
GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 partlayış səsi gəlib.
İRİB bildirib ki, şəhərin qərbində ardıcıl üç partlayış baş verib.
Məlumata əsasən, hələlik partlayışların hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində, yoxsa düşmən raketlərinin zərbələri nəticəsində baş verdiyi dəqiqləşməyib.
Həmçinin qeyd olunub ki, bu, İrana qarşı yeni hücum dalğası başlayandan sonra Təbrizə edilən ilk hücum olub.
Təbriz raket bazasına hücum edildiyi iddia olunur
Vahid Online teleqram kanalı yaydığı videoda Təbrizdə qeydə alınan partlayışların şəhərdə yerləşən raket bazasını hədəf aldığını iddia edib.
Videoda partlayış səsləri, gecə səmasında işıq saçmaları və tüstü görünür. Lakin görüntülərin çəkildiyi yerin və iddia olunan hədəfin müstəqil şəkildə təsdiqlənməsi hələ mümkün olmayıb.
Oxuculardan daxil olan məlumatlara əsasən, bu gün səhər saat 02:37–02:38 radələrində Təbrizin müxtəlif bölgələrində ardıcıl bir neçə güclü partlayış səsi eşidilib.
Çoxsaylı şəhər sakinləri 2-dən 4-ə qədər güclü partlayış baş verdiyini bildiriblər. Bəzi şahidlərin sözlərinə görə, partlayışların gücü o qədər yüksək olub ki, ətrafda hiss olunan güclü sarsıntı yaranıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi