
GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin fiziki vəziyyətindən narahatlığını bildirib və onun həbsxanadan kənarda, müasir tibbi avadanlıqlarla təchiz edilmiş tibb müəssisəsində təcili müayinə və müalicə olunmasını tələb edib.
Oktyabrın 12-də, bazar ertəsi günü dərc olunan məktubda bildirilir ki, Qərəhəsənli 2022-ci ilin noyabrında həbs edildikdən sonra dindirmələr zamanı ciddi fiziki xəsarətlər alıb. Bu xəsarətlərə dişlərinin sınması, eləcə də ağciyərinin, gözünün və qulağının zədələnməsi daxildir.
Məktubu imzalayanlar həkimin səhhətinin narahatedici vəziyyəti barədə yayılan məlumatlara və onun ağciyərindən təcili mayenin boşaldılması proseduruna ehtiyac duya biləcəyi ehtimalına diqqət çəkiblər. Onlar vurğulayıblar ki, onun vəziyyətinə lazımi müdaxilə edilməsi üçün həbsxanadan kənarda ixtisaslaşmış tibbi xidmətlərə təcili çıxışı təmin olunmalıdır. Məktub müəllifləri, həmçinin Həmid Qərəhəsənlunun və həyat yoldaşı Fərzanə Qərəhəsənlunun azadlığa buraxılmasını tələb ediblər.
Həmid Qərəhəsənli və həyat yoldaşı Kərəcdə Hədis Nəcəfinin ölümünün 40-cı günü münasibətilə keçirilən mərasim zamanı bir sıra digər vətəndaşlarla birlikdə həbs ediliblər. Həmid Qərəhəsənli əvvəlcə edam cəzasına məhkum edilib, lakin sonradan hökmü uzunmüddətli həbs cəzası ilə əvəz olunub. Fərzanə Qərəhəsənli isə sürgündə beş il həbs cəzasına məhkum edilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi