
GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, məlumatlı mənbələr bildiriblər ki, ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq bu həftə qanunvericilərlə keçirdiyi görüşlərdə Pentaqonun İranla müharibənin xərclərini və müharibə ilə birbaşa əlaqəsi olmayan bəzi digər layihələri maliyyələşdirmək üçün əlavə 80 milyard dollar büdcəyə ehtiyacı olduğunu açıqlayıb.
Məlumata görə, ABŞ Konqresinin üzvləri son həftələrdə Prezident Donald Tramp administrasiyasından martın 9-da başlandığı bildirilən hərbi əməliyyatların ümumi maliyyə yükü ilə bağlı ətraflı hesabat təqdim etməyi tələb ediblər.
“The Wall Street Journal” yazır ki, senatorlar və nümayəndələr arasında əsas narahatlıqlardan biri ABŞ ordusunun bu müharibə zamanı yüksək dəyərə malik hərbi sursat və raket ehtiyatlarının əhəmiyyətli hissəsini sərf etməsidir.
Qanunvericilər hesab edirlər ki, istifadə olunan bu sursatlar gələcəkdə dünyanın digər bölgələrində yarana biləcək təhlükələrə qarşı hərbi hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Konqres üzvləri həm müharibənin maliyyə dəyəri, həm də ABŞ Silahlı Qüvvələrinin hərbi ehtiyatlarının mövcud vəziyyəti barədə daha geniş və ətraflı məlumat tələb edirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi