ABŞ İranın Hörmüz boğazı ilə bağlı vədlərinə etibar etmir və onları yoxlayacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens şənbə günü bildirib ki, İran ABŞ-a Hörmüz boğazından mümkün olan maksimum həcmdə neftin keçməsinə icazə verəcəyini deyib. Lakin o vurğulayıb ki, İran bu vədi praktikada sübut edənədək Vaşinqton buna etibar etməyəcək.

40 günlük müharibədən sonra İranla aparılan danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edən Vens Fox News telekanalına müsahibəsində deyib: «Onlar təzyiq altındadırlar və bu vəziyyətin başa çatmasını istəyirlər».

O əlavə edib: «Hazırda gəmilərin təhlükəsiz şəkildə boğazdan keçə bilməsi üçün hərəkət mexanizminin necə yaradılacağını müzakirə edirik. Bu mexanizmə İranın kommersiya gəmilərinə atəş açmayacağı ilə bağlı öhdəliyi də daxildir».

ABŞ vitse-prezidenti bildirib: «Əlbəttə, problemlərdən biri odur ki, iranlılar müharibənin əvvəlində əraziyə çoxlu sayda mina yerləşdiriblər. Buna görə də hazırda əsasən gəmilərin bu marşrutla təhlükəsiz hərəkət edə bilməsi üçün hansı mexanizmin yaradılmasının mümkün olduğunu araşdırırıq. Bu, əlbəttə, minaların təmizlənməsini də əhatə edir».

Vens deyib: «Bizim gözləntimiz odur ki, münaqişə başlamazdan əvvəl Körfəzdən çıxarılan neft və qazın eyni həcmi bundan sonra da bu ərazidən daşınsın. İranlılar bizə bunu edəcəklərini bildiriblər. Körfəz ölkələrindən ibarət bütün koalisiya da eyni şeyi istəyir. Amma bilirsiniz, biz etibar etmirik, biz yoxlayırıq. Əslində, insanların sözlərinə deyil, onların hərəkətlərinə baxırıq».

O, Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması məsələsinə də toxunaraq bildirib ki, İran hakimiyyəti daxilində bəzi şəxslər rüsum alınmasından danışırlar. Lakin onun sözlərinə görə, İran rejiminin rəsmi nümayəndələri ABŞ-a «Hörmüz boğazından keçən gəmilərdən rüsum almaqla bağlı heç bir planlarının olmadığını» bildiriblər.

Vens eyni zamanda vurğulayıb: «Ancaq yenə də onların praktikada nə edəcəklərinə baxmalıyıq».

Bu açıqlamalar İranın xarici işlər naziri və SEPAH sözçüsünün şənbə günü ayrı-ayrılıqda verdiyi bəyanatların fonunda səslənib. Onlar Omanla aparılan danışıqların Hörmüz boğazının «açılması» ilə bağlı olmadığını və ABŞ-ın bu su yolunun açılması üçün İranın şərtlərini qəbul etməli olduğunu bildiriblər.

Hörmüz boğazı 40 günlük müharibənin başlanmasından etibarən İranın hərbi qüvvələri tərəfindən bir neçə dəfə bağlanıb.

Həmçinin yoxlayın

İsrail İrana qarşı ABŞ-dan müstəqil hərbi əməliyyata hazırlaşır

GADTB: İsrail mediasının məlumatına görə, İsrail ABŞ-ın iştirakı olmadan İran rejiminə qarşı birtərəfli hücumlar həyata …

Ted Kruz: “İranlı etirazçılar silahlandırılmalıdır”

ABŞ senatoru  İrandakı etirazlarla bağlı bildirib ki, böhranın ilk günlərindən etirazçıların silahlandırılmasını müdafiə edir. Kruz …