GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrəvan şəhərində yerləşən Qərbi azərbaycanlıların tarixi Təpəbaşı məhəlləsinin yer üzündən silinməsi təhlükəsi daha fəal fazaya keçmişdir. Ərazi artıq Fransanın Lion şəhərinin merinin hədəfindədir.
Bunu “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov qeyd edib.
Tarixçi xatırladıb ki, son tədqiqatların nəticələri məhəllənin 360 ədəd tarixi-mədəni irs nümunəsindən ibarət olduğunu göstərir:
“Onlardan 35%-i hələ də özünün ilkin tarixi obrazını, tikinti strukturunu və orijinallığını qorumaqdadadır. Bundan başqa, məhəllədə mədəni irs nümunələrimizdən XVII əsrə aid Hacı İmamverdi məscidi dağıntılara məruz qalsa da, hələ də mövcuddur.
Əgər Təpəbaşı məhəlləsi yer üzündən silinərsə, biz İrəvan şəhərinin çoxəsrlik unikal tarixi şəhər nüvəsini, XVI-XVII əsrlərə aid tarixi hissəsinin türk-müsəlman məhəllə sistemini birdəfəlik itirmiş olacağıq. Bu yer bizim İrəvanda yeganə sağ qalmış və Azərbaycan xalqına qarşı aparılan yüzillik soyqırım, deportasiya və tarixi varisliyimizin tək maddi sübutudur.
Buna görə, etirazlarımızı artırmalıyıq. Təpəbaşı məhəlləsinin bərpa layihəsi həyata keçirilərkən Qərbi Azərbaycan icmasının da irad və təklifləri nəzərə alınmalı, layihədə iştirakı təmin edilməlidir. Bu onun hüququdur və Təpəbaşı məhəlləsinin maddi-mədəni irsinin yeganə varisi Qərbi azərbaycanlılardır”.