
GADTB: “The Wall Street Journal” qəzeti noyabrın 2-si, bazar ertəsi, ABŞ rəsmilərinə istinadən Vaşinqtonun Qeşm adasını hədəfə aldığını bildirib. Bu əməliyyat ABŞ-ın son həftələrdə İrana qarşı həyata keçirdiyi məhdud və ictimaiyyətə açıqlanmayan bir sıra hücumların tərkib hissəsidir.
ABŞ rəsmilərinin sözlərinə görə, bu hücumların məqsədi İran İslam Respublikası rejiminin Hörmüz boğazında ticarət gəmilərinə qarşı mümkün addımlarının qarşısını almaqdır. Rəsmilərdən biri bildirib ki, Vaşinqton genişmiqyaslı müharibəni yenidən başlatmaq niyyətində olduğuna dair siqnal verməmək üçün əməliyyatları qəsdən ictimaiyyətə açıqlamadan həyata keçirir. Qeşm adasında böyük yeraltı raket kompleksi və hərbi dəniz bazası yerləşir. ABŞ rəsmiləri daha əvvəl bu adanın ələ keçirilməsi ehtimalını da müzakirə ediblər.
Qəzet yazıb ki, CENTCOM-un komandanı Bred Kuper ötən həftə İranla qarşıdurma barədə hesabat təqdim etmək üçün Ağ Evə gedib. ABŞ ordusu mümkün daha genişmiqyaslı hücumlara hazırlaşmaq məqsədilə bölgəyə əlavə raketdən müdafiə sistemləri və sursat da göndərib. Vaşinqton həmçinin Fars körfəzi ölkələrinə ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra qısa, lakin intensiv əməliyyata hazır olmaları barədə xəbərdarlıq etmişdi.
“Axios” nəşri isə ABŞ rəsmisinə istinadən bildirib ki, SEPAH bazar ertəsi gecə Qeşm adasından Hörmüz boğazında yerləşən ABŞ təyyarəsinə doğru raket atıb.
Həmin rəsminin sözlərinə görə, buna cavab olaraq ABŞ qırıcı təyyarəsi müdafiə məqsədilə SEPAH-ın yer-hava raket buraxılış qurğusunu məhv edib.
Bütün bu hərbi hərəkətlərə baxmayaraq, ABŞ prezidenti Donald Tramp bazar ertəsi genişmiqyaslı müharibənin yenidən başlanması ehtimalını əhəmiyyətsiz hesab edərək deyib: “Biz İranla müharibə apardıq və qalib gəldik. Bunun müharibə adlandırıla biləcəyini belə bilmirəm, çünki aylardır heç bir qarşıdurma və müharibə olmayıb”.
O, İran İslam Respublikası rejimi ilə diplomatik razılaşmanın əldə olunması ehtimalından da danışıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi