Cümə , Sentyabr 4 2026
azfa

Molla rejimin yetişdirdiyi terrorçu proksi qüvvələri artıq vahid cəbhə deyil

GADTB: “The Economist” yazır ki, üç il davam edən müharibə İran İslam Respublikasının yetişdirdiyi terrorçu proksi qüvvələr şəbəkəsini koordinasiyalı ittifaqdan müxtəlif maraqlara malik heterogen qruplar toplusuna çevirib. Hizbullah daha çox Tehranın nəzarətinə keçib, husilər daha müstəqil fəaliyyət göstərir, İraqdakı qruplar və HƏMAS isə qərarlarını öz maraqlarına uyğun qəbul edirlər.

Nəşr sentyabrın 3-də yazıb ki, son 15 ay ərzində İrana iki dəfə edilən hücum bu şəbəkənin yeni mahiyyətini üzə çıxarıb. Tehranın illərdir “müqavimət oxu” adlandırdığı qrupların hər biri müharibəyə qoşulub-qoşulmamaq barədə ayrıca qərar verib.

“Müqavimət oxu” İran İslam Respublikası rəsmiləri və mediasının Hizbullah, Həşdi Şəbi, HƏMAS və Yəməndəki husilər kimi Tehran tərəfindən dəstəklənən silahlı qruplaşmaları ifadə etmək üçün istifadə etdiyi addır.

The Economist yazır ki, ərəb silahlı qruplarına dəstək strategiyasının kökləri 1980-ci illərə və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hizbullah qüvvələrinə təlim keçməsinə gedib çıxır. Məqsəd İranın nizami ordusunun zəifliyini kompensasiya etmək və ölkə sərhədlərindən kənarda müdafiə xətti yaratmaq olub.

Nəşr 7 oktyabr 2023-cü il hücumundan sonrakı müharibələri bu strategiyanın uğursuzluğunun göstəricisi hesab edir: “İran özü hücumun hədəfinə çevrildi, Hizbullah və HƏMAS ciddi şəkildə zəiflədildi, Bəşər Əsəd hökuməti devrildi, İraq hökuməti isə silahlı qruplara oktyabrın əvvəlindən etibarən silahlarını yerə qoymaları barədə göstəriş verdi.”

Bununla belə, The Economist “müqavimət oxu”nun tamamilə dağılmasını ehtimal etmir: “Qruplar hələ də mövcuddur və Tehran öz sərhədlərindən kənarda çəkindirmə imkanına ehtiyac duyur, lakin onların hamısını yenidən qurmaq üçün lazımi resurslara malik deyil.”

Ehtimal olunan nəticə qrupların ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətlərini davam etdirməsidir. Bəziləri Tehranın daha birbaşa nəzarəti altına keçəcək, digərləri isə başqa himayədarlara yönələcək.

Hizbullah 2023-cü ildən əvvəl 100 mindən çox raket və mərmiyə malik idi.

The Economist yazır ki, Həsən Nəsrullah özünü Tehranla bərabər səviyyədə görürdü. Lakin onun və Hizbullahın bir sıra komandirlərinin İsrailin hücumlarında öldürülməsindən sonra qüvvələr nisbəti dəyişib: “Yeni baş katib Naim Qasım sələfi qədər müstəqil deyil və İran İslam İnqilabı Keşikçiləri Korpusu qruplaşmaya daha birbaşa nəzarət etmək üçün Livana qüvvələr göndərib.”

Livan hökuməti də Hizbullahın tərksilah edilməsini tələb edir.

Bu çərçivədə Reuters xəbər verib ki, ən azı iki yüksək rütbəli zabit olmaqla, İran İslam İnqilabı Keşikçiləri Korpusunun 12-dən çox üzvü Hizbullah qüvvələri ilə birlikdə Livanın cənubundakı Əli əl-Tahir yüksəkliklərində yerləşir.

Hizbullah İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinin mövcudluğunu təsdiqləməyib, Ağ Ev rəsmisi isə Reuters-in məlumatlarını dəqiq hesab etməyib.

The Economist belə nəticəyə gəlir ki, Tehran hazırda Hizbullahı əməliyyat imkanlarından daha çox, ən qədim müttəfiqini qoruyub saxlamağın simvolik əhəmiyyətinə görə dəstəkləyir.

Digər tərəfdən, husilər Tehranın ən müstəqil müttəfiqi kimi təqdim olunur. Bu qruplaşma 1990-cı illərdə Yəmənin şimalında yerli üsyançı hərəkat kimi formalaşıb və sonrakı onilliklərdə İran İslam Respublikasından geniş dəstək alıb.

The Economist vurğulayır ki, husilər hazırda silahlarının bir hissəsini özləri istehsal edir, Somalidəki “Əş-Şəbab” qruplaşması ilə əməkdaşlıq edir, həmçinin Rusiya və Çinlə əlaqələr qurublar. Onların son müharibələrdə iştirakı da öz hesablamalarına əsaslanıb.

Mövcud böhran zamanı Tehran husiləri ticarət yollarını təhdid etmək və neft qiymətlərini yüksək saxlamaq baxımından mühüm amil hesab edir. Lakin The Economist vurğulayır ki, maraqların üst-üstə düşməsi itaətkarlıq demək deyil.

İraqdakı şiə silahlı qrupları isə bu iki qütbün arasında yer alır.

İraq hökumətinin əməkhaqqı siyahısında 200 mindən çox silahlı qüvvə üzvü var və böyük qruplar Bağdadla müharibə baş verəcəyi təqdirdə mövqelərini itirməkdən narahatdırlar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu daha kiçik əməliyyat hüceyrələri yaratmaq üçün İraqa məsləhətçilər göndərib.

Bundan əvvəl İraqda qrupların birləşdirilməsi və ya ləğv edilməsi məsələsi də gündəmə gəlib.

HƏMAS da əsasən şiələrdən ibarət olan bu şəbəkənin həmişə fərqli xüsusiyyətlərə malik üzvü olub.

The Economist yazır ki, HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə Tehrana yaxındır, lakin qruplaşmanın bəzi digər rəsmiləri Türkiyə və Körfəz ölkələrinə doğru istiqamətlənmənin tərəfdarıdır.

HƏMAS mart ayında da İran İslam Respublikasından qonşu ölkələrə hücumları dayandırmasını istəyib.

The Economist müharibənin vurduğu zərəri yüz milyardlarla dollar qiymətləndirir və yazır ki, ABŞ-ın sanksiyaları və İran limanlarına tətbiq etdiyi blokada Tehranın maliyyə resurslarını məhdudlaşdırıb, Əsəd hökumətinin süqutu isə Livana gedən quru yolunu kəsib.

Hörmüz boğazındakı böhran göstərib ki, ticarət yollarına təzyiq İranda iqtisadiyyata və insanların dolanışığına zərər vura bilər.

Bu səbəbdən Tehran prioritetlərini müəyyənləşdirməyə məcburdur.

The Economist bu vəziyyəti müəyyən mənada 1980-ci illərdə Sovet İttifaqının müttəfiqləri ilə müqayisə edir. Həmin dövrdə Moskvanın artıq onların hamısını maliyyələşdirmək və təmin etmək imkanı yox idi.

“Müqavimət oxu” aradan qalxmayıb, lakin artıq vahid komandanlığa və vahid məqsədə malik bir struktur deyil.

Həmçinin yoxlayın

ABŞ və üç Avropa ölkəsi İranın nüvə proqramının BMT Təhlükəsizlik Şurasına çıxarılmasına çalışır

GADTB: Reuters cümə günü, 4 sentyabr tarixində diplomatlara istinadən xəbər verib ki, ABŞ Böyük Britaniya, …

Rusiyanın İrana gizli hərbi yardımı ifşa edildi

GADTB: Rusiyanın İrana müasir hərbi texnologiya sahəsində gizli dəstəyinin detalları ifşa edilib. “Financial Times”-ın araşdırmasına …