Çərşənbə axşamı , Mart 19 2024
azfa

Bu gün Qaraçay türklərinin sürgün və qətliam günüdür

GADTB: Bu gün Qaraçay türklərinin sürgün və qətliamının ildönümüdür. 2 noyabr 1943-cü il yəni 75 il öncə Qaraçay türkləri Sövet tərəfindən sürgün və qətliama məruz qalıb.

Qaraçay türkləri əsrlər boyu Qafqaz dağlarının ən uca zirvəsi olan Elbrusun yüksəklik və vadilərindəki oba və kəndlərdə əsrlər boyu yaşayıb-yaradan türkdilli toplumdur. Onlar Qafqaz xalqları arasında mərd, cəsur və qorxubilməz olmaları, milli adət-ənənələrinə daim sədaqət nümayiş etdirmələri ilə tanınaraq sevilmişlər.

Qaraçay xalqı etnik cəhətdən Şimali Qafqazdakı digər türkdilli xalq – balkarlarla olduqca yaxındır. Başı əbədi qarlarla örtülü olan Elbrus dağının bir tərəfindəki hündür yamaclarda qaraçaylar, digər tərəfindəki yamaclarda tarixən balkar türkləri məskunlaşıblar . Həqiqətən, bu iki toplum dil, etnik cəhətdən də çox yaxın xalqlardır.

Qaraçaylar türk dilləri ailəsinin qıpçaq qrupuna aiddir. Qaraçay dili Şimali Qafqazda məskunlaşan kumık və noqay dillərinə də yaxındır. Tarixi, antropoloji, arxeoloji və linqvistik araşdırmalar göstərir ki, qaraçaylar Qafqazda tarixdə özəl hakimiyyət qurumlarına sahib olan xalqlardandır. Lakin bu xalqın taleyinə acı günlər, tarixi ədalətsizliklər də çox düşmüşdür.

1920-ci illərin sonlarında Sovet Rusiyasında zorla həyata keçirilən kollektivləşmə siyasəti nəticəsində qaraçaylar dağ kəndlərindəki ata-baba yurdlarından dağətəyi, aran ərazilərə köçürülüblər. Onlar hazırda Rusiya Federasiyasının tərkibindəki Qaraçay-Çərkəz Rspublikasında yaşayırlar.

Tarixçi alimlər hesab edirlər ki, qaraçay və balkar xalqlarının bir etnik toplum olaraq formalaşmasında qədim türk tayfaları olan hunlar, qara-bulqarlar, alanlar, xəzərlər, qıpçaqlar böyük rol oynayıblar.

Qaraçaylar qəhrəman xalqdır, onlar uzun onilliklər boyu Qafqazı və buradakı xalqları əsarət altına almağa can atan rus çarlarının işğalçılıq siyasətinə qarşı şücaətlə vuruşublar. 1828-ci ildə böyük hərbi və əsgəri üstünlüyə malik olan ruslar qaraçayların tarixi torpaqlarının böyük bir hissəsini ələ keçirə biliblər. Həmin tarixdən 1862-ci ilə qədər qaraçaylar çərkəzlərlə birlikdə ruslara qarşı ölüm-dirim mücadiləsinə qalxıblar. 1864-cü ildə ruslar qaraçayların sonuncu silahlı istinad məntəqəsini ələ keçirəndən sonra qaraçay ailələrinin böyük bir qismi Türkiyə ərazisinə köç edib. Bu gün qaraçayların 2 5 mini Türkiyədə, 10 minə yaxını Suriyada, bir neçə mini də ABŞ-da məskunlaşıb.

1917-ci il oktyabr bolşevik inqilabından sonra Qafqazdakı başqa xalqlar kimi qaraçaylar da qısa bir müddətə müstəqillik əldə etdilər. Lakin istiqlalın ömrü çox qısa oldu. Belə ki, bir müddət sonra Ağ ordu Qafqazdakı kiçik müstəqil dövlətləri qan içində boğdu. Ağ qvardiyaçı zabitlərinin dalınca bölgənin artıq “Qırmızı Qızıl Ordu” tərəfindən yeni, daha amansız, daha qəddar işğalı başlandı. Qaraçay-Balkar vilayəti Sovet dövlətinin tərkibinə daxil edildi. 1921-ci ildə Rusiya Fedderasiyasını tərkibində yaradılmış Dağlı Respublikasının tərkibində qaraçay və balkar mahalları da vardı. 1926-cı ildə mərkəzi Karaçayevck şəhəri olan Qaraçay muxtar vilayəti təşkil olundu. Çerkesk şəhəri mərkəz seçilməklə isə Çerkez mahalı yaradıldı, faktiki olarq qaraçay əhalisi bu iki inzibati ərazi arasında ikiyə bölündü.

1942-ci ildə alman qoşunları Qaraçay torpaqlarına daxil oldular, onlar burada yerli əhali tərəfindən ciddi müqavimətə rast gəlməmişdilər. Almanlar Qaraçay ərazisində beş ay qaldılar. 1943-cü ilin sonlarına qədər qaraçaylar almanlarla birgə sovet qoşunlarına qarşı vuruşdular. Bu arada onlar bütün Qafqazda Sovetlər əleyhinə hərəkata rəhbərlik edirdilər. Bu döyüşlərdə əhalinin böyük bir qismi məhv olmuşdu.

1943-cü ilin yanvarında sovet qoşunları bu əraziləri almanlardan geri aldılar. Kreml qaraçayları almanlarla əməkdaşlıqda suçlayaraq 1943-cü il noyabrın 2-də bütöv bir xalqı zorla Qazaxıstana sürgün etdirdi. Həmin ilin 8 martında isə balkarlar Qırğızıstana sürgün edildilər. Minlərlə qaraçaylı qoca, uşaq, xəstə sürgünə aparılarkən dözülməz şərait üzündən yollarda həlak oldu. Sürgün illəri də olduqca ağır məhrumiyyətlə dolu idi.

Qeyd edək ki, sürgündən əvvəl minlərlə qaraçaylı Sovet ordusunun sıralarında alman faşistlərinə qarşı vuruşurdu. Heç bir günahı olmayan həmin əsgər və zabitləri də həbs edərək həbsxanalara atdılar.

Qaraçay torpaqları sahibsiz qaldıqdan sonra həmin ərazilər Gürcüstanın inzibati ərazisinə verildi. Qaraçay torpaqlarında etnik svanlar yerləşdirildi. 14 il sürgündə qaldıqdan sonra, nəhayət 1956-cı ildə başqa repressiya qurbanları kimi, qaraçay xalqına da bəraət verildi. 1926-cı ildə olduğu kimi, yenidən Qaraçay-Çərkəz vilayəti yaradıldı.

Bundan sonra qaraçaylar öz tarixi torpaqlarına qayıtmağa başladılar. Qaraçay-Çerkes vilayəti 3 iyul 1991-də RF-nın tərkibində yenidən muxtar respublika oldu. 2002-ci il siyahıyaalınmasına görə, Qaraçay-Çərkəzin əhalisi 739 min nəfər olmuşdur. Bunun 170 min nəfəri qaraçaylar (70 faiz), 11,4 min nəfəri çərkəzlər, qalanları isə rus və başqa millətlərdən olan insanlar idilər.

Qaraçaylar əsasən İslam dininin sünni təriqətinə mənsubdurlar. Sovet dövrü qapadılmış məscidlər yenidən açılmış, çoxlu sayda yeni məscidlər ucaldılmışdır. Qaraçay və balkar xalqları bu gün Qafqazda Rusiya Federasiyasının tərkibində olan Qaraçay- Cərkəz və Kabarda -Balkar adlarını daşıyan iki ayrı muxtar respublikarın ərazisində yaşayırlar. 2005-ildə qaraçayların sayı 219 min, balkarların sayı 113 min nəfər olmuşlar.

Qaraçay xalqı son illər ərzində elm, təhsil mədəniyyət sahələrində böyük uğurlar əldə etmişdir. Həsən Appayev, Həlimət Bayramukova, Yusif Kapakebov və s. məşhur şair və yazıçılar bu torpağın mərd, igid insanlarını böyük coşqu ilə vəsf ediblər. Qaraçay alimləri elmin bir sıra sahəsində bir çox uğurlara imza atıblar. Qaraçaylar məşhur idmançıları ilə də fəxr edə bilərlər. Məsələn, sərbəst güləşçi Renat Akbayev beşqat dünya çempionudur.

Yuxarıda qeyd etdiyimiz kimi, 2 noyabrda Qaraçay xalqının Qazaxıstana deportasiya edilməsinin 75 ili tamam olur. Bu dəhşətli tarixi ədalətsizliyin ağır yaraları təbii ki, tam sağalmayıb.

 

Həmçinin yoxlayın

Bu gün Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümüdür

GADTB: Birinci Dünya Müharibəsi zamanı 18 mart 1915-ci ildə Osmanlı İmperiyasının qələbəsi ilə başa çatan …

Molla rejimi Əbdüləziz Əzimi Qədimin həbs müddətini uzatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi azərbaycanlı fəal Əbdüləziz Əzimi Qədiminin həbs …

Bir cavab yazın