GADTB: Skif mənşəli ailəyə mənsub olan Budda b.e.ə.560-cı ildə Şimali Hindistanın Karilavuttu şəhərində dünyaya gəlib. Buddaya görə doğulmaq iztirabdır və bu iztirabı arzu (hissiyat, cinsi zövq), qocalıq, ölüm kimi iztirablar təqib edir. İnsan iztirablardan ancaq arzu hissini söndürərək xilas ola bilər. İztirabların sona çatdığı yer isə Nirvanadır. Nirvana bədənin olmadığı yerdir. Xilasa çatmanın yolu ilhamdır. Buddizmdə dua və niyaz yoxdur, bunun müqabilində idrakla məşğuliyyət vardır [3, s.25]. Onun yaşadığı illərdə Hindistanda geniş yayılmış din ölkəni işğal etmiş ariyalıların (hindlilərin) dini olan brahmanizm idi. Brahman din adamları cəmiyyətin ən üst təbəqələrini təşkil edirdilər. Onlar xalqa qəddarcasına zülm edirdilər [5, s.88]. Buddizm günümüzdən təxminən 2500 il əvvəl Hindistanın cənub-şərqində ortaya çıxmışdır.
Buddizmin başlıca iki məzhəbi Hiyanaya və Mahayana türklərə təsir etmişdir. Türklər daha çox Mahayana məzhəbi ilə maraqlanmışdılar. Buddistlər fərdi kamilliyi əsas aldıqları üçün “kiçik
gəmi” təlimini qəbul edirlər. Türklər isə əksinə, Mahayananı əsas alıblar və buna səbəb həmin məzhəbin universalizm anlayışı ilə yaxınlığıdır [3, s.24]. Mahayana Buddizmi VII əsrdən etibarən köhnə parlaqlığını itirməyə başlamış və Orta Asiyada türklərin arasında X əsrdən etibarən İslamiyyətin sürətlə yayılması qarşısında silinmə yolunu tutmuşdur. Buna qarşılıq, Buddizmin birbaşqa qolu olan Lamanizm, XIII və XVI əsrlərdə iki ayrı dalğa halında Monqolustanda iştirak etmiş və bu çərçivədə bəzi Türk boylarına təsir etməyi bacarmışdır, lakin,təsirləri son dərəcə məhdud qalmışdır [4, s.269].
Təməlini tək Tanrı inancının meydana gətirdiyi Göy Tanrı dininə mənsub olan Hunların IV əsrdə bəzi boyları Buddizmi qəbul etmişdilər. Xüsusilə Şərqi Hunlar, Çin mədəniyyəti içində yox olmamaq məqsədi ilə Buddizmi mənimsəyir və yaymağa çalışırdı. Bu barədə ən çox səy göstərənlər, Çinlilərin “Chüch’ü” dediyi Hunlar (Bütün Çini öz torpaqlarına qatan Hun xaqanı Göy xanın dövründə buddizm Çinin siyasi həyatına daxil oldu. Şad Hun isə tamamilə buddizmin təsiri altına girmişdi. 336-ci ildə Çao bölgəsi tamamilə buddizmin təsiri altında idi. Buddizmin xalq üzərində yaratdığı psixoloji təsirlərin hunlara zərər verdiyini görən Şad Hunun oğlu atasına qarşı sui-qəsd hazırladı. Amma sui-qəsd planı rahib Janqa tərəfindən hun hökmdarına xəbər verildi. O da oğlunu 26 nəfərlik ailəsi ilə birlikdə edam etdirdi. Bu hadisədən sonra Şad Hun dövlətin mərkəzi Lo-yanq və Çanq-anda buddist memarlıq ənənələrinə uyğun binalar və məbədlər tikdirməyə başladı. Şad Hun bütün vaxtını məbədlərin inşasına ayırdığından 340-ci ildə Leao sülaləsinin hücumuna belə reaksiya verməmişdi. 344-cü ildə Lo-yanqda böyük bir məktəb tikdirən Şad Hun öz övladlarını və dövlət məmurlarının uşaqlarını həmin məktəbə getməyə məcbur etdi. Məktəb buddist təhsil verirdi [2, s.109]) və əksəriyyətini Türk olaraq bildiyimiz Tabğaçlar idi. Hunların Buddizm ilə təmasa keçdiyi ilk ətraflardan birinin Hotan olduğu bilinməkdədir. Hunların şərqdəki boyları Buddizmi siyasi səbəblərlə və xüsusilə də Çinin mədəni təsirinə qarşı öz mədəniyyətlərini qorumaq üçün qəbul etmişlər. Çünki e.ə.II əsrdə Hunlardan “Göy Tanrı” inancının olduğunu görürük. Tarixçi Harun Güngörün ehtimalına görə, hətta Oğuzxan (Mete – Modun, e.ə.II əsr) büt ibadətinin baş düşməni idi. Bütlərə inananlara qarşı böyük mübarizə vermiş, bütpərəstliyə dönən atasına qarşı cəbhə almış və onlardan təmizlik edərək köhnə dinini yenidən qurmuşdur. Metenin köhnə inancları ilə hökmranlıq etmə hərəkəti, öz dini inanclarına bağlılığın bir ifadəsidir. Müxtəlif dövrlərdə görülən xarici dinlərin qəbulunda isə yuxarıda da qeyd edildiyi kimi, daha çox siyasi səbəblər rol oynamışdır [4, s.270]. Göytürk xaqanları Muğan (553-572) və Tasparın (572-581) bu dini qəbul etdiyi qeyd edilir.
Hətta Taspar xaqanın buddizmi öyrənmək məqsədilə “Nirvanasutra”nı türk dilinə tərcümə etdirdiyi bildirilir. Göytürklərin Bəlxdə yaranan Tiginlər dövləti buddizmi rəsmi din olaraq qəbul etmişdilər.
Türklər vasitəsilə buddizm Xorasanda geniş yayılmışdı [3, s.24]. Bu dövrdə Buddizmin bəzi qanunları öyrənilməklə yanaşı bir çox dini kitab və mətnlər qədimi türkcəyə tərcümə olunmuş, bundan əlavə Taspar Kağanın adı keçən Buddist rahibin təlqinləriylə, Budda məbədi və heykəli etdirdiyi da rəvayət edilməkdədir [7, s.80].
Bundan əlavə Göy Türk dövləti zamanından qaldığı aydın olan və 580-ci illərdə yazılmış olan Bugut yazılarındaki Buddizmi qoruma və yaymağa istiqamətli bu ifadənin Tabo Xaqan tərəfindən şəxsən verilən bir əmr olduğu təxmin edilməkdədir. “Böyük yeni bir Samgha qur”. Bu əmrdən də aydın olacağı üzrə Tabo Xaqan (Taspar xaqan) xalq içində və bölgədə Buddizmi yaymaq üçün çox səy göstərmişdir [6, s.96].
Buddizmin hamisi vəziyyətinə gələn Tabqaçlar, bu dinin təsirilə Çinin köhnə və incə mədəniyyətinin cazibəsinə qapılmışlar.
Milli hiss və duyğularını itirən Tabqaçlar, yerli Çin xalqının başlarına açdığı iqtisadi və ictimai problemlərdən səbəbilə getdikcə siyasi və iqtisadi gücünü itirmişdlər [4, s.270]. Buddizm Abar (avarlar) xaqanlığı dövründə (350-550) türklər arasında yayılmağa başladı.
Mənbələrdə Göytürk ölkəsinə gələn buddist rahib Jinaquptanın fəaliyyətlərindən bəhs edilir. Çində yaranan türk dövləti Tabqaç xaqanlığı (350-550) buddizmi rəsmi din halına gətirdi [3, s.24]. Çində buddizmi ilk olaraq kəndlilər qəbul etmişdilər.
Göytürklərin suverenliyindəki ticarət yollarını yalnız ticarətlə məşğul olanlar deyil, missionerlik fəaliyyətlərində olan səyyahçı rahiblər də istifadə etmişlər. Bahar ayları gəlincə şəhərdə oturanlar qruplar halında toplanır və Budda məbədlərini ziyarət etmək üçün ekskursiyalar nizamlayırdılar. Bu gəzintilərə qatılanların bir çoxları atlara minər, ox və yaylarını qurşanar və ov arxasınca düşərdilər.
Ayrıca qurban ayini üçün xüsusi mərasimlər edilərdi və Türk xaqanı da dinin rahibi idi. Buddizmin inanc dünyasında heç bir canlını öldürməməyi və qan axıtmama prinsipi olmasına baxmayaraq edilən ovlardan və qurban mərasimlərindən aydın olduğu üzrə türklər mənimsədikləri hər dinin içərisində öz adət-ənənə və ənənələrini davam etdirmişlər [4, s.272]. Onsuz da türklərin əsrlər boyu həyat tərzi halına gətirdikləri bu adətlərini bir anda tərk etmələrini də gözləmək mümkün ola bilməzdi.
Türklərin İslam anlayışı üzərində buddizmin geniş təsirləri olmuşdur. Türk təsəvvüf anlayışında yer alan tənasüh (reenkarnasiya), hülul (enkarnasiya), şəkil dəyişdirmək (metamarfoz), havada uçmaq (levitasiya) kimi mistik hallar birbaşa buddizmdən qaynaqlanır [3, s.24]. Bununla birlikdə, Buddizm, Orta Asiyada türklərin arasında, İslamiyyət ilə rəqabət edə bilməmiş (Təsadüfi deyildir ki, 751-ci ildə baş vermiş Talas döyüşündə Orta Asiya türkləri Çin hücumlarından qorunmaq üçün müsəlman ərəbləri köməyə çağırmışdılar [1, s.202.] Məhz bu döyüşdən sonra türklər Abbasilərin güc mənbəyinə çevrildilər) və İslam dininin Türklərin arasında yayılmasına paralel olaraq, bəzi izlərin xaricində silinib getmişdir.
ƏDƏBİYYAT
1. Abbas Qurbanov. İslam Tarixi. 2-ci cild, Bakı, 2009, s.202.
2. Əkbər Nəcəf. Hun Minilliyi. Bakı, 2015, s.109. (əlavə bax:
Saadettin Gömeç. Türk-Hun tarihi. Ankara, 2002, s.263-264;
Hüseyn Namık Orhun. Hunlar. İstanbul, 1938, s.87-88).
3. Əkbər Nəcəf. İnanc Yaddaşı. Bakı, 2014, s.24-25.
4. Harun Güngör. “Eski Türklerde Din ve Düşünce”. Türkler Ansiklopedisi, C.III, Yeni Türkiye Yayınları, Ankara, 2002, s.269.
5. Harun Güngör. Türk bodun bilimi araştırmaları. Kayseri, 1998,
s.88.
6. Klimkeit H.J. Türk Orta Asyasında Budizm. Çev: M.T.Berbercan.Türkiyat Araştırmaları Dergisi (Selçuk Üniversitesi), Sayı 26,
Konya, 2009, s.96.
7. Saadettin Gömeç. “Eski Türk İnancı Üzerine Bir Özet”, Ankara
Üniversitesi Dil Tarih Coğrafya Fakültesi Tarih Araştırmaları
Dergisi, C.XXI, Sayı 33, 2003, Ankara, s.80.
Səidə QULİYEVA
Bakı Dövlət Universiteti,
Dünya azərbaycanlıları: tarixi demoqrafiya
elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru