
GADTB: Axios üç ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri cümə günü Kemp-Deviddə bir neçə saat ərzində İran İslam Respublikası ilə müharibədə növbəti addımları və Səudiyyə Ərəbistanının Yəməndə husilərlə qarşıdurmasını müzakirə ediblər.
Görüşə ABŞ-ın vitse-prezidenti Cey Di Vens rəhbərlik edib. ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqest, Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff və ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də görüşdə iştirak ediblər.
ABŞ rəsmilərindən biri Axiosa bildirib ki, görüşdə Yaxın Şərq böhranı ilə bağlı “qərarlar qəbul edilib və ya ən azı dərin müzakirələr aparılıb”. Ağ Ev isə görüşlə bağlı şərh verməkdən imtina edib.
Axios yazıb ki, danışıqların dayandırılması fonunda Tramp İran İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa edilməsini nəzərdən keçirir. Səudiyyə Ərəbistanı da ABŞ-dan husilərə qarşı planlaşdırılan əməliyyata qoşulmasını və hava zərbələri endirməsini istəyib. ABŞ rəsmilərinin sözlərinə görə, Tramp indiyədək bu tələbə maraq göstərməyib, lakin onun mövqeyi dəyişə bilər.
Kemp-Devid görüşünün keçirildiyi vaxt Trampdan İran İslam Respublikasına qarşı növbəti addımı barədə soruşularkən o deyib: “Sizə desəm, böyük xəbəriniz olacaq. Amma görəcəksiniz. Vəziyyət çox yaxşı gedir. İranın vəziyyəti yaxşı deyil.”
Axios qeyd edib ki, buna bənzər sonuncu görüş 2025-ci ilin iyununda, İsrailin İran İslam Respublikasına qarşı müharibəyə başlamasından cəmi bir neçə gün əvvəl keçirilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi