
GADTB: ABŞ-ın CNN televiziya kanalının Amerika kəşfiyyat qurumlarındakı beş məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, İran İslam Respublikası son həftələrdə silah səviyyəsinə yaxın zənginləşdirilmiş uran ehtiyatlarına çıxışın qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirib.
Məlumata əsasən, İran İsfahan Nüvə Kompleksi və bəzi digər əlaqəli obyektlərdə giriş tunellərinin bir hissəsini qəsdən bağlayıb və ya dağıdıb. Həmçinin bəzi obyektlərin girişləri partlayıcı maddələr və minalarla qorunub.
Amerika mənbələri iddia edirlər ki, yüksək zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi İsfahan nüvə kompleksində saxlanılır. Qiymətləndirmələrə görə, təxminən yarım ton yüksək zənginləşdirilmiş uran bu müəssisədə və bir neçə digər nüvə obyektində yerləşir.
ABŞ kəşfiyyatının dəyərləndirməsinə əsasən, görülən tədbirlər nəticəsində bu materiallara çıxış bir ay əvvəlki dövrlə müqayisədə daha çətin, daha təhlükəli və daha çox vaxt tələb edən prosesə çevrilib.
CNN yazır ki, bu addımlar Donald Trampın son həftələrdə həmin nüvə materiallarının nəzarətə götürülməsi və ya ələ keçirilməsi məqsədilə mümkün hərbi əməliyyat ehtimalından danışmasından sonra atılıb.
Televiziya kanalı həmçinin bildirib ki, ABŞ ordusu may ayında mümkün quru əməliyyatı üçün plan hazırlayıb, lakin risklərin yüksək olması səbəbindən bu plan həyata keçirilməyib.
Nüvə məsələləri üzrə mütəxəssislərdən biri olan Scott Roecker qeyd edib ki, mövcud vəziyyət uran ehtiyatlarının aşkarlanması, çıxarılması və daşınması prosesini daha da mürəkkəbləşdirə bilər. Onun fikrincə, bəzi ehtiyatların gələcəkdə “bərpası mümkün olmayan” material kimi qiymətləndirilməsi ehtimalı da mövcuddur.
Hesabatda vurğulanır ki, bu məlumatlar Vaşinqton və Tehran arasında zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və son gərginliklərin aradan qaldırılması ilə bağlı danışıqların davam etdiyi bir vaxtda yayılıb. CNN-in məlumatına görə, xəbərin dərc edildiyi ana qədər nə Ağ Ev, nə də İran İslam Respublikasının nümayəndəliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi