
GADTB: Azərbaycanlı fəallar Abbas Lisanı, Əli Xeyircu, Yusif Kari və Behzad Dəştinin saxlanılması artıq 15-ci günə keçib və onların vəziyyəti ilə bağlı qeyri-müəyyənlik və narahatlıq davam edir.
Həmin azərbaycanlı fəallar 20 Aban 1404 tarixində Evin həbsxanası qarşısında etiraz edənlərlə həmrəylik məqsədilə orada olduqları zaman saxlanılıblar. Telefon əlaqəsi zamanı bildirdiklərinə görə, ilkin saxlanmadan sonra onlar Əndərzgah 7-nin karantin bölməsinə köçürülüblər.
Məlumatlara əsasən, saxlanılma zamanı molla rejimin qüvvələri dörd fəalı dəyənəklə və bibər qazı ilə döyərək zor tətbiq edib. Nəticədə Əli Xeyircunun dişi qırılıb, Behzad Dəştinin burnu zədələnib və hər dörd fəalın ayaqlarında, qollarında və bellərində göyərmələr yaranıb.
Bu xəsarətlərə baxmayaraq, onların tibbi ekspertizaya təcili göndərilmələri ilə bağlı 22 Aban tarixində Tehran prokuroru Əli Salehi və Evin həbsxanasının rəisinə ünvanlanan rəsmi məktublarına indiyədək cavab verilməyib.
Saxlanılan şəxslər bir neçə saat sonra Evin prokurorluğunun 6-cı istintaq şöbəsinə, hakimi Vəhid Nasirinin yanına aparılıb və onlara aşağıdakı ittihamlar elan edilib:
Abbas Lisanı üçün:
– Qanunsuz qrup yaratmaq və onu idarə etmək
– Ölkə təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə
– İctimai asayişi pozma.
Xeyircu, Kari və Dəşti üçün:
– Qanunsuz qrupa üzvlük
– Ölkə təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə
– İctimai asayişi pozma
“İctimai asayişin pozulması” ittihamı üzrə 1 milyard tümən girov müəyyən edilib, digər ittihamlar üzrə isə həbs-qətimkan tədbiri seçilib.
27 Aban 1404 tarixində isə dörd fəalın ETTELAAT Nazirliyinin 209-cu təcridxanasına köçürüldüyü bildirilir. Onlara verilən yeganə qısa telefon zəngi də yalnız bu köçürülmə barədə məlumat vermək üçün olub.
Həbsin davam etməsi, vəkilə çıxış imkanının məhdudlaşdırılması, tibbi xidmətin göstərilməməsi və 209-cu təhlükəsizlik bölməsinə keçirilmiş olmaları azərbaycanlı fəallara qarşı artan təzyiqlərlə bağlı narahatlıqları gücləndirir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi