Çərşənbə axşamı , Sentyabr 28 2021
azfa

1920-ci il Sovet işğalına qarşı Gəncə üsyanı

GADTB: 1920-ci il mayın 24 -də Gəncədə baş vermiş xalq üsyanı Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın ən kütləvi və mütəşəkkil müqavimət idi.

1918-ci ilin may ayında Zaqafqaziya Seymi dağıldı. Ayın 26-da onun son iclası oldu. Gürcü nümayəndələri yığıncaqdan çıxan kimi Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək müvəqqəti Milli Şura yaratdı. Mayın 28-də axşamüstü Tiflis şəhərində canişin sarayının göy salonunda Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın ilk yığıncağı keçirildi. İyirmi dörd səslə Azərbaycanın Dövlət müstəqilliyi haqqında məşhur “İstiqlal bəyannaməsi” qəbul olundu. Nazirlər Şurasının sədri Fətəlixan Xoyski dünyanın siyasi mərkəzlərinə radioqramla xəbər verdi: May ayının 28-də Azərbaycanın müstəqilliyi elan edildi, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycan Respublikası yaradıldı.

İyun ayının 17-də Cümhuriyyətin hökuməti Gəncəyə köçdü və səhəri gün Milli Şuranın iclası açıldı. Yaranmış vəziyyətə görə ali qanunvericilik orqanı olan şura istefa verməli oldu və təsis yığıncağı çağırılana kimi müvəqqəti kabinet yaradıldı.

İlk müstəqil dövlət üç ay Gəncədə fəaliyyət göstərdi və burada xalqın taleyi ilə bağlı yüzə yaxın qərar və qanun qəbul edildi. Azərbaycan dili dövlət dili elan olundu, üçrəngli, ay-ulduzlu bayrağımız ucaldıldı, Üzeyir Hacıbəyovun redaktorluğu ilə “Azərbaycan” qəzeti nəşrə başladı, Gəncənin öz ulu adı özünə qaytarıldı.

Ən əsası isə, Milli Ordunun təşkili sahəsində ilk addımlar atıldı. Gəncədəki müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı. Hərbi Nazirlik təsis edildi. Məcburi mükəlləfiyyət elan olundu. Əvvəlcə zabit kadrlarının hazırlanması üçün qısamüddətli kurslar yaradıldı, sonra isə hərbi məktəb açıldı. Hərbi zavod fəaliyyətə başladı. Nəhayət, milli Azərbaycan alayı formalaşdı.

Gəncə torpağında dirçəlib güc-qüvvə toplayan Xalq Cümhuriyyəti 1918-ci il sentyabr ayının 15-də real bir qüvvə kimi Bakıya köçdü. Bakıda isə vəziyyət son dərəcə ağır idi. Buna baxmayaraq, cümhuriyyət inamla, qətiyyətlə, ardıcıl surətdə fəaliyyət göstərirdi. 1918-ci il dekabrın 7-də Bakıda ilk Azərbaycan parlamenti açıldı. 1920-ci il yanvarın 11-də Xalq Cümhuriyyəti Paris sülh konfransının qərarına əsasən müstəqil dövlət kimi tanındı. Qısa bir müddətdə dünyanın bir çox ölkəsi ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaradıldı, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlandı. Xalq həyatının bir sıra sahələrinin inkişafı və müstəqil məhkəmə sisteminin yaradılması sahəsində müəyyən tədbirlər həyata keçirildi.

Belə bir vaxtda – 1920-ci il aprelin 28-də ölkəmiz rus-bolşevik qoşunları tərəfindən işğal edildi. İstiqlal fədailəri cümhuriyyətin ilk vətəni olan Gəncəyə gəldilər.

Mübarizə davam edir. 1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə hər yana səs salan məşhur Gəncə üsyanı başlandı.

Axtarışlar, tapıntılar

Bir səhər qələm dostum Xanlar Bayramov zəng çaldı.

– “Gəncə üsyanı” kitabı çapdan çıxıb, Cavad xan xatirə fondunda təqdimatı keçiriləcək. Çox istərdim, sən də iştirak edəsən.

Şəhərdə mühüm tədbir var idi. Gəncədən çıxa bilmirdim. Ona görə üzrxahlıq elədim.

– Eybi yox, Gəncədə də təqdimatı olacaq. Onda görüşərik – dedi.

Aradan bir neçə gün keçdi. Biz onun yolunu gözləyirdik, acı bir xəbər gəldi. Qocaman jurnalist Xanlar Bayramov dünyasını dəyişib.

Peşəsinin əsl vurğunu idi. Xalq Cümhuriyyətinin, Gəncə üsyanının tarixi, istiqlal mübarizlərinin taleyi barədə müntəzəm araşdırmalar aparırdı. 1992-ci ildə mühacir liderlərin sorağı ilə Türkiyəyə getmişdi. Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla, Cahangir bəy Kazımbəyovun oğlu Əli bəylə, Adilxan Ziyadxanovun qızı Mahrux xanımla görüşüb, çoxlu məlumat, material əldə etmişdi. Adilxan Ziyadxanovun məşhur “Azərbaycan” kitabını, Cahangir bəy Kazımbəylinin “Gəncə üsyanı haqqında xatirələri”ni gətirərək oxuculara təqdim etmişdi. “Hərb tariximizdən”, “Xan Xoyskilər”, “Vətəndən iraq düşənlərimiz”, “Rəfibəylilər”, “İstiqlal qurbanları”, “Xalq qəhrəmanları”, “İstiqlal yollarında” və başqa silsilə sənədli filmlər yaratmışdı. Tarixin yeni-yeni səhifələrini üzə çıxarmağa çalışırdı. Hər dəfə Gəncəyə gələndə görüşərdik.

Səfərlərdən birində Gəncə üsyanının təşkilatçılarından biri Sarı Ələkbərin Bala Bağmanda ata yurdunu müəyyən etdi, xatirə lövhəsinin vurulmasına nail oldu.

Bakının ucqar qəsəbəsindəki mənzilində ehtiyac içində yaşasa da, ürəyi Vətən məhəbbəti, sinəsi sözlə dolu idi. Yorulmadan yazır, yaradırdı.

“Gəncə üsyanı” bu cəfakeş jurnalistin son əsəri oldu.

Unudulmaz qələm dostumuzun üzə çıxardığı sənədlər əsasında söhbəti davam etdiririk.

Bəlli olanlar

1920-ci il may ayının 27-də rus-sovet qoşunları Azərbaycanı işğal etdi. Ağır zərbədən sarsılan istiqlal mücahidləri cümhuriyyətin ilkin paytaxtı Gəncəyə toplaşaraq üsyana qalxdılar. Gəncə üsyanının təşkilatçısı və istiqamətverici qüvvəsi yenicə formalaşan milli ordumuzun zabitləri idi. Mayın 23-də üsyan başçılarının geniş müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi, general Məhəmməd Mirzə Qacar, birinci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, üçüncü Şəki süvari alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyov və başqaları var idi.

Üsyanın təşkilində başlıca olaraq birinci piyada diviziyası, üçüncü Gəncə alayının bölmələri, üçüncü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz silahlıları və silahdaşları ilə birlikdə Gəncə üsyanının təşkilində xüsusi fəallıq göstərirdilər.

Üsyan ərəfəsində qırmızı ordunun 20-ci atıcı diviziyasının bəzi hissələri Gəncəyə gəlmişdi. Həmin diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin ermənilər yaşayan hissəsində, üçüncü briqadanın rabitə taburu və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində yerləşirdi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında dayanmışdı. Həmin günlərdə Taman süvari briqadasının üçüncü alayı da Gəncəyə gətirildi.

Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə başladı. Qısa müddətdə şəhərin mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki qırmızı qoşun hissələri nəzarət altına götürüldü. Hərbi anbar, mərkəzi həbsxana, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binası ələ keçirildi.

Xalq hərəkatının getdikcə geniş miqyas aldığını görən XI qırmızı ordunun komandanlığı üsyanın yatırılması üçün təcili tədbirlər görməyə başladı. 179-cu alay və 20-ci diviziyanın süvari briqadası dərhal Gəncəyə gətirildi. İki gündən sonra Zaqatala bölgəsindəki 18-ci süvari diviziyası da Gəncə ətrafında yerləşdirildi. Ermənilər elə ilk gündən rus-sovet işğalçılarına yaxından kömək edirdilər. Mayın 29-da qırmızı qüvvələrin üsyançılar üzərinə ilk mütəşəkkil hücumu uğursuzluqla başa çatdı. Üsyançıların əks-hücumları onları ağır vəziyyətə saldı. Belə olduqda XI qırmızı ordu komandanlığı Gəncəyə yenə də əlavə qüvvələr gətirdi.

Mayın 30-da Gəncədə XI ordunun 5 piyada, 6 süvari alayı, 7 əlahiddə hissəsi, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşirdi. Mayın 31-də buradan əsas hücum başladı. Çoxlu sayda canlı qüvvənin, topların və zirehli avtomobillərin işə salınması şəhərdə son dərəcə böyük dağıntılara səbəb oldu. Qüvvələr qeyri-bərabər idi. Təpədən-dırnağa silahlanmış nizami orduya tab gətirmək heç də asan deyildi. Şəhəri tərk etmək imkanı olmayan üsyançıları, habelə dinc əhalini mühasirəyə alaraq kütləvi şəkildə güllələyirdilər.

Bir neçə gündən sonra top-tüfəng gücünə üsyan yatırıldı. Çox da dəqiq olmayan məlumata görə, bu savaşda düşmən tərəfdən 8,5 min nəfər ölüb. Üsyançıların itkisi isə 12 min nəfərə çatırdı. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firudinbəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, müəllim Mirzə Abbaszadə və başqaları namərd güllələrinin qurbanı olub.

Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə yetirildi.

Bütün bunlar və buna bənzər digər faktlar ümumən bəlli idi. Lakin tədqiqatçı-jurnalist Xanlar Bayramovun axtarışları çox mətləblərə aydınlıq gətirdi.

Açılmamış səhifələr

Gəncə üsyanı yatırıldıqdan sonra bu üsyan barədə dövri mətbuatda yalnız informasiya xarakterli qısa xəbərlər dərc edilirdi. Bu hadisələrin ətraflı öyrənilməsinə, şahidlərin ifadələrinin toplanmasına 1937-ci ilin avqustunda, heç şübhəsiz ki, sovetlərin maraq dairəsində başlanıb. Həmin sənədlər hansı niyyətlə, hansı nöqteyi-nəzərdən yazılsa da, hər halda onlarda dövrün mənzərəsini görmək çətin deyil.

1937-ci ildə Petrov soyadlı bolşevikin sədrliyi ilə yaradılan xüsusi komissiya Gəncəyə ezam olundu. Həmin heyət “1917-1920-ci illərdə Kirovabadda vətəndaş müharibəsindəki hadisələrin şərhi” adı ilə üsyanın yatırılmasında iştirak etmiş bolşeviklərin xatirələrini topladı. Belə bir komissiyanın məhz 1937-ci ildə Gəncəyə gəlməsi heç də təsadüfi deyildi. O zaman Gəncə üsyanının yatırılmasındakı “qəhrəmanlığı”na görə bolşeviklərin ilk “Qırmızı bayraq” ordeninə layiq gördüyü Həmid Sultanov həbs olunmuş, Şamaxı hadisələri ilə əlaqədar zindana salınıb güllələnmişdi.

Mərkəzi Dövlət Arxivindəki sənədlərin bolşeviklər tərəfindən hazırlanmasına, şahidlərin əsasən kommunist partiyasının üzvləri olmasına, elə buna görə də müəyyən təhriflərə yol vermələrinə baxmayaraq, həmin materialların içində maraqlı faktlar heç də az deyildir.

Budur onlardan biri, Gəncə şəhəri, dəmir yol vağzalı, dördüncü binanın ikinci mənzilində yaşayan Linçevski öz əli ilə yazdığı ifadəsində çox mətləbə aydınlıq gətirir:

“1920-ci il mayın 1-də səhər tezdən Tereşşenkonun komandanlığı altında “Timofey Ulyantsev” zirehli qatarı Gəncə dəmiryol stansiyasına daxil oldu. Doğrusu, o zaman onun gəlişi bizi heç sevindirmədi. Qatarın komandiri dedi ki, Müsavat hakimiyyəti devrilib və hökumət bolşeviklərin əlinə keçib. Onlar hər işdə sizə kömək edəcəklər.

Komandir bizi qatarla və şəxsi heyətlə tanış etdi. Həmin gün vağzaldakı birinci binada inqilab komitəsinin özəyi də təşkil olundu. Ertəsi gün zirehli qatar Poylu stansiyasına yola düşdü.

Mayın 25-də səhər saat 5-də qardaşım Feliks məni yuxudan oyatdı və xəbər verdi ki, dəmir yolunda atəş səsləri eşidilir. Tez paltarımı geyinib stansiyaya tərəf qaçdım. Hər yan bomboş idi. Növbətçi rəislər, dispetçerlər də yox idilər. Telefonların heç biri işləmirdi. Hər tərəflə əlaqə kəsilmişdi. Nəhayət, bir nəfər qarovulçunu tapa bildim. Onun da heç nədən xəbəri yox idi. Əlindəki berdankanı almaq istədikdə bildirdi ki, patronu yoxdu.

Bir az keçdikdən sonra pulemyot səsləri də eşidilməyə başladı. Bu zaman iki təyyarəçi özünü bizə yetirib soruşdu:

– Görəsən, bu xəbəri Bakıya çatdırmaq lazımdırmı? Mən:

– Əlbəttə, çox vacibdir, – deyə cavab verdim. Təyyarəçilər stansiyanın yaxınlığında dayanmış aeroplanları işə salıb havaya qalxdılar. Heç iki dəqiqə keçməmiş aeroplanın biri vurulduğundan yana-yana yerə düşüb parçalandı. Digər təyyarə isə Bakı istiqamətində gözdən itdi. İnqilab komitəsinin yerləşdiyi binaya tərəf qaçdıq. Şöbə rəisi Rəhimov yerində yox idi, qapıdan iri qıfıl asılmışdı. Beləliklə, yük vaqonlarından köhnə silahlar tapıb müdafiəmizi təşkil etməyə başladıq.

Axşamüstü eşitdik ki, qırmızı ordunun 1200 nəfər əsgər və zabiti “Dikaya diviziya”nın döyüşçüləri tərəfindən tərk-silah olunaraq şəhərdəki həbsxanaya doldurulub. Bizim müqavimətimizə baxmayaraq, həmin gün dəmiryol stansiyası əksinqilabçıların əlinə keçdi.

“Timofey Ulyantsev” zirehli qatarı vağzala gələrək bizə pulemyot və digər silahlar verib Yevlax tərəfə üz tutdu. Yevlaxda yerləşən alay komandiri Tereşşenkoya xəbər çatdırılmışdı ki, onun bölükləri Gəncəyə girə bilmir. Hər dəfə üsyançılar tərəfindən yaylım artilleriya atəşinə tutulurlar.

Şəhər əhli çox möhkəm vuruşurdu. Yeni zirehli qatarlar gələnədək biz Gəncənin mərkəzinə doğru hücumu təşkil edə bilmədik”.

İkinci şahid – Somaşik Anatoli İosifoviç. Dəmir yol vağzalı, beşinci bina, mənzil 9:

“Mən, Gəncədə doğulmuşam. 1917-1920-ci illərdə baş verən hadisələrin iştirakçısıyam. 1918-ci ilin yanvarında Şamxor stansiyasındakı qırğını gözümlə görmüşəm. O zaman türk cəbhəsindəki eşalonlarla vətənə qayıdan rus əsgərlərinin silahını alırdılar. “Dikaya diviziya”nın əsgərlərini, Tatoğlu Həsəni, Sarı Ələkbəri, Qaçaq Qəmbəri gözümlə görmüşəm. Hadisələrə Rəfibəyov, Səfikürdski, Ziyadxanov və Şamxorski rəhbərlik edirdi”.

1918-ci ilin iyun ayında “Dikaya diviziya” bütövlükdə ləğv olunaraq Azərbaycan Milli Ordusunun tabeliyinə verildi. Buradakı görkəmli hərbçilər milli ordunun yaradılmasında, Bakının erməni-rus bolşeviklərindən azad olunmasında əsl qəhrəmanlıq göstərdilər. Gəncə üsyanı zamanı eyni qüvvələr Azərbaycanın istiqlalı uğrunda ölüm-dirim mübarizəsinə girişdilər”.

Somaşkin sonra yazır: “Üsyan başlayanda Tereşşenkonun zirehli qatarı Poylu stansiyasındaydı. Mən də müdafiə bölüyündəydim, silahlarımız çatışmırdı. Qiyamçıların dəstələri anbaan çoxalırdı. Biz öz gücümüzlə stansiyanı qoruya bilmədik. Üsyançılar vağzalı tutaraq yük vaqonlarını dağıdır, silah-sursat axtarırdılar. Tereşşenkonun zirehli qatarı Poylu istiqamətindən qayıdıb vağzala daxil olanda üsyançılar şəhərə doğru geri çəkildilər. Yalnız üsyanın üçüncü günü Yevlax istiqamətindən qırmızı ordu hissələri vağzala girə bildi. 4-5 artilleriya briqadası stansiya ətrafında yerləşdirildi. Üsyanın 5-ci günü raket işarəsi verildikdən sonra şəhərə doğru hücum başlandı. Bizim dəstə Gəncə mahud fabrikinin yanınadək irəliləmişdi. Patronlarımız çatışmırdı. Həmin döyüşdə sol cinahla əlaqəni itirdik. Xeyli ölənimiz, yaralananımız oldu”.

Digər şahid ifadəsində maraqlı bir fakt: erməni mənşəli bu adam deyir ki, üsyan başlamazdan üç gün əvvəl mən şəhərdə məşhur bandit Kasum Kaçaqlarski ilə rastlaşdım (söhbət samuxlu Qaçaq Məmmədqasımdan gedir). O, üç-dörd nəfərlə stansiyada dayanmışdı. Məni saxlayıb:

– Bir neçə gündən sonra sizə Şamxordakından da pis divan tutacağıq. Şəhərdə bir nəfər də olsun bolşevik sağ qalmayacaq – dedi.

Onun bu hikkəli danışığı barədə 20-ci diviziyanın komandiri Velikanova xəbər verdim. O, mənə acıqlanıb qışqırdı:

– Sən təxribatçısan. On gün vaxt verirəm, əgər üsyan başlamasa, səni həbs etdirəcəyəm. Çıx get və bu şayiəni heç yerdə danışma”.

Hadisələr samuxlu Qaçaq Məmmədqasımın dediyi kimi cərəyan etdi. O illərin fəal mübarizlərindən biri – adı dillərdə gəzən Qaçaq Məmmədqasımı dinləyək. O qanlı illərin canlı şahidi görün nə yazır:

“Gəncə üsyanı mayın 24-də alovlandı. Şəhərdə yerləşən bolşevik qərargahı ələ keçirildi. Ermənilərin bələdçiliyi ilə şəhəri top atəşinə tutmağa başladılar. Mənə Samuxdan yeni qüvvələr gətirmək tapşırığı verildi. Ona görə də Samuxa yollandım və yolda 500-ə yaxın bolşevik əsgərinin bizə tərəf getdiyini müşahidə edib, onlardan tez özümü kəndə çatdırdım. Qısa vaxtda 250 nəfər könüllü toplaya bildim. Geri dönərkən bolşevik qoşunları ilə Qarasaqqal ətrafında üzləşdik. Həmin yerləri yaxşı tanıdığımızdan onları darmadağın etdik və üsyanın ikinci günü Gəncəyə daxil olduq.

Mənə “Dördyol” deyilən ərazini qorumaq tapşırıldı. Burada at cəmdəklərindən və insan meyitlərindən tərpənmək mümkün deyildi. Top mərmiləri, pulemyot güllələri dolu kimi yağırdı. Bolşeviklərin tərəfinə keçən ermənilərin sayı anbaan artırdı. Bizə isə yardım gəlmirdi. Lakin möhkəm dayanmışdıq. Nəhayət, bolşeviklər şəhərin Üçtəpə istiqamətindən Gəncəyə daxil ola bildilər. Onlar üç gün, üç gecə heç kimə fərq qoymadan, uşaqları, qadınları, qocaları da vəhşicəsinə məhv etdilər. Küçələrdə o qədər meyit vardı ki, hərəkət etmək mümkün deyildi. Leysan yağışlar da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı. Gəncə çayı daşdığından şəhərə daxil olmağa maneçilik törədirdi. Sel-su al qana boyanmışdı. Evlər, bağ-bağçalar, parklar dağıldığından çaşbaş qalmış adamların hərəsi bir tərəfə qaçırdı. Şərqdən gələn və şəhəri güclü atəşə tutan bolşeviklərdən canını qurtarmaq istəyən zavallı xalq əsasən qərbə tərəf gedirdi. Fəqət, qarşılarında aşıb-daşan Quşqara çayı vardı. Daş, qaya nə varsa, sürükləyib gətirən çayın belə gur axmasını mən birinci dəfəydi ki, görürdüm. Aləm cəhənnəmə dönmüşdü. Qaniçən bolşeviklərdən canını qurtarmaq istəyən uşaqlar, qızlar, gəlinlər, qocalar, qarılar özlərini çaya atır, sellərdə qərq olurdular. İçi insanlarla dolu arabalar da çayda beşik kimi atılıb-tutulur, məhv olurdular.

Şəhərin quzey tərəfindən ikinci hissəylə düşmənlərin irəliləməsi bu fəlakəti daha da artırdı. Namus və ismətlərini qoruyan Gəncə qadınları əvvəlcə körpələrini, sonra özlərini suya atıb məhv olurdular. Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə çayı keçirməyə nail olduq. Lakin başımıza yağan atəşin altında onları tamam qurtarmaq mümkün deyildi. Kükrəyən dalğalarda məhv olan qadınlarımızın məsum çöhrələrini və çoxlarının – “Qasım lələ, bizi qurtar!” – deyə nalə çəkdiklərini hələ də unutmamışam. Bu, faciə idi, dözülməz bir faciə”.

Şahidlər öz ifadələrində qeyd edirlər ki, Gəncə üsyançılarına uzaq kəndlərdən də qoşulanlar çox idi. Onların arasında Şəmkir bölgəsinin Morul kəndindən gəlmiş Sarı bəyin dəstəsi özü ilə iri atıcı döyüş maşını, sursat-silah da gətirmişdi.

Şahid ifadələrində indiyədək heç yerdə açıqlanmayan mühüm bir fakt da var. Qeyd olunur ki, üsyan başlamazdan əvvəl 200 nəfərlik silahlı dəstə qırmızı bayraqla XI ordunun qərargahına gəlib bolşeviklərə canla-başla xidmət edəcəklərini bildirir və razılıq əldə olunduqdan sonra Velikanovun tabeliyinə keçərək kazarmada yerləşdirilirlər. Üsyan başlayanda isə onlar bolşevik qüvvələrinin tərk-silah olunmasında mübarizəyə qoşulurlar.

Çox əfsuslar olsun ki, bu barədə əldə olan xatirələrin, arxiv materiallarının heç birində ətraflı məlumat verilməyib. Bu 200 nəfər fanatikin kimliyi barədə dəqiq soraq yoxdur. Bu haqda nədənsə, Cahangir bəy Kazımbəyli də öz xatirələrində məlumat vermir.

Ermənilər isə həmişə öz satqın simalarını göstərirdilər. Mərkəzi Dövlət Arxivinin 267-ci fondunda saxlanılan materiallardan bəlli olur ki, ermənilər bolşeviklərin yolunu həsrətlə gözləyirdilər. Gəncə ətrafındakı Zəylik kəndindən 140, Çardaqlıdan 150, Badakənddən 40 erməni daşnakı bolşevik qüvvələrinə qoşulub. Onların qəddarlığı üsyan yatırıldıqdan sonra daha da güclənib. Bu nankorlar saysız-hesabsız günahsız insanın sorğu-sualsız Quru Qobuda, Üçtəpə ətrafında qətlə yetirilməsində fəal iştirak ediblər.

Şahidlərin dediyinə görə, həmin günlərdə “Qırmızı Dağıstanlı”, “Qırmızı Həştərxan”, “III internasional”, “Qrom”, “Karl Marks”, “Şaumyan-Çaparidze” zirehli qatarları da Gəncə stansiyasına gəldi. Bu zirehli qatarlardan və toplardan şəhər müntəzəm olaraq atəşə tutulurdu.

Üsyan nə üçün məhz Gəncədə olub

Xanlar Bayramov yazır ki, buna səbəb çox idi.

Birinci – Gəncədə milli azadlıq hisslərinin dərin kök salması, Bəndər üsyanının, Cavad xan hərəkatının təsiri, qan yaddaşı;

İkinci – Xalq Cümhuriyyətinin süqutu ilə may ayının 10-dan Gəncədə həbslərin başlaması, ən görkəmli şəxsiyyətlər Xudadat bəy Rəfibəylinin, İsmayılxan Ziyadxanlının, Məmmədbağır Şeyxzamanlının həbs olunması, Nəsib bəy Yusifbəylinin müəmmalı şəkildə yoxa çıxması, digər əslən Gəncədən olan ictimai-siyasi xadimlərin – Həsən bəy Ağayevin, Xəlil Xasməmmədovun, Fətəli xan Xoyskinin, Nağı Şeyxzamanlının və başqalarının vətəndən iraq düşməsi;

Üçüncü – Bakıda və digər ərazilərdə bolşeviklər tərəfindən bəy, xan, mülkədar, musavat adı ilə imkanlı ailələrin var-yoxunun, mülklərinin talan edilməsi və kütləvi həbslər idi.

Çox qısa bir zamanda məlum oldu ki, hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında imzalanan akt və oradakı gurultulu vədlər, sadəcə, kağız üzərində qalmışdı.

Xalq arasında “Xudu bəy” adlanan Xudadat bəyin 1920-ci il mayın 10-da tutulub vağzala gətirilməsi və ordan da Bakıya yola salınması xalqın səbr kasasını tamam doldurub. Millət onu vağzaldan yola salınanadək müşayiət edib, silaha sarılaraq onu azad etmək, son damla qanlarınadək döyüşmək istəsələr də, buna Xudadat bəy razılıq verməyib. Xalqa müraciətində qürurla bildirib: “Mən bütün həyatımı vicdanla yaşamışam. Məni heç vaxt həbs edə bilməzlər. Hərəkətlərimdə cinayət tərkibi yoxdur. Xahiş edirəm ki, artıq hərəkətlərə yol verməyin, evinizə gedin”.

Bunu eşidən Gəncə camaatı könülsüz halda geri qayıdır. Onun müraciəti çoxlarının əl-qolunu bağlayır. Xüsusilə də Sarı Ələkbərin, Tatoğlu Həsənin, Qaçaq Qəmbərin silahlı süvari dəstələrinin… Xudadat bəy Rəfibəyli isə erməni müstəntiq Səfikyanın və bir neçə erməni şahidinin danoslarına əsasən mayın 12-də Nargin adasında güllələndi.

Gəncə üsyanı yatırıldıqdan dərhal sonra bolşevik mühakimələri gündən-günə güclənir. Gəncədə yalnız üsyançılar, onların ailələri, yaxın qohumları deyil, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət strukturlarında işləyənlər də təqiblərə məruz qalırdılar.

Şəhərdəki həbsxanada və ikinci hissədəki erməni evlərinin zirzəmilərində saxlanılan minlərlə günahsız soydaşımıza amansız divan tutulub. Qətlə yetirilənlərin bir çoxunun adlarını və soy adlarını dəqiqləşdirmək belə mümkün olmayıb. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarında çalışan əksər azərbaycanlı cəzaya məhkum olunub. Hər şey dəqiq, hər şey aydın idi: ya ölüm, ya da ki, 20 illik sürgün. Gəncə qubernatorluğunun, polis idarəsinin bütün əməkdaşları, Xanxoyskilərin, Ziyadxanovların, Kazımbəyovların hamısı Tatoğullarının, Həsənin və Məmməd Söyünün dəstələrindən ələ keçənləri, Sarı Ələkbərin, Qaçaq Qəmbərin silahdaşları yerindəcə güllələnib. Tatoğlu Həsən Batumi şəhərinin yaxınlığında öldürülüb. Üsyanın əsas təşkilatçılarından biri – Qaçaq Qəmbər ağır döyüşlərdə yaralandığı vaxt silahdaşları tərəfindən aradan çıxarılsa da, sonrakı taleyindən xəbər yoxdur.

Tatoğlu Həsənin qardaşı Məmməd Söyün və oğlu Aslan üsyan yatırıldıqdan sonra Ceyrançöldə həbs edilərək, şəhər həbsxanasına salınıb. Məmməd Söyünün həyat yoldaşı Böyük Xanım hər gün oğlu Aslana yemək gətirərək həbsxananın qarşısında şəhərdən axşamacan gözləyirmiş. Həbsxanadakı məmurlar isə ananın oğlu ilə görüşünə icazə vermir, bu nakam taleli qadını qapıda saatlarla gözləməyə məcbur edirdilər… Nəhayət, beşinci gün oğlunun və ərinin qanlı paltarlarını onun üstünə ataraq – “Məmməd Söyün və Aslan güllələnib”, – dedilər. Qəfil xəbərdən ananın elə o dəqiqə ürəyi partlayır…

Mübarizə davam edir

Gəncə üsyanının amansızcasına yatırılmasına baxmayaraq, üsyanların əks-sədaları gah Qarabağdan, gah Tərtərin müxtəlif ərazilərindən, gah Zaqataladan gəlməyə başladı. Hər yerdə Azərbaycan xalqı son nəfəsədək öz istiqlalı və azadlığı uğrunda mübarizə aparırdı.

Gəncə üsyanı yeni məcraya yönəldi. Şərəfsizliyi qəbul etməyən qeyrətli el oğulları dağlara çəkilərək qaçaq dəstələri düzəldir, mübarizəni davam etdirirdilər. Çanaqçı kəndindən Sarı Qafar, Sarov kəndindən Məhəmmədəli, Gədəbəydən Mustafa ağa, Şınıxın Yaqublu dərəsindən Məcid ağa, Tovuzun Xınna dərəsindən Həmzə, Aşağı Ayıblıdan Abdulla, Qaracəmirlidən Ramazan oğlu Rüstəm, Dağbasandan Molla Zeynalın oğlu Abuzər, Zaqataladan Şüayib, Qarabağın Qərvənd kəndindən Qədir, habelə on minlərlə könüllü ölüm-dirim mübarizəsinə girişdi.

Təkcə Nadir və qardaşları iki yüzədək rus bolşevik əsgərini pusquya salıb öldürdülər. Balçılı kəndindən Yunis, Eldardan Məhəmməd Əli, Şəkinin Köynük kəndindən Abdulla, habelə Temurxan-Şuradan Uzun Hacı üç min atlısı ilə birlikdə bolşeviklərlə döyüşürdü. Bütün Qafqaz qaynayırdı. Hər yan qan və atəş içindəydi. Samuxlu Qaçaq Məmmədqasım yazırdı ki, bu mübarizə 1920-ci ilin mayından – Gəncə üsyanından başlayıb 12 il davam etdi.

Xalqın mənəvi qələbəsi

Zaman keçdikcə o coşqun illərin yeni-yeni səhifələri açılır. Təzə-təzə faktlar, sənədlər üzə çıxır. Bu, xalqın hünər və rəşadət yolunun araşdırılması üçün çox vacibdir. Belə mühüm iş gərək tək-tək həvəskarların, ayrı-ayrı yazarların ümidinə qalmasın. Müvafiq institutlar, elm mərkəzləri ardıcıl şəkildə sistemli iş aparsınlar. Adlar, ünvanlar, döyüş yerləri dəqiqləşdirilsin. Bu misli görünməmiş hadisənin dəqiq mənzərəsi yaradılsın. Gənc nəsil ataların milli istiqlal yolundakı şanlı ənənələrinə nə qədər dərindən bələd olarsa, onun Vətən məhəbbəti, milli mənliyi, mübarizlik ruhu bir o qədər yüksək olar.

…Bəli, cümhuriyyət süqut etdi. Üsyan yatırıldı. Fəqət bu qanlı döyüş səhnələri Gəncənin azadlıq ruhunun nə dərəcədə yüksək olduğunu bir daha göstərdi. Təqribən, bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən iyirmi min adam öldü. Minlərlə gəncəli doğma yurdunu tərk eləməyə məcbur oldu. Şəhər, demək olar, boşalmışdı. Əgər 1916-1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38.880-ə enmişdi. Şəhər həyatının digər sahələrində də bu cür kəskin tənəzzül duyulurdu. Hərdən düşünürsən, lazım idimi bu qırğın, bu qan-qada? Çoxunun ürəyindən keçən bu suala Ceyhun bəy Hacıbəyli 1952-ci ildə Parisdə çıxan “Azərbaycan” dərgisinin ikinci sayında çox gözəl cavab verir: “Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbietibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib götürdü”.

Bu, xalqın mənəvi qələbəsi idi.

Əhməd İSAYEV

Həmçinin yoxlayın

Fars-molla rejimindən Azərbaycana qarşı hədələr davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin daha bir deputatı Azərbaycanı Azərbaycanı hədələyib. …

Sayın Mikayil Oytanın 27 Sentyabr Anım Günü ilə bağlı bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiasiyası (AAA) prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Bir cavab yazın