
GADTB: Dünyanın 46 ölkəsi BMT İnsan Hüquqları Şurasına birgə bəyanat təqdim edərək İranda edamların davam etdirilməsini, bu cəzanın tətbiqi və icra hallarının artmasını pisləyib.
Bəyanatı imzalayan ölkələr xüsusilə ötən ilin dey ayı etirazları zamanı saxlanılan şəxslərin edam edilməsindən ciddi narahatlıqlarını ifadə ediblər.
Bəyanat Polşadan başqa bütün Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya, Kanada, Ukrayna və İsveçrə daxil olmaqla daha 20 ölkə tərəfindən imzalanıb. Sənəd oktyabrın 1-də, çərşənbə günü, Lixtenşteynin nümayəndəsi Daniel Butliner tərəfindən oxunub.
Bəyanatda vurğulanıb ki, “heç kim ifadə azadlığı kimi fundamental hüquqlardan istifadə etdiyinə və ya səsinin eşidilməsini tələb etdiyinə görə edam cəzası ilə üzləşməməlidir”.
Bəyanatı imzalayan ölkələr BMT ekspertlərinin, o cümlədən BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisinin hesabat və araşdırmalarına istinad edərək bildiriblər ki, İran İslam Respublikasının etirazçıların edamına əl atması “cəmiyyətdə qorxu və hədə yaratmaq, müxalifləri repressiyaya məruz qoymaq və susdurmaq, dinc toplantıların və ifadə azadlığının qarşısını almaq” məqsədi daşıyır.
Bəyanat müəllifləri beynəlxalq standartlara uyğun ədalətli məhkəmə araşdırmalarının olmamasından, məcburi etiraflar almaq üçün işgəncədən istifadə edilməsindən və müxaliflərin məcburi itkin düşməsindən də ciddi narahatlıq ifadə edərək İrandan bütün bu tədbirlərə, xüsusilə də etirazçıların edamına dərhal son qoymağı tələb ediblər.
Birgə bəyanat 1404-cü ilin Dey ayında keçirilmiş etirazlarda saxlanılan şəxslərin edamlarının artması ilə bağlı beynəlxalq narahatlığın gücləndiyi bir vaxtda hazırlanaraq təqdim olunub.
İran İslam Respublikası rəsmi olaraq bu etirazlar zamanı saxlanılan şəxslərdən 30-dan çoxunun edam edildiyini açıqlayıb. Bununla yanaşı, vəkillər və hüquq müdafiəçilərinin bildirdiyinə görə, daha onlarla insan edam hökmünün çıxarılması və ya icra edilməsi təhlükəsi ilə üzləşir.
BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato birgə bəyanatı alqışlayaraq bildirib: “Edam hökmlərinin icrasına tamamilə son qoyulana qədər onların dayandırılmasına ehtiyac heç vaxt indiki qədər həyati olmayıb.”
Bundan iki aydan çox əvvəl BMT-nin Sara Hüseynin rəhbərlik etdiyi Müstəqil Faktaraşdırıcı Missiyası da İran rəsmilərini bütün edamları, o cümlədən 1404-cü ilin Dey ayı etirazlarında saxlanılan şəxslərin edamlarını dərhal dayandırmağa və edam cəzasının icrasının tamamilə dayandırılmasına doğru prosesə başlamağa çağırmışdı.
Bu etirazlar və beynəlxalq çağırışlar son 9 ay ərzində İran İslam Respublikasının ən azı 590 nəfəri, o cümlədən 22 qadını edam etdiyi bildirilən bir vaxtda yenidən səsləndirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi