
GADTB: ABŞ Prezidenti cümə axşamı, sentyabrın 3-də özünün “Truth Social” sosial şəbəkəsində paylaşdığı yazıda Hörmüz boğazından keçən neftin həcminin İranla müharibədən əvvəlki səviyyəyə qayıtdığını bildirib.
Donald Tramp Hörmüz boğazı və neft çəlləklərini əks etdirən qrafiklər paylaşaraq yazıb ki, müharibədən əvvəl boğazdan gündəlik 20 milyon barel neft keçirdi, hazırda isə bu rəqəm 18 milyon barelə çatıb.
ABŞ-ın energetika naziri Kris Rayt da çərşənbə günü bildirib ki, bazar ertəsi Hörmüz boğazından 17 milyon bareldən çox neft keçib. Onun sözlərinə görə, bu, müharibənin başlamasından sonra gəmi hərəkətinin azalmasından bəri qeydə alınan ən yüksək göstəricidir.
ABŞ və İsrailin İranla müharibəsinin isfəndin 9-da başlamasından etibarən Hörmüz boğazı Tehranla Vaşinqton arasında yeni qarşıdurma meydanına çevrilib. İran hakimiyyəti boğazı bağladığını bildirsə də, Tramp dəfələrlə boğazın tamamilə ABŞ-ın nəzarətində olduğunu və oradan neft ixracının davam etdiyini vurğulayıb.
Trampın bu paylaşımı gəmi izləmə şirkəti “Kpler”in məlumatlarının fonunda yayılıb. Şirkətin məlumatına görə, çərşənbə günü Hörmüz boğazından lokasiya ötürücüsü aktiv olan yük gəmilərinin hərəkəti son günlərin orta göstəricisindən hələ də əhəmiyyətli dərəcədə aşağı olub.
Cümə axşamı yayımlanan məlumatlara əsasən, çərşənbə günü Hörmüz boğazından 6 gəmi keçib. Halbuki bir gün əvvəl bu rəqəm 11, son 10 günün gündəlik ortalaması isə təxminən 13 gəmi olub.
Bununla belə, bu statistika bütün gəmi hərəkətini əks etdirməyə bilər. Çünki bəzi gəmilər boğazdan keçərkən lokasiya ötürücülərini söndürürlər.
ABŞ Prezidenti yaxınlarda bildirib ki, ABŞ ordusunun köməyi ilə hər gecə orta hesabla 30 gəmi Hörmüz boğazından keçir. O, bu ortalamanın hansı zaman aralığına aid olduğunu və həmin gəmilərin neçəsinin neft tankeri olduğunu açıqlamayıb.
ABŞ rəsmiləri daha əvvəl bildirmişdilər ki, ABŞ ordusunun rəhbərliyi və dəstəyi ilə hər gecə təxminən 15-20 neft tankeri Hörmüz boğazının cənub marşrutu ilə hərəkət edir.
Suriya – “Hörmüz boğazına alternativ”
ABŞ Prezidenti cümə axşamı başqa bir paylaşımında “The Washington Post” qəzetinin yazısını paylaşaraq Suriyanın özünü Hörmüz boğazına alternativ marşrut kimi təqdim etməyə başladığını bildirib.
“Washington Post” yazıb ki, Hörmüz boğazında yaranan problemlər Fars körfəzi ölkələrinin neft ixracatçılarını Aralıq dənizinə alternativ marşrutlar axtarmağa vadar etdiyindən Suriya yeni regional tranzit mərkəzinə çevrilir.
Qəzetin məlumatına görə, hazırda gündəlik təxminən 5 min neft daşıyan yük maşını İraqın cənubundan Suriyanın Baniyas limanına gedir.
“Washington Post”un yazdığına görə, ABŞ-ın dəstəklədiyi və “Chevron” şirkətinin rəhbərlik etdiyi bir layihə İraqın Bəsrə şəhərindən Baniyas limanına gündəlik 2 milyon barelə qədər xam neft nəql etmək gücünə malik, 5,7 milyard dollar dəyərində boru kəmərinin tikintisini nəzərdə tutur. Yekun razılaşmanın “Chevron”, “TotalEnergies”, həmçinin suriyalı və qətərli investorların iştirakı ilə sentyabr ayında imzalanacağı gözlənilir.
Məlumata əsasən, Suriya həmçinin Qətər və digər Körfəz ölkələrinin istehsalçıları ilə mümkün boru kəməri bağlantılarını müzakirə edir. Bundan başqa, Türkiyə və Səudiyyə Ərəbistanı ilə də dəmir yolu layihələri nəzərdən keçirilir. Məqsəd Suriyanı Fars körfəzi, Avropa və Aralıq dənizini birləşdirən mühüm tranzit dəhlizə çevirməkdir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi