
GADTB: İranın ən böyük və mühüm ticarət və gömrük limanı olan Bəndər-Abbasdakı Rəcai körpüsünün görüntüləri yayılıb. Görüntülər ABŞ-ın dəniz mühasirəsi nəticəsində limanın bağlandığını və fəaliyyətini dayandırdığını göstərir.
Yayılan görüntülərdən məlum olur ki, ABŞ-ın dəniz mühasirəsindən sonra Rəcai limanında heç bir gəmi yan almayıb və burada malların idxalı və ya ixracı ilə bağlı hər hansı fəaliyyət həyata keçirilmir.
40-dan çox körpüsü olan və ildə 100 milyon tondan artıq yükün boşaldılması və yüklənməsi imkanına malik bu liman İranın ümumi ixrac və idxalının 55 faizindən çoxuna, konteyner daşımalarının isə təxminən 85–90 faizinə xidmət edir.
Məsud Pezeşkian və İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himməti son günlər ABŞ-ın dəniz mühasirəsinin təsirini etiraf edərək, neft satışının dayandığını və benzin idxalının mümkün olmadığını bildiriblər.
İran prezidenti cümə günü, 6 şəhrivər tarixində İran dövlət televiziyasına verdiyi müsahibədə deyib: «Müharibə şəraitində olduğumuzu qəbul etməliyik. Hazırda yol bağlıdır və mallar ölkəyə daxil olmur. Bu mallardan biri də benzindir.»
SENTKOM-un komandanı admiral Bred Kuper isə cümə günü səhər, İran vaxtı ilə, yayımladığı video müraciətində bildirib ki, minlərlə ABŞ hərbçisi 20-dən çox döyüş gəmisi və yüzlərlə təyyarədən istifadə etməklə İrana qarşı dəniz mühasirəsinin həyata keçirilməsində iştirak edir.
İran parlamentinin İqtisadi Komissiyasının üzvü Cəfər Qaderi şənbə günü «İranın Müşahidəçisi»nə verdiyi müsahibədə bildirib ki, ölkənin ümumi 210 milyon tonluq idxalının 83 faizi cənub dəniz sərhədləri vasitəsilə həyata keçirilirdi və dəniz mühasirəsi İranın ticarətinin bu hissəsini ciddi problemlə üz-üzə qoyub.
O əlavə edib ki, şərq, qərb və şimal dəhlizlərinin imkanları dəniz yollarının yaratdığı boşluğu tam şəkildə kompensasiya etmək üçün məhduddur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi