Cümə , Aprel 19 2024
azfa

Elxanılər dövründə Azərbaycanın dını və xatırə tıkılılərı və onların xüsusıyyətlərı (ingilisdilli tarixşünasliq üzrə)

GADTB: XIII əsrin ortalarından etibarən Azərbaycan əraziləri daha bir monqol yürüşünə məruz qaldı. Lakin, bu yürüşün digərlərindən fərqi ondan ibarət idi ki, monqollar bu dəfə Azərbaycan ərazisinə məskən salmaq məqsədi ilə gəlmişdilər. Bu zaman Munke xan Mərkəzi Asiyada hökmranlıq edirdi və öz qardaşı Hülakü xanı yeni torpaqlar əldə etmək üçün Ön Asiyaya göndərmişdi. Nəticə etibari ilə 1258-ci ildə Bağdad şəhərini tutaraq 500 illik bir tarixi olan Ərəb xilafətinə son qoyan Hülakü xan mərkəzi Təbriz olan Hülakilər dövlətinin əsasını qoydu.

Azərbaycan ərazilərinin əksəriyyətinin vahid dövlətin tərkibində birləşməsi sosial-iqtisadi sahəyə müsbət təsir göstərməklə bərabər, mədəniyyət sahəsinin də inkişaf etməsinə təkan vermişdi. Bütün bunlara rəğmən, Qazan xanın islahatlarına qədər mədəniyyət, xüsusilə memarlıq ləng inkişaf edirdi. Digər bir tərəfdən İslamın dövlət dini səviyyəsinə qalxması ilə 50 illik memarlıq böhranı sürətlə inkişaf etməyə başlamışdı. Bu inkişafin digər bir önəmli səbəbi isə Elxanilər hakimiyyətə gəldikdən sonra Elxanlı dövlət idarəetmə orqanlarının bu sahəyə xüsusi maraq göstərməsi idi. Görkəmli tarixçi, Elxanlı dövlətinin baş vəziri Fəzlullah Rəşidəddinin bir çox memarlıq abidəsi üçün tikinti layihələrinin hazırlanmasında böyük rolu olmuşdur.

Memarlıq Abidələrinin

tipləri

XIII – XIV əsrlərdə Azərbaycan memarlığı istifadə təyinatına görə bir necə qrupa ayrılırdı. Bunlardan birincisi qoruma məqsədi ilə inşa edilən abidələr idi ki, bura əsasən qalalar daxildir. Ikinci qrupa insanların yaşayış evləri və müxtəlif məqsədlər üçün istifadə olunan məişət tikililəri daxildir. Bu tip tikililər haqqında məlumatlar çox azdır. Üçüncü qrupa xatirə tikililəri və dördüncü qrupa dini tikililər aiddir. Azərbaycanın şimalında qədim zamanlardan formalaşmış Aran, Naxçıvan və Şirvan-Abşeron, cənubunda isə Təbriz, Urmiya, Sultaniyə və s. məktəblər mövcud idi. [Azərbaycanın şimalında daha çox abidə olmasına və dövrümüzə qədər az dağıntıya məruz qalmasına rəğmən, ingilisdilli tarixçilər öz tədqiqatlarında cənubi Azərbaycan abidələrinə daha geniş yer ayırmışlar. Ona görə də, bu mövzunun xüsusi formada tədqiqata cəlb olunması aktual olduğu qədər də vacibdir.

Elxanilər dövründə Azərbaycan mədəniyyəti, eləcə də, dini və memorial memarlıq daim Monqol tarixini araşdıran alimlərinin maraq dairəsində olmuş və onlar öz tədqiqatlarının bir hissəsində bu problemə ayrıca yer ayırmışlar. Onu da vurğulamaq lazımdır ki, bütövlükdə memarlığın araşdırılmasına həsr olunan tədqiqat işi çox az saydadır. Ingilisdilli tarixşünaslıqda bu məsələ adətən İran mədəniyyətinin bir parçası kimi tədqiq olunmuşdur Bunun əsas səbəbi ingilisdilli memuar ədəbiyyatda antik əsərlərə dayanaraq Azərbaycan ərazisinin də, İran və Yaxın Şərq ərazilərinin də bütövlükdə “Persia” adlanması idi. Antik coğrafiyaşünasların isə əsərləri nə qədər də tariximiz üçün əhəmiyyətli olsa da, bir çox hallarda bu əsərlər reallığı əks etdirmir. Çünki, onların demək olar ki, heç biri, nə İranda, nə Azərbaycanda olmamışlar. Yanlışlığı əks etdirən bu əsərlərin təsiri ilə bir çox orta əsr səyyah və diplomatları, həmçinin müasir tarixçilər mövcud əraziləri “Persia” və ya “İran” adlandırmışlar.

Elxanilər dövrü Azərbaycan memarlıq abidələrinin təsnifatı məsələsi ingilisdilli tarixşünaslıqda öz əksini tapmamışdır və mövcud məlumatlar səpələnmiş formadadır. Lakin, Donald Vilber özünün “İslam memarlığı” adlı tədqiqat əsərində Elxanilər dövrünə dair memarlıq abidələrini kataloqlaşdırmışdır. O, öz kataloqunda 119 tarixi abidənin adını çəkir ki, bunun da sadəcə 6-sı Elxanilər dövlətinin yaranmasından əvvəlki zamana aiddir. Həmin kataloqda da dini və xatirə tikililərinin adlarının daha çox odluğunu müşahidə etmək mümkündür.

Elxanilər dövrü Azərbaycan memarlığında xristian elementlərindən Çin motivlərinə qədər müxtəlif izlər qalmaqdadır. Bunun da əsas səbəbi çin memarlıq ənənələrini özləri ilə Azərbaycana ərazilərinə gətirən elxanilərin bir müddət İslamı təqib etməsi və monqol dağıntıları olmuşdur. Buna rəğmən tikililərdə yerli memarlıq məktəbinin yaratmış olduğu ənənəvi izləri ilə bərabər İslami izlər də əsas mövqedə dayanır. Qazan xan İslamı qəbul etdikdən sonra İslami ünsürlər daha çox ön plana çıxır. Bu proses dini və xatirə məqsədi ilə inşa edilən memarlıq abidələrinin saylarının sürətli şəkildə artmasına səbəb oldu. Dini və xatirə məqsədi ilə tikilən memarlıq abidələri əsasən məscidlər, türbələr və mədrəsələrdən ibarət idi. Bu tip tikililər əksər hallarda komplekslərin bir hissəsi kimi inşa edilirdi.

Elxanilər zamanında inşa edilən dini və xatirə tipli abidələr, XI – XII əsrdə inşa edilən abidələrdən xeyli fərqlənirdilər. XIII – XIV əsrlərdə dini təyinatli tikililərdə , əsasən də məscid və türbə tikintisində xeyli dəyişikliklər olmuşdu. Ümumiyyətlə Con Andryu Boyl müəllifi olduğu “İran Tarixi” adlı kitabında qeyd edir ki, indiki İranın qərbində – yəni cənubi Azərbaycanda olan memarlığın özünəməxsus xüsusiyyətləri var idi. Yəni, Elxanilərin sahib olduqları digər ərazilərdə inşa olunan abidələr Azərbaycanda inşa olunan memarlıq abidələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənirdi.

Əvvəllər türbə və məscidlərin sahəsi kiçik və sadə formalı idisə, artıq bu tip tikililərin sahəsi daha geniş və forması mürəkkəb idi. Artıq bu tip tikililərin inşasında kvadrat formada olan memarlıq üslubları ilə bərabər, altıbucaqlı, səkkizbucaqlı və hətta 12 bucaqlı həndəsi formalı memarlıq üsullarından istifadə edilirdi. İstər Səlcuq dövrünün, istərsə də Elxanlı dövrünün memarlıq abidələrini araşdırarkən çoxbucaqlı formalı məscid və türbə günbəzləri ilə yanaşı, çevrə formalı günbəzlərə də rast gəlinir.

Azərbaycan memarlığında digər bir əhəmiyyətli dəyişiklik günbəzlərin sayı və ölçüsü ilə bağlıdır. Əvvəllər günbəzlər daha kiçik idi və sayı bir olurdusa. Elxanilər dövründə günbəzlər daha iri formali idi. Hündürlüyü 12 metrə çatan günbəzlər ilə yanaşı, 57 metr hündürlüklü günbəzlər də inşa olunmuşdur. Bu tip günbəzlərin diametrləri 4,8 metr ilə 16,7 metr arasında dəyişir. XIII – XIV əsrlərdə Azərbaycan memarlığında məscid və türbələrdə iki yaxud üç günbəzli konstruksiyalardan istifadə olunurdu. Xüsusilə, türbə tikintisində əsas memari ünsür olan günbəzlərin XIII – XIV əsrlərdə iki forması mövcud idi. Konusvari günbəzlər və çox tərəfli günbəzlər

Həmçinin, eyvan tikintisində də xeyli dəyişiklik olmuşdu. Eyvanların sayı 4 ilə 6 arasında dəyişirdi. Eyvanlar adətən mərkəzi həyətə baxılırdı. Çox az hallarda eyvanlardan namaz qılınan yerə qapı açılırdı. XIII əsrin sonlarından etibarən bu cür hala çox təsadüf hallarda rast gəlinir. Bu cür eyvanların hündürlüyü 23 metrə, genişliyi isə 30 metrə çatırdı.

Siyasi səbəblərin təsiri ilə məscid memarlığına türk əsilli memarların cəlb olunması burada türk izlərinin var olmasına səbəb olmuşdu. Belə tikililər əksər hallarda “Səlcuq” adlandırılırdı. Səlcuq erasından sonra iki mühüm nailiyyət memarlığa tətbiq olunmağa başlamışdı. Bunlardan birincisi kiçik kərpiclərdən birləşdirmə kimi istifadə etmə texnikası idi. Digər bir nailiyyət isə firuzəyi çinilərdən geniş istifadə edilməsi idi

XIII əsrin sonları – XIV əsrin əvvəllərində Elxanilər dövlətinin güclənməsi ilə, zamanında monqollar tərəfindən dağıdılmış tikililər bərpa olunurdu. Bərpa olunma zamanı, abidələrın quruluşu əvvəldə olduğu kimi saxlanılmır və yeni yaranan memari üsullar tətbiq olunurdu. Bu isə Elxani memarlığının əsas xüsusiyyətlərindən biri idi ki, sadəcə Azərbaycan memarlığında deyil, bütün ölkənin ərazisindəki abidələrin bərpası zamanı tətbiq olunurdu.

Dini məqsədlər üçün inşa olunan abidələrin digər bir növü isə kilsələr idi. Monqolların birinci və ikinci yürüşü zamanı, həmçinin, Qazan xanın islahatlarına qədər İslam dinin təqib olunması memarlığa da təsir etmiş və dini boşluqdan istifadə edən xristianlar Azərbaycan ərazisində bir çox kilsələr inşa etmişdilər. Lakin, istər yerli mənbələrdə, istərsə də xarici mənbələrdə kilsə memarlığı haqqında məlumatlara demək olar ki rast gəlinmir. Bu haqda az saylı məlumatlardan biri də görkəmli Avropa səyyahı Marko Poloya məxsusdur. O, öz səyahətnaməsində sadəcə Müqəddəs Barsamo monastırı və oranın rahiblərinin həyat tərzi haqqında məlumat verilsə də, bu monastırın arxitektura quruluşu haqqında heç bir məlumat vermir. Ümumiyyətlə, Marko Polo Təbrizin müsəlman əhalisinin daha çox olmasına baxmayaraq xristian əhali və onların həyat tərzləri ilə bağlı məlumat verməyə üstünlük vermişdir ki, bu da onun etnik mənsubiyyətinin təsirindən qeyri-obyektiv olduğunu göstərir. Kilsə memarlığı haqqında məlumatın azlığının digər bir səbəbi isə İslam dininin Elxanilərin dövlət dini olduqdan sonra xristianlığın təqib olunması və kilsələrin dağıdılmasıdır.

Sultan Olcaytu Türbəsi

Paytaxtın bir şəhərdən digərinə köçürülməsi də memarlığa öz təsirini göstərirdi. Əvvəllər ən möhtəşəm tikililər Marağa şəhərində, ardında Təbriz şəhərində inşa olunurdusa, paytaxt Sultaniyyə şəhərinə köçəndən sonra ən gözəl və əzəmətli memarlıq abidələri də Sultaniyyə şəhərində ucalmağa başladı. Belə memarlıq abidələrindən biri də XIII-XIV əsrlər xatirə tikililəri arasında öz möhtəşəmliyi ilə seçilən Məhəmməd Xudabəndə türbəsidir. Olcaytu Xudabəndə adı ilə də tanınan bu türbə, əsası 1305-ci ildə Sultan Olcaytu tərəfindən qoyulan Sultaniyə şəhərində yerləşir. P. M. Saykesin verdiyi məlumata görə, Sultanın bu məqbərəni tikdirməkdə əsas məqsədi Hz. Əlinin və Kərbəlada şəhid olmuş Hz. Hüseynin cəsədlərinin qalıqlarını buraya gətirmək və bu məqbərədə dəfn etmək idi. Lakin, o, öz məqsədinə nail ola bilmədi və bu məqbərə özünə qismət oldu. Səkkizbucaqlı formada inşa olunan türbənin hər bucağında bir minarə ucalırdı. Türbənin diametri 84 fut (25,6 metr) idi ki, bu o dövr üçün ən böyük tikililərdən biri idi. Türbənin divarlarındakı oyma naxışları və tikilinin forması onu Monqol dövrünün ən gözəl memarlıq əsəri edirdi. Cozef Barbarra bu tikilinin Venesyada yerləşən San Coanni Paulo türbəsindən daha iri olduğunu qeyd etmişdir

Pir Sultan Xanəgahı

Memarlıq abidələri üzərində mövcud olan müxtəlif tipli yazıların araşdırılması ingilisdilli tarixçilərin nəzərindən yayınmamışdır. Ümumiyyətlə, təyinatından asılı olaraq abidələrin üzərində müxtəlif məzmunlu yazılar olurdu. Bu yazılar çini üzərinə yazılır və abidələrin ən görkəmli yerlərinə asılırdı. Məscidlərin bəzədilməsində əsasən Quran ayələrindən istifadə olunsa da, digər abidələrin bəzədilməsində rübai, şeyir və qəzəllərdən parçalar olardı. Bu çinilər sadəcə yazı yazmaq üçün istifadə olunmurdu, eyni zamanda dekorativ xarakter daşıyırdı. Azərbaycanın şimal hissəsindən tapılan bu tip yazılar əsasən sufizm və ilahi eşq məzmununa malik idi. Bu tip yazılara Bakı yaxınlığında yerləşən və 1284 – 1286-cı ilə aid olan Pir-i Hüseyn xanəgahı üzərindəki çinilərdə rast gəlinir.

Elxanilər dövrünün ən gözəl nümunələrindən biri olan digər maraqlı türbə kompleksi isə İsfahan şəhərində yerləşirdi. XIV əsrin əvvəlinə aid olan Nurəddin Əbdül Səməd Əli əl-İsfahani türbəsi haqqında məlumatlara böyük səyyah İbn Bətudənin səyahətnaməsində rast gəlinir. Məlumata görə, Sührəvərdi dini cərəyanının nümayəndəsi olan şeyxin qəbri kompleksin mərkəzində yerləşir, Türbənin ətrafında məscid və xanəgah yerləşirdi. Şeyxin piramida formasında olan məqbərəsinin yanında 35 metrlik minarə ucalırdı. Ziyarətgahın binasından başqa bütün binalar eyni ölçülü bişmiş kərpıcdən tikilmişdi. Lakin, altıbucaq formalı ziyarətgah dördkünc iri kərpiclərdən hörülmüşdü. Kompleksin bəzədilməsində tünd göy, açıq göy və ağ rəngli çinilərdən, həmçinin, şirli kərpiclərdən istifadə olunmuşdu. Kompleksə daxil olan məscidin özünün ayrıca minarəsi var idi.

Elxani xanlarının xüsusi istəyi və köməkliyi ilə bu ölkənin bütün ərazilərində olduğu kimi, Azərbaycanda da mədəniyyətin əsas göstəricilərindən biri olan memarlıq yüksək səviyyədə inkişaf etmişdir. Bu inkişafın digər əsas səbəblərindən biri də yerli ənənələrin olması idi. İslam dininin dövlət səviyyəsinə yüksəldilməsi isə bu inkişafa təkan vermiş oldu. İngilisdilli tarixşünaslıqda isə kompleks şəkildə olmasa da mövcud problemə dair yetərli sayda məlumatlar mövcuddur.

BAYRAM QULIYEV

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın