
GADTB: İrqçi fars rejiminin Xoy şəhərindəki Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsinin Elşən türk adının qeydiyyata alınmasına etiraz etməsi nəticəsində bu uşaq 447 gündür doğum haqqında şəhadətnamə ala bilmir. Valideynləri isə inzibati və məhkəmə orqanlarına müraciətlər zamanı süründürməçiliklə üzləşirlər. Ötən ay Xoyun millət vəkili Adil Nəcəfzadə bu məsələnin həllinə baxılacağına söz vermişdi, lakin onun səyləri də nəticəsiz qalıb.
Uşağın atası Əmir Abdullahi “#Balamin_Adi” (“Uşağımın adı”) kampaniyasının “Dan” səhifəsinə (@dan.magazin) bildirib:
“Oğlum 20 avqust 2025-ci il tarixində dünyaya gəlib. Ona Elşən adını qoyduq. Bu ad ‘el və tayfanın sevinci’ mənasını verir. Xoyun Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsinin əməkdaşları adın ‘həmzəli’ olmasını bəhanə gətirərək onun qeydiyyatına etiraz etdilər və bildirdilər ki, adı yalnız Əlşən və ya İlşən formasında qeydiyyata almaq mümkündür. Halbuki bu yazılış formalarının mənaları fərqlidir. Bildirdik ki, əvvəllər də bu adla doğum haqqında şəhadətnamə verilib. Cavabında dedilər: “Sistem bu adın qeydiyyatına icazə vermir, bizim əlimizdən bir şey gəlmir, məsələ Tehranın səlahiyyətindədir. Gedin şikayət edin, məhkəmə qərarı ilə gəlib şəhadətnaməni alın.”
Biz də məhkəməyə müraciət etdik. 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı Xoy Ümumi Hüquq Məhkəməsinin 4-cü şöbəsi Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsini Elşən adı ilə doğum haqqında şəhadətnamə verməyə məcbur etdi. Qərarda xüsusi olaraq vurğulanırdı: “Ad seçmək insanların ən ilkin hüquqlarından biridir və seçilmiş ad qadağan olunmuş adlar sırasına daxil olmadığı halda, şəxslərin ad seçməsinə qadağa qoymaq olmaz. İddiaçının seçdiyi ad isə qadağan olunmuş adlar sırasına daxil deyil.”
Lakin Xoyun Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsinin əməkdaşları öz dediklərinin əksinə olaraq, şəhadətnamə vermək əvəzinə məhkəmə qərarından şikayət etdilər və iş Xoy Sülh Məhkəməsinə göndərildi. Bu məhkəmə isə birinci instansiya məhkəməsinin qərarının əksinə olaraq, şəhrivər ayında (2026-cı ilin avqust-sentyabr ayları) ‘iddianın dinlənilməməsi’ (işə baxılmasının mümkün olmaması) barədə qərardad çıxardı.
Artıq 14 ay 21 gündür ki, oğlum doğum haqqında şəhadətnaməsiz qalıb. Milli identifikasiya nömrəsi olmadığı üçün onun tibbi sığortasından istifadə edə bilmirik və müalicə xərclərinin hamısını özümüz ödəyirik. Peyvəndlərinin vurulmasında da problemlə üzləşirik. Süd qarışığı, dövlət subsidiyası və Ədalət Səhmləri (Səhami-ye Ədalət) almaq imkanından məhrum olmuşuq. Psixoloji baxımdan da təzyiq altındayıq, idarələr arasında süründürülürük. Lakin heç bir məsul şəxs problemimizin həlli üçün təsirli addım atmayıb.
Xoyun prokuroru bunun onların səlahiyyətinə aid olmadığını dedi. Rayon icra hakimiyyətinin başçısı məsələdən xəbərdar olduğunu və məmurların özbaşına davrandığını bildiyini söylədi. Xoyun millət vəkili də ötən ay məsələnin həlli ilə bağlı vəd verdi, lakin təəssüf ki, onun müraciətləri də nəticə vermədi. Millət vəkilinin ofisinə sonuncu müraciətim zamanı isə onun ofis rəhbəri dedi: ‘Məclisdəki türk millət vəkillərinin köməyi ilə bu məsələni həll etməliyik; millət vəkili buradan heç nə edə bilmədi.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi