Şənbə , Avqust 29 2026
azfa

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni vaxtda İran rəsmiləri ölkə iqtisadiyyatına təzyiqin artdığını etiraf ediblər. İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi ixrac və idxalın təxminən 35 faiz azalmasına səbəb olub. İllik inflyasiya isə ötən ay 66 faizə çatıb.

İranın rəhbəri Müctəba Xameneiyə aid bəyanatda hökumətdən inflyasiya, işsizlik, qiymətlərin, eləcə də mal və xidmətlər bazarının idarə olunması da daxil olmaqla, iqtisadi və sosial problemlərin həllinə diqqət yetirilməsi tələb olunub. Bununla yanaşı, İranın digər rəsmiləri Hörmüz boğazına nəzarətin davam etdiriləcəyini vurğulayır və ABŞ-ı cavab tədbirləri ilə hədələyirlər.

ABŞ Prezidenti Donald Trampın administrasiyası isə eyni vaxtda İran rejiminə qarşı iqtisadi təzyiq kampaniyasını gücləndirib. ABŞ Maliyyə Nazirliyi Tehranla olduğu iddia edilən maliyyə əlaqələrinə görə Misir Bankına qarşı tədbir görüb və bankın Birləşmiş Ərəb Əmirliklərindəki filiallarının dollarla əməliyyatlar aparmasının məhdudlaşdırılmasını təklif edib. Honq-Konqda yerləşən bir qurum və İran Milli Bankı ilə əlaqəli bir şəxs də sanksiyalara məruz qalıb.

İqtisadi təzyiqlərlə yanaşı, diplomatiyanı bərpa etmək cəhdləri də davam edir. Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani cümə axşamı Tehranda İran rəsmiləri ilə görüşərək Hörmüz boğazında gəmi hərəkətinin müharibədən əvvəlki vəziyyətə qaytarılmasının zəruriliyini vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi isə bu danışıqları «yaradıcı» adlandırıb.

Hörmüz boğazı ilə bağlı gərginlik mübahisənin əsas mövzularından biri olaraq qalır. Donald Tramp dəfələrlə bu su yolunun açıq olduğunu bildirib. Lakin İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələri bu iddianı rədd edərək, gəmilərin İran rejiminin icazəsi olmadan boğazdan keçə bilməyəcəyini açıqlayıb.

Gəmiçilik üzrə ilkin məlumatlar göstərir ki, cümə axşamı Hörmüz boğazından cəmi 7 yükdaşıyan gəmi keçib. Halbuki bir gün əvvəl bu göstərici 17 gəmi olub.

Həmçinin yoxlayın

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …