
GADTB: Amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donald Tramp administrasiyasının yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini açıqlayıb. O, “X” hesabındakı paylaşımında belə bir qərarın İsrailin baş naziri Benyamin Netanyahunun təzyiqi ilə verilə biləcəyini irəli sürüb.
Onun sözlərinə görə, mümkün hücumun hədəfi Külüng dağı ola bilər. Jurnalist deyib ki, uran zənginləşdirilməsinin aparıldığı tunellərin 90 metrə qədər qalınlığında bərk qranit təbəqəsinin altında yerləşməsi və ABŞ-nin adi silahlarının bu maneəni dağıtmaq imkanının olmaması nüvə zərbəsini mümkün hərbi variant kimi gündəmə gətirir.
Karlson Netanyahunun bu ssenarinin həyata keçirilməsində israrlı olduğunu da vurğulayıb. O, İsrail baş nazirinin bu məsələ ilə bağlı Trampa hər gün zəng etdiyini bildirib.
Jurnalist mümkün nüvə hücumunun beynəlxalq təhlükəsizlik baxımından ciddi nəticələr doğura biləcəyini deyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi