GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışı zamanı deyib ki, “Suriyada Rusiya və Türkiyə hərbi qüvvələri arasında qarşıdurma riski meydana çıxıb”.
“Suriyada müharibə artıq 9 ildir davam edir. Hazırda ölkənin şimal-qərbində ağır humanitar fəlakət və təhlükəsizlik böhranı hökm sürür. Suriyanın digər bölgələrində qeyri-sabitlik və dramatik insan əzablarına şahid oluruq. İdlibdə hərbi əməliyyatların intensivləşməsi yüzlərlə mülki şəxsin öldürülməsinə səbəb olub. Məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərə, tibb müəssisələrinə və yaşayış məntəqələrinə hücumlar davam edir. Bütün bunlar beynəlxalq humanitar hüququn açıq və ciddi şəkildə pozulmasıdır”, – deyə C. Borrell bildirib.
Suriya hakimiyyəti ilə Türkiyə qüvvələri arasında qarşıdurmalar baş verdiyini vurğulayan Aİ-nin Ali Nümayəndəsinin sözlərinə görə, Türkiyə və Rusiya hərbi qüvvələri arasında qarşıdurma riski meydana çıxıb.
C. Borrell bu gərginliklərin daha geniş regional qarşıdurmaya səbəb ola biləcəyini vurğulayıb. O əlavə edib ki, Ankara və Moskva arasında razılaşdırılmış atəşkəs tətbiq edilməlidir.
C. Borrell qeyd edib ki, Aİ-nin Suriyada və ətraf regionda maraqları var: “Daha artıq regional qeyri-sabitliyə və əlavə miqrant böhranına dözə bilmərik. İŞİD və digər terror təşkilatlarının Avropanın kandarında yenidən canlanmasının qarşısını almalıyıq. Avropa İttifaqının vəzifəsi beynəlxalq nizamın qorunmasına yardım etməkdir. Suriya rejiminin son hərbi qazancları sabitlik gətirmir. Suriya rejimi hərbi məntiq və xalqının repressiyalarını davam etdirdikcə Suriyada sülh və sabitlik olmayacaq”.
O bildirib ki, Aİ BMT-nin Xüsusi Nümayəndəsi Geyr Pedersenin Cenevrədə Konstitusiya Komitəsinin fəaliyyəti istiqamətində səylərini dəstəkləməyə davam edəcək: “Suriya xalqını deyil, rejimlə əlaqəli və onun repressiv və qeyri-insani siyasətinə görə məsuliyyət daşıyan şəxsləri və qurumları hədəf alan Aİ sanksiyalarının tətbiqi davam edəcək. Suriyadakı münaqişə geosiyasi mübarizədir. Suriya xalqı naminə və öz maraqlarımızı qorumaq üçün məsuliyyət daşıyırıq. Çətin olsa da, digər beynəlxalq maraqlı tərəflərlə, Rusiya, ABŞ, Türkiyə və digərləri ilə ortaq maraqları müəyyənləşdirmək üçün səylərimizi daha da artırmalıyıq”.