
GADTB: Məsud Pezeşkian sanksiyalar, iqtisadi təzyiqlər və hərbi qarşıdurmalara toxunaraq bildirib ki, İslam Respublikası hazırda 1979-cu il inqilabından bəri ən çətin dövrünü yaşayır.
Məsud Pezeşkian prezidentliyinin ikinci ildönümü münasibətilə İran dövlət televiziyasına verdiyi müsahibədə deyib:
“Mövcud şərait 1979-cu il inqilabından sonrakı dövrün ən ağır mərhələsidir.”
O bildirib ki, sanksiyalar davamlı şəkildə sərtləşdirilib, İranın bank və maliyyə sistemi geniş məhdudiyyətlərlə üzləşib, sonrakı dövrdə isə müharibə və iqtisadi mühasirə mövcud təzyiqləri daha da artırıb.
Pezeşkian vurğulayıb ki, İslam Respublikası hazırda “mümkün olan ən ağır şəraitdə”dir və bu təzyiqlərin əsas məqsədinin ölkəni iflic vəziyyətinə salmaq olduğunu bildirib.
Bu açıqlamalar Tehranın eyni zamanda ABŞ ilə diplomatik təmasları qorumağa çalışdığı bir dövrdə səsləndirilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi