Ankarada Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyinə həsr olunan konfrans keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankarada Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərinin bərpasının 30-cu ildönümünə həsr olunan konfrans keçirilib.

Konfransın açılışında Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, SETA-nın (Siyasət, Ekonomi və Toplum Araştırmaları Vakfı) təmsilçisi Murat Yeşiltaş və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaşın çıxışları dinlənilib.

Sonra “Türkiyə-Azərbaycan əlaqələrinin siyasi və hərbi miqyası” və “Enerji, daşımalar və iqtisadi əlaqələr” mövzularında panellərdə Oktay Tanrısevər, Fərhad Prinççi, Cavid Vəliyev, Mikayıl Yusifov, İlham Kamal Tuğ və başqaları fikirlərini bölüşüblər.

Çıxışlarda iki qardaş ölkə arasında diplomatik əlaqələrin bərpasından ötən dövr ərzində baş vermiş proseslər ətraflı təhlil olunub. Diqqətə çatdırılıb ki, Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər bütün dünyada nümunəvi nəticələrlə xarakterizə edilir. Bu nəticələrin təməlində düzgün müəyyənləşdirilmiş strategiya, liderlərin dəqiq və qətiyyətli qərarları, hər iki ölkənin geosiyasi üstünlükləri kimi amillər dayanır. Bütün bunlarla bərabər, əsrlərə söykənən qardaşlıq və doğmalıq Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının təməli olmaqla bərabər, bu əlaqələrin gələcəyinin zəmanətidir.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsinin dəfələrlə xatırlandığı çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun və xalqının Qarabağda qazandığı möhtəşəm Zəfər Azərbaycan-Türkiyə əlaqələrinin ortaya çıxardığı birlik gücünə əlavə güc verib. Ermənistanla normallaşma prosesi və Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan müzakirələrdə məhz Qarabağ Zəfəri həlledici amildir.

Bu tarixi Zəfərin qazanılmasında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə ictimaiyyətinin Azərbaycana göstərdiyi qətiyyətli siyasi-mənəvi dəstək yüksək dəyərləndirilib.

Çıxışlarda iki qardaş ölkə arasında diplomatik əlaqələrin daha səmərəli nəticələr verməsi üçün irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …