
GADTB: “Bloomberg” agentliyinin məlumatına görə, İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam nəzarətini qəbul etməyib. Tehran agentliyə göndərdiyi rəsmi sənəddə ABŞ-ın hücum təhdidlərinin davam etməsi səbəbindən bu nəzarətə razı olmadığını bildirib. 10 səhifəlik sənəd ötən həftənin sonlarında diplomatlar arasında yayılıb.
İran İslam Respublikası bu sənəddə nüvə obyektlərinə qarşı əvvəlki hücumların və belə hücumların təkrarlanacağı ilə bağlı təhdidlərin adi yoxlamalara mane olduğunu iddia edib.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında Tehranın təminat sazişi üzrə öhdəliklərini dayandırmadığını iddia edib. Onun sözlərinə görə, mövcud şəraitdə əməkdaşlıq əvvəlki qaydada davam edə bilməz. Bəqai həmçinin son günlərdə Buşəhr Atom Elektrik Stansiyasında yoxlama aparıldığını iddia edib.
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya sentyabrın 9-da yaydıqları birgə bəyanatda təminat sazişi üzrə öhdəliklərin müzakirə mövzusu olmadığını vurğulamışdılar. Bu dörd ölkənin bildirdiyinə görə, təminat sazişinin icrası heç bir şəraitdə dayandırıla bilməz.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi