GADTB: “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı, İğdır Azerbaycan Evi, Kerkük Kültür Derneği, Güney Azərbaycan Demokratik Türk Birliyi, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti və Avstraliya-Azərbaycan Assosiasiyasının tərəfdaşlığı ilə vətənpərvər ruhda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 3 saata yaxın davam edən “Həmrəylik Forumu” keçirildi.
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin moderatorluğu ilə olan Forumun Xüsusi Qonaqları İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar, Kerkük Kültür Derneğinin sədri Dr. Şemsettin Kuzeçi, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti və GADTB-nin Avstraliya nümayəndəsi Mikayıl Oyta və Dünya Kırım Tatar Derneğinin sədri Mustafa Sarıkamış oldu.
Forumda ilk olaraq Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi qəzası nəticəsində həyatını itirənlər və bütün Türk Dünyası şəhidləri anıldı.
Tədbir zamanı İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar İğdır azərbaycanlılarının Azərbaycana olan tarixi və mədəni bağlarından danışaraq Azərbaycanla bağlı şeirlər səsləndirib, Araz çayının, İğdır və Naxçıvanın Azərbaycan və Türk Dünyasındakı rolundan danışıb.
Kerkük Kültür Derneğinin sədri Dr. Şemsettin Kuzeçi Azərbaycan və İraq Türkmanları arasındakı tarixi və mədəni bağlardan danışaraq onu qeyd edib ki, İraq Türkmanları kök olaraq Azərbaycan türkləridir. Öz çıxışında Kərkük Xoyratlarını (Bayatı) dilə gətirərək mədəni bağları gənclərə aşılayıb.
Rusiya Federasiyasının Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov Rusiyada yaşayan azərbaycanlıların həmrəyliyindən danışaraq gənclərin tarixə baxmalı olduğunu qeyd edib. O bildirib ki, Xanlıqlar dövründə həmrəy olmadıq deyə parçalandıq, indi bir yumruq ətrafında birləşməli, həmrəy olmalıyıq.
Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti və GADTB-nin Avstraliya nümayəndəsi Mikayıl Oyta Güney azərbaycanlıların həmrəyliyindən, azadlıq və ədalət mübarizəsindən danışaraq Türk Dünyası və Bütöv Azərbaycan uğrunda həmrəy olub, bir məfkurə və fikir yolunda birləşməyin əsas olduğunu bildirib.
Görüşə qatılan digər qonaq Dünya Kırım Tatar Derneğinin sədri Mustafa Sarıkamış isə Azərbaycan və Krım Tatar türkləri arasındakı tarixi bağlara toxunaraq, İsmail bəy Qaspıralının: “Dildə, fikirdə, işdə birlik!” – şüarını sitat olaraq bir daha xatırladaraq hər kəsi əbədi birliyə və həmrəyliyə səsləyib.