
GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İnsan haqları sahəsində fəaliyyət göstərən üç təşkilatın iştirakı ilə qurulan “Noyabr Beynəlxalq Xalq Məhkəməsi” İranda 2019-cu ilin noyabr etirazları ilə bağlı apardığı araşdırmaların hesabatını yayıb.
Raporda başda İranın rəhbəri Əli Xaməneyi olmaqla 160 hökumət və vilayət rəsmisi noyabr etirazlarında narazı kütləyə qarşı qırğın törətməkdə günahlandırılıb.
Qırğında əli olan şəxslərin siyahısına Ali Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri və İnqilab Keşikçiləri Korpusu (SEPAH), hüquq-mühafizə orqanları, ordunun yüksək rütbəli komandanları və yüksək vəzifəli hökumət məmurları ilə yanaşı, Həsən Ruhani hökumətinin Kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi, Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin də adı daxildir.
Londonda fəaliyyət göstərən “Noyabr Beynəlxalq Xalq Məhkəməsi”nə daxil olan sənədlər və faktlara, 440 şahidin ifadələrinə əsasən hazırlanan hesabatda 160 yüksək vəzifəli İran rəsmisi 2019-cu ilin noyabrında keçirilən etiraz aksiyaları zamanı “insanlığa qarşı cinayətlər” törətməkdə ittiham edilib.
Sözügedən məhkəmə prosesi İranda 2019-cu ilin noyabrında baş vermiş cinayətləri araşdırmaq məqsədi ilə “İran İnsan Haqları”, “İrana Ədalət” və “Edama qarşı birlikdə” təşkilatları tərəfindən təşkil olunub.
Bundan öncə baş tutan və 2021-ci ilin noyabr ayının 14-də yekunlaşan toplantıda sözügedən məhkəmənin təşkilatçıları İran rəsmilərinin, o cümlədən Əli Xamenei və Məhkəmə Hakimiyyətinin keçmiş başçısı, hazırkı prezident İbrahim Rəisinin törətdikləri cinayətlərin insanlığa qarşı cinayət olub-olmadığı barədə araşdırmaların aparılacağını demişdilər.
Qeyd edək ki, 2019-cu ilin noyabr etirazları ilk olaraq benzinin qiymətinin qəfil bahalaşmasına qarşı baş verdi, ancaq tezliklə Əli Xamneinin başçılıq etdiyi İslam Respublikası hökumətinə qarşı ümumxalq etirazlarına çevrildi.
Reuters xəbər verir ki, İranda etirazçılara qarşı üç gün davam edən qanlı basqılar və repressiyalar zamanı ən azı 1500 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
Xəbərdə Xamneinin çevrəsinə yaxın üç mənbəyə və dördüncü bir rəsmiyə istinadla bildirilirdi ki, Xaməneyi yüksək vəzifəli məmurlara etirazları yatırmaq üçün əllərindən gələni etməyi əmr edib.
İranın daxili işlər naziri 2109-cu ilin noyabrında nümayişlərdə ölənlərin sayının 200-225 arasında olduğunu, Beynəlxalq Əfv Təşkilatı isə bunun daha çox ola biləcəyini vurğulayaraq ən azı 304 nəfərin öldürülən etirazçının adının məlum olduğunu açıqlamışdı.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi