Şənbə , Noyabr 27 2021
azfa

Ermənistan Rusiyadan PUA və S-400 raketlər almaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu günlərdə Moskva ətrafında Rusiya Müdafiə Nazirliyinin hər il təşkil etdiyi beynəlxalq ordu oyunları ilə yanaşı silah sənayesinin ən yeni məhsullarının nümayiş olunduğu “Armiya-2021” satış-sərgisi də keçirilir.

Azərbaycan beynəlxalq ordu oyunlarının açılış mərasimində müdafiə nazirinin müavini, general Nizam Osmanov səviyyəsində iştirak edib. Azərbaycan nümayəndə heyətinin “Armiya-2021” silah sərgisinə maraq göstərdiyi haqda məlumatlar yoxdur. Qeyd edək ki, Azərbaycan 44 günlük ikinci Qarabağ müharibəsindən sonra öz ordusunu daha da modernləşdirir, amma bu sahədə daha çox Türkiyə və İsraillə işləməyə üstünlük verir.

Ermənistan Moskva ətrafındakı silah sərgisində müdafiə naziri Arşak Karapetyan başda olmaqla geniş tərkibli nümayəndə heyəti ilə qatılıb. Və Moskvadan gələn xəbərlərə əsasən, artıq Ermənistan Rusiyadan bir sıra yeni silahların alınmasına dair həmin sərgi çərçivəsində müqavilələr imzalayıb.

Rusiyanı yenidən Ermənistanı silahlandırmağa başlaması Azərbaycan rəhbərliyinin öz narahatlığını və narazılığını publik şəkildə açıqlaması ilə müşaiyət olunub. Prezident İlham Əliyev CNN Türk-ə müsahibəsində bəyan edib ki, Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyətini anlamır və bunu məntiqsiz hesab edir. Dövlət başçısı xatırladıb ki, Rusiya əvvəllər Ermənistana milyardlarla dollarlıq silahı havayı verib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə bildirib ki, Moskvanın məqsədi “regionda hərbi tarazlıq” yaratmaqdır.

Ermənistan ordusu 44 günlük müharibə zamanı darmadağın edilib və indi onu yenidən qurmaq üçün milyardlarla dollar lazımdır. Ermənistanda isə belə pullar yoxdur və deməli Rusiyadan yeni silahlar bu ölkəyə ya “hədiyyə” olaraq, ya da güzəştli kreditlər hesabına verilə bilər. Ermənistanın müdafiə naziri Arşak Karapetyan ötən həftə jurnalistlərə bildirib ki, Rusiya Ermənistan ordusunun yenidən qurulması üçün onlara köhnə silahlar təklif edib. Amma onlar bundan imtina ediblər, ancaq yeni silahlar alacaqlarını deyiblər.

Bəs Ermənistan hansı yeni Rusiya silahları alıb və ya almaq istəyir? “Armiya-2021” sərgisini izləyən türkiyəli videobloger Cem Kıran maraqlı məqamların şahidi olub. Bloqer Ermənistan nümayəndə heyətinin sərgini gəzərək “Orion-9” və “Orion-10” zərbə pilotsuz təyyarələri, S-400 “Triumf” zenit-raket kompleksləri və “Pantsir” zenit kompleksinin modernizə edilmiş versiyaları ilə yaxından maraqlandığını görüb.

Bloger bildirir ki, sərgidə Rusiyanın “Kronştad” şirkətinin işləyib hazırladığı, dəfələrlə Suriyada sınaqdan keçirilən və göstəriciləri “Bayraqdar TB2” döyüş PUA-larına yaxın olan “Orion” PUA-larını çəkmək istərkən Ermənistan müdafiə naziri başda olmaqla bu ölkənin geniş tərkibli nümayəndə heyəti ilə qarşılaşıb. Cem Kıran erməni nümayəndə heyətinin “Orion” PUA-larının göstəriciləri ilə yaxından maraqlandığını, rusiyalı rəsmilərlə müzakirələr apardığını görüb.

Sərgidən hazırladığı digər videosunda isə bloger Ermənistan müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyətinin S-400 komplekslərinin ətrafında rusiyalı rəsmilərlə müzakirələr apardığını, bu komplekləri yaxından araşdırdığını gördüyünü deyir. Və bildirir ki, Ermənistanın Rusiyadan silahlı PUA-lar, yeni hava hücumundan müdafiə sistemləri almaq niyyətləri bu ölkənin öz ordusunu yenidən quraraq “3-cü Qarabağ müharibəsinə hazırlaşdığını” göstərir.

Qeyd edək ki, ötən ilin noyabrından etibarən Rusiya və Ermənistan hərbi rəhbərlikləri arasında intensiv təmaslar, qarşılıqlı səfərlər və danışıqlar gedir. Ermənistan rəhbərliyi bildirir ki, ordunu Rusiyanın dəstəyi ilə yenidən qurmaq istəyirlər və artıq bir sıra yeni silahlar alınıb.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …