Çərşənbə , Fevral 21 2024
azfa

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə GADTB-nin bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Azərbaycan Türk Millətinin həmrəylik günü ideyası müstəmləkəçi və imperialist dövlətlərin işğalçılıq siyasəti ilə parçalanmış Azərbaycanın və Azərbaycan Türk Millətinin birlik və bütövlük arzusundan doğmuşdür. 1989-cu ilin sonlarında Azərbaycan Türk Millətinin övladları bu birlik, bütövlük və həmrəylik istəyini tarixə həkk etmişdir. Quzey Azərbaycanın istiqlalını bərpa etmə ərəfəsində Azərbaycan Türk Millətinin Araz çayı boyunca tikanlı məftilləri və sərhəd maneələrini dağıdaraq, həsrətdə yaşayan bacı-qardaşların görüşüb qucaqlaşması, parçalanmış Azərbaycan Türk Millətinin birləşmək istəyinin necə dərin köklərə malik olduğunu bir daha göstərmişdir. Bu isə Gülüstan və Türkmənçay müqaviləsindən yüz illər keçsə də Azərbaycan Türk Millətinin bu parçalanma ilə barışmadığını göstərir. Bu vasitə ilə Azərbaycanın Quzeyi və Güneyində yaşayan Azərbaycan Türk Milləti öz birlik və həmrəyliyini əməldə göstərdi və 31 Dekabr – Dünyada Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixə düşdü.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan Türk Milləti və onun vətəni Azərbaycanın bütövləşməsi uğrunda həmrəylik və birlik nəzərdə tutulur. Həmrəylik Güney Azərbaycanın müstəqilliyini bərpa edib, Bütöv Azərbaycanın yaranması və Türk Dünyası ilə birlik və bütövlüyü hədəfləyən böyük bir amaldır. Bu böyük amala əsas maneələrdən biri Azərbaycan torpaqlarının böyük bir hissəsinin işğalda qalması idi. Xoşbəxtlikdən Qarabaq və Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi artıq bu müqəddəs amala daha ciddi köklənməyə şərait yaratmışdır. Artıq erməni işğalçıların məğlub edilməsi ilə Azərbaycanın güneyinin işğaldan azad edilib müstəqilliyini bərpa etməsi əsas maneə kimi gündəmdədir. Azərbaycan türkü bilməlidir ki, Azərbaycanın böyük hissəsi olan Güney Azərbaycan tam işğaldadır. Güneyin müstəqillik qazanıb, Bütöv Azərbaycanın yaranması bu birlik və həmrəylik bayramının gerçəkləşdiyi gün olacaq. Bu yolda böyük milli-siyasi birlik və həmrəylik tələb olunur. Müstəqil Azərbaycan dövləti də bu istiqamətdə öz iradəsini ortaya qoymaqdadır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyada yaşayan bütün Azərbaycan türklərini təbrik edib, böyük millətimizi Azərbaycanın həqiqi bütövləşməsi uğrunda səylərini birləşdirməyə çağırır. İnanırıq ki, Güney Azərbaycanın öz müstəqilliyini bərpa etməsi və Bütöv Azərbaycanın yaranması ilə Azərbaycanın Türk Millətinin birlik və bütövlük istəyi gerçəkləşəcək. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu istiqamətdə öz fəaliyyətinə davam edərək, böyük millətimizi Azərbaycanın həqiqi bütövləşməsi uğrunda səylərini birləşdirməyə və həmrəy olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana …

Molla rejimin həbs etdiyi daha bir azərbaycanlı fəalın kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həbs dalğasında irqçi fars-molla rejimin həbs etdiyi …