqqi yola çəkməkdən ibarət idi. Ona görə kommunist və ya sosiolist adını üstümüzə qoya bilməzdik. Bu bir növ hoqqabazlıq olardı. Biz bunu bilib, düşünərək demokrat adını qəbul etmişdik. Çünki bizim fəaliyyətimiz və şüarlarımız fəqət milli və demokratik bir çərçivədə olduğu təqdirdə müvəffəqiyyət qazana bilərdi”.

Yazıdakı faktlar bir tədqiqatçının subyektiv fikirləri deyil. Çoxu S.C.Pişəvərinin məqalə, çıxış və nitqlərində, xatirə və əsərlərində dəfələrlə toxunduğu məsələlərdir. 30 ildən çox S.C.Pişəvəri irsini mütaliə edib öyrənən bir tədqiqatçı bu məsələləri obyektiv mövqedən təhlil edib yazaraq oxuculara, xüsusilə də gənc oxuculara çatdırmağı özünə borc bilir. Bununla birlikdə qeyd etmək istəyirəm ki, Tudə rəhbərliyində və sıralarında olan qərəzsiz, obyektiv düşüncəli insanları özüm üçün həmişə səngər və mübarizə yoldaşı hesab etmişəm. Tudə sıralarından çıxaraq İran xalqlarının azadlıq və qurtuluşu yolunda canlarını fəda etmiş Xosrov Ruzbehlərin, Siyaməklərin, Cavidanların, Mahmud Qazilərin, Yusif Mürtəzəvilərin, uzun müddət elmi həmkarım olmuş professor Əbdülhüseyn Aqahinin və başqa şəhidlərin ruhları qarşısında ehtiramla baş əyib onların uğrunda mübarizə apardıqları arzuların işıqlı gələcəyinə inanıram.

Əkrəm Rəhimli (Bije), tarixçi

Həmçinin yoxlayın

Tehranda azərbaycanlı fəallar Babək Rzai və Saleh İkrami həbs olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT məmurları Tehranda azərbaycanlı fəallar …

Ortaq Türk ordusunun yaradılması üçün danışıqlar aparılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu …

Bir cavab yazın