Cümə axşamı , Aprel 18 2024
azfa

Altayda türk mücadiləsi və Osman Batur (1940-1951)

GADTB: XX əsr dünya siyasi xəritəsinin dəfələrlə dəyişildiyi, müxtəlif coğrafiyalarda dövlətlərin süqutu, yeni dövlətlərin yaranışı ilə yadda qaldı. Dünyanı əhatələyən qanlı iki dünya müharibəsi də bu əsrin bəlalarındandır. İstər SSRİ- nin, istərsə də digər dövlətlərin işğalındakı türk xalqları da bu proseslərdən kənarda qalmamış, hətta ən ağır dönəmlərini yaşamışdılar. Onlar həm cəbhələrdə döyüşür, həm soyqırımlara, sürgünlərə məruz qalır, həm də mənəvi məhv edilmə siyasətinə qurban gedirdilər. Tarixləri, mədəniyyətləri gizlədilmiş, tarixi qəhrəmanları quldur kimi tanıdılmış, unutdurulmuş və inancları aşağılanmışdır. Azərbaycan xalqı olaraq Sovet İmperiyasının tərkibindəki xalqlardan biri olmağımız, onlarla eyni taleni yaşamağımız göstərir ki, ikinci dünya müharibəsi zamanı Altaylarda böyük türk dirənişinin varlığı nəticəsində 6 illik bir dövlətin qurulmasından xəbərdar olmamağımız normaldır.

Bəs bu hansı zərurətdən yaranmış dövlət idi?

Bizim Şərqi Türküstan olaraq tanıdığımız ərazi (sərhədləri: Çin, Monqolustan, Qazaxıstan, Rusiya, Qırğızıstan, Hindistan, Pakistan və Tacikistan) əsrlərdir Çinin tərkibindədir. Müxtəlif zamanlarda Çin idarəçiliyinə, ayrı-seçkiliyə qarşı uyğur türkləri kütləvi ayaqlanmalar, silahlı üsyanlar etsələr də , qələbə qazana bilməmişdilər. Bəsit silahlar, nizami olmayan hərəkatlar, digər bölgələrdən dəstək gəlməməsi uğursuzluğun əsas səbəblərindən idi.

1933–cü ildə Çində hakimiyyətə gələn kommunist Şenq Şi Cai idarəçiliyinin ilk dövrlərindən Stalinin diktəsi ilə etnik xalqlara, xüsusilə də türk xalqlarına qarşı həyata keçirdiyi amansızlıqları ilə yadda qaldı. Stalinin kommunist rejimləri xəbərdar etməsi əsassız deyildi. Çünki Avropada nasistlərin güclənməsi, digər xalqlarda da millətçiliyi ön plana çəkə bilərdi ki, bu da dövlətlərin zəifləməsinə gətirib çıxaracaq amil idi. Bu dövrdə Şərqi Türküstan etnik təmizləmə və mənəvi işgəncələrə qarşı dirənişə başladı. Dirənişin lideri xalqın “Batur” (qəhrəman, yenilməz) adı verdiyi Osman İslambay (bəzən İslamoğlu) idi.

Osman İslambay 1890-cı ildə Altayda dünyaya gəlmişdi. Soyu Qazax türklərinin “Orta Juz”undan gəlirdi. Ailəsi köçəri həyat yaşayan və maldarlıqla məşğul olan birliyə daxil idi. Kiçik yaşlarından türk döyüş sənəti ilə və ovçuluqla məşğul olmuş, 12 yaşından isə Qazax türklərinin lideri Bökə Baturun himayəsinə keçmişdir. Onun yanında təlim almış və yarışlara qatılmışdı. Bökə Baturun Çinlilərlə toqquşması sonucunda təhlükədən sovuşmaq üçün Türkiyəyə üz tutması Çin milis dəstələrinə bildirilmiş və Tibetdə öldürülmüşdür. Bundan sonra Osman bəy sarsılmış və 40 yaşına kimi fərdi təsərrüfatla məşğul olmuşdur. 30–cu illərin sonunda Çin yönətiminin Altay mədənlərinin idarəçiliyini öz əllərinə alması, orada işləyən türk fəhlələrin uzaqlaşdırılması, məscidlərə ayaqqabılı girilməsi və ibadət edənlərin təpiklənməsi yeni üsyanlara səbəb oldu. İlk başda Çin rejimi Sovet dövlətinin Urimçidəki 20 minlik ordusuna güvənərək üsyanları basdırmağa çalışdı. Lakin, xalqın dirənişi gücləndikcə Şeng Cai yeni üsula əl atdı. O, guya Altay camaatlığının liderləri ilə danışıqlar apararaq, ortaq nöqtəyə gəlinəcəyini əsas gətirmiş, onları sarayına dəvət etmişdir. Siyasi kəsim və döyüşçülər arasında anlaşmazlıq olsa da, siyasilər saraya getmək qərarına gəldilər. Görüşə gedən liderlərin anında həbsi və edam qərarı verildi. Edamdan əvvəl onlara öz əlləri ilə məktub yazdıraraq, danışıqların baş tutduğunu və xalqı silahı buraxmağa çağıran müraciət yaymalarını tələb etdilər. Lakin Osman Batur və slahdaşları buna inanmadılar. Ordu komandanı Osman Batur “Mən silahımı Çinlilərə vermərəm. Gücləri çatırsa, gəlib alsınlar. Bu gün silahımızı alan, sabah canımızı alar” – deyərək mübarizəni dayandırmadı. Baturun ordu birliklərinə türk ziyalıların edam olunması haqqında məlumat gələn kimi yeni üsyan dalğası başlamış oldu.

1942–ci ildə Almaniya ilə SSRİ arasında vəziyyətin daha da gərginləşməsi sovet rəhbərliyinin orduların şəqdən çəkərək qərb cəbhələrinə göndərilməsi qərarı Şenq hökümətini sarsıtdı, Türküstan xalqı üçün isə fürsət oldu. Onlar Altayda bir neçə şəhəri ələ keçirdilər. 22 iyul 1943-cü ildə Osman Batur böyük törənlə Altay Qazaxlarının Xanı elan edildi. Qısa bir müddət sonra isə azad edilmiş ərazidə Şərqi Türküstan Türk Cümhuriyyəti quruldu. Mərkəzi Çin höküməti Şenq idarəçiliyini bacarıqsızlıqda günahlandıraraq onu rəhbərlikdən uzaqlaşdırmışdır.

Bu ərəfədə Monqollarla da əlaqəyə girən Osman Batur onlarla “Bəytik” müqaviləsi bağlayaraq silah və bəzi texniki yardımı ala bilmişdi. Monqollar isə Altay mədənlərinin idarəsini onlara verəcəyi təqdirdə daha çox silah verəcəklərini vəd etdilər.

1945-ci ildən Avropada qələbənin təhlükəsizliyini təmin edən və şərq məsələsində işə qarışan sovet dövləti Çin və Altaylılarla masaya oturaraq bir anlaşma gerçəkləşdirdi. Osman Batur və digər dirənişçilər buna qarşı çıxsalar da, yenə də siyasi kəsim danışıqlara getdi. 1946-cı ildə yaradılan hökümətə Əhmədcan Qasimi adlı sovetyönümlü türk gətirildi. Milliyətçi qanadın siyasi lideri olan Əlixan Törəyə isə heç bir vəzifə verilməməsi və az müddət sonra müəmmalı şəkildə aradan götürülməsi Osman Batura daha bir zərbə vurmuşdur. Beləliklə sovet dövləti Türküstan idarəçiliyinə əl qoymuş və buranın SSRİ-dən asılı muxtar resbublika etməyi bacarmışdı. Bununla barışmayan Osman Batur dağlara çəkilmiş və dirənişi orada davam etdirməyi qərara alır. Xalq arasında sovetin ideoloji və psixoloji basqısı özünü göstərməyə başladı. Sovetə meyillilik yaranmış və qismən üsyanlardan çəkilmişlər, topxanalarda işləyənlər də işlərindən imtina edirdilər. Artıq Osman Baturun əlində 4 minlik ordu qalmışdı və adi tüfənglərlə böyük sıravi orduya qarşı mübarizə aparırdılar. Son sığındığı yer isə “Gəz Qurd” bölgəsi idi.

Dövlətin tanınmaması, Sovet və Çin basqısı nəticəsində 1949-cu ildə Şərqi Türküstan Cümhuriyyəti süqut etdi. Həmin ilin sonunda Sovet ordusunun düzənlədiyi bir mühasirədə yaxın silahdaşları və qızı da olmaqla yüzlərlə insan əsir düşdü. Bu zaman onun yanında artıq kimsə yox idi. Osman təkbaşına bir ordu olaraq hücum planlayır və hücumu qismən alınır. Ordunun keçəcəyi bir dağ keçidində düzənlədiyi partlayışda xeyli kommunist əsgəri məhv olur. Lakin, özü də sonda əsir düşür və onu Urumçiyə aparırlar. “Türküstanı Çindən qurtaracağam deyən adamın halını görün” deyərək onu at üzərində şəhərləri gəzdirdilər. O isə, “Mən ölə bilərəm, amma millətim bu mücadiləni davam edəcək!”- deyə bağırırdı. Bunun faydasız olduğunu görən Çin rejimi Osman Baturu “İnqilab düşmanlığından məsul” tutaraq əlləri və qulaqları kəsilməklə edamına qərar verdi. 1951-ci ildə Urumçidə mərkəzi meydanda edam gerçəkləşdi.

İllər sonra hadisəyə şahid olmuş Türküstanlı yazar Əbdürrəhman Hacımələk yazmışdır:

“29 apreldə şəhadətə gedəcəkdi böyük qəhrəman. O sabah təbiət də normal deyildi. Göy üzü qaralmışdı. Çünki, Osman Baturun ölümünə etiraz edən xalq meşələrə od vurmuşdu. Zorla meydana gətirilmiş camaat “Allahu Əkbər” qışqırırdı. Qərar elan edildi. Osman Batur kəlmeyi- şəhadət gətirdi. Ardınca silah səsləri eşidildi. O, əvvəl dizi üstə çökdü, sonra alnı yerə dəydi. Bir rütbə daha qazanmışdı: Şəhidlik!”

Altayda türk mücadiləsi və Osman Batur (1940-1951)

Nəticə:Sovet və Çin basqısı 6 illik dövlətin süqutunu , eyni zamanda Şərqi Türküstanda daha bir mübarizə dönəmini başa çatdırdı. Şərqi Türküstan Türk Cümhuriyyətindən əvvəl bölgələ Qaşqar höküməti qurulmuşdu və ona qismən qonşu dövlətlərin müdaxiləsi, yardımı vardı. Lakin, yeni dövlət isə heç bir dövlətdən maddi yardım almayan, sırf öz topxanalarında əl üsulu ilə hazırladıqları mərmiləri və məğlub etdikləri Çin əsgərlərindən əldə eidilmiş hərbi qənimət hesabına mübarizə aparırdılar.Atalarımızın “Türk bəzən bir nəfərlə də ordu ola bilər” – misalı vardır ki, biz ona Osman Baturun simasında şahid oluruq. O, təkbaşına bir ov silahı ilə mübarizəyə başladı, böyük ordu qurdu, dövlət yaratdı, lakin idarə edə bilmədi. Onun mücadiləsini dəyərləndirərkən aydın olur ki, siyasətçidən daha çox, ordu komandanı idi. Dövlətdə yasaları hazırlayan, Çin və Sovet dövlətləri ilə danışıqlara girən siyasətçilər isə onun ideyalarına sadiq qala bilmədilər. Sonda isə yenə tək qaldı. Özündən sonra Şərdiman və Nemətullah adlı oğulları mübarizəsini davam etsələr də, qələbəyə nail ola bilmədilər. Xalq isə hələ də onu qəlbində yaşadır. Osman Batur Türküstanda “Altay qartalı”, “Türküstanın milli qəhrəmanı”, “XX əsrin Kürşadı” kimi adlarla xatırlanmaqdadır.

İstifadə edilən qaynaqlar:

  1. Qayrətullah “Altaylarda Qanlı günlər”.2009
  2. “Osman Batur və Milli Mücadiləsi”. 2003
  3. Ömər Qul “Osman Batur və Şərqi Türküstan Milli Mücadiləsi”
  4. Təkin Tuncər “Bir Xalq qəhrəmanı Osman Batur”.2015

Şəhla Cabbarlı

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın