
GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ və İsrailin hücumlarından sonra ABŞ qüvvələrinə qarşı “öz hərbi əməliyyatlarını irəli aparmaq” üçün Starlink-dən istifadə edib.
“The Washington Post” qeyd edib ki, ABŞ və İsrailin hücumları başlayandan sonra həmin həftənin əvvəlində İlon Mask SpaceX şirkətinin peyk internet xidmətindən icazəsiz şəkildə iki fərqli formada istifadə edildiyindən xəbər tutub.
“Şirkətdaxili müzakirələrdən məlumatlı iki nəfərin” sözlərinə görə, Maskın komandası İranın ABŞ qüvvələrinə qarşı hərbi əməliyyatlarını irəli aparmaq üçün Starlink-dən istifadə etdiyi qənaətinə gəlib.
Adlarının açıqlanmasını istəməyən bu iki mənbə bildirib ki, Mask həmçinin ABŞ ordusunun “Starshield” adlanan, Starlink-in hərbiləşdirilmiş versiyasından istifadə etməklə birtərəfli hücum dronlarından yararlandığını öyrənib. Lakin bu məqsədlə yalnız quru əməliyyatlarında istifadə olunması nəzərdə tutulan daha ucuz abunə paketindən istifadə edilirmiş.
Qəzet yazıb ki, Tehranın hərbi əməliyyatlarını dəstəkləmək üçün Starlink-dən istifadə etməsi indiyədək açıqlanmamış məsələ olub.
Hesabata əsasən, ABŞ hökuməti Ukrayna ordusu və İran hökumətinin müxalifləri də daxil olmaqla, müttəfiqlərinin Starlink və Starshield xidmətlərinə çıxışını asanlaşdırıb. Lakin ABŞ-ın düşmənləri də Maskın nəzarət edə bilmədiyi üsullarla Starlink-dən istifadə etməyin yollarını tapıblar. Bu, Maskın sistemdən sui-istifadənin qarşısını almaq üçün gördüyü tədbirlərə baxmayaraq baş verib.
Karnegi Beynəlxalq Sülh Fondunun “Demokratiya, Münaqişə və İdarəçilik Proqramı”nın baş tədqiqatçısı və direktoru Stiven Feldşteyn qəzetə bildirib ki, zərərli niyyətli aktorlar “bu texnologiyadan yararlanmağı və ondan ABŞ-ın milli təhlükəsizliyinə konkret şəkildə zərər vuran üsullarla istifadə etməyi bacarıblar”.
SpaceX və İlon Mask sistemdən sui-istifadə edilməsi və bundan sonra xidmətə tətbiq olunan məhdudiyyətlərlə bağlı təkrar müraciətlərə cavab verməyiblər.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və ABŞ Müharibə Nazirliyi də Tehranın Starlink-dən istifadəsi ilə bağlı sualları cavablandırmaqdan imtina ediblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi