GADTB: Türkmənistanda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvləri toplantı keçirib.
Paytaxt Aşqabadda keçirilən görüşdə qlobal və regional problemlər, həmrəyliyin gücləndirilməsi hədəfləri müzakirə edilib.
Ağsaqqallar Şurasının toplantısında Türkiyeni Şura sədri Binəli Yıldırım təmsil edib.
İclasda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan ezam olunmuş nümayəndə heyətləri iştirak ediblər.
İclasdan sonra Şura sədri Binəli Yıldırım müharibələrin və qarşıdurmaların yaşandığı bir dünyada təşkilatın əhəmiyyətini vurğulayıb.
“Türk Dövlətləri Təşkilatının məqsədi regionda kimisə qorxutmaq və ya təhdid etmək deyil, amma heç kimdən də qorxmadığını nümayiş etdirməkdir. Məqsədimiz sülhü təşviq etməkdir. Çünki Ukrayna-Rusiya müharibəsi gedir. İsrailin törətdiyi soyqırım var. Təşkilat olaraq bölgədəki qarışıqlığa son qoymaq üçün əlimizdən gələni edirik”, -deyə B.Yıldırım qeyd edib.
Binəli Yıldırım İpək yolunun əhəmiyyətinin günbəgün artdığını da bildirərək deyib:
“İpək Yolu marşrutu birbaşa və dolayı yolla 60 ölkəyə aiddir və dünya milli gəlirinin 65 faizini əhatə edir. Türk investisiya fondu yaradılıb, bu investisiya fondunun baş qərargahı İstanbuldadır. Məqsəd burada yaradılan resurslarla Türk dövlətlərində kiçik və orta biznesi dəstəkləməkdir”.