Fars, rus və erməni üçbucağı

GADTB: XX əsrin əvvəllərində bir çox hərbi və mülki obyektləri ələ keçirən ermənilər şah Pəhləviyə müraciət edərək bilavasitə Cənubi Azərbaycanda iqtisadi və ticarət sahələrini ələ keçirmək və hegemonluq etmək təşəbbüsünü əldən verməmiş, şəbəkəni daim genişləndirməyə çalışmışlar.

Burada mühacir millətçi ermənilərdən başqa İrandakı Sovet hökumətinin səfiri erməni millətindən olan M.Davtyan fəaliyyət göstərdiyindən Təbrizdə ticarət, siyasi idarələr, sənaye və digər şöbələr də ermənilər tərəfindən işğal edilmişdi. Təbrizdəki daşnakların bir qismi Avropada olduğu kimi daşnak partiyasından ayrılmaqla erməni «Harur» təşkilatı yaratmışdılar. Mühacir erməni nümayəndələri hesabına ərsəyə gələn bu təşkilat Cənubi Azərbaycanda bütün sovet idarələrini ələ almış, Təbriz, Urmiya, Xoy, Marağa və s. kimi yerlərdə ticarət, nəqliyyat və iri sənaye müəssisələri yaratmağa müvəffəq olmuşlar. Ermənilərin yaşadıqları müxtəlif ölkələrdə olduğu kimi İrandakı ermənipərəst qüvvələr də bu millətə rəvac verərək hər il «erməni soyqırımı»nın ildönümünü geniş şəkildə qeyd edirlər.

Fəqət məsələ yalnız bununla bitmiş olsaydı nəzər diqqəti o qədər də cəlb etməzdi. İrandakı erməni fəaliyyəti getdikcə müəyyən və qəti bir siyasi müstəviyə qədəm qoyur, yeni boyalar, yeni doğurlar içərisində keçmişdə olduğu kimi müasir dövrdə də öz lüzumsuz təcavüzkar xasiyyətlərini İran şəraitində qüvvətləndirməkdə davam etdirir, yaşadıqları ölkənin mətbuatında türk millətinə olan nifrətlərini gizlətmirlər. Və İran mətbu orqanlarından bəziləri («Təbriz», «Keyhan», «Pərvəriş» və s.) bilərək və ya bilməyərək ermənilərin bu təcavüzkar fəaliyyətlərinə vasitə olurdular.

Erməni daşnaklarının İran mətbuatına nüfuz etmələri yeni hadisə deyil. Bunun çox dərin kökləri var. Mətbuatdan kəskin silah kimi istifadə etməyi  bacaran erməni yazarları heç vaxt əməlli-başlı yuxu yatmamış, həmişə az yatıb, çox oyaq qalmağa vərdiş etmişlər.

Arxiv materiallarını araşdırarkən əlimə çox əhəmiyyətli və bugünkü hadisələrin keçmişini özündə cəmləşdirən bir sənəd keçdi. Bu sənədin surəti 1925-ci ildə İranın Rəşt şəhərində fəaliyyət göstərən «Pərvəriş» qəzetinin 291-ci sayında çap edilmişdir. 17 maddədən ibarət olan bu layihənin müəllifi Türkiyə əsilli erməni Paqos Yeğikyandır. «Yaddaşat betəmami iranyane dünya» (Bütün dünya iranilərinə yaddaş) adlanan sənəddə oxuyuruq:

«Türkiyə Avropada və Qərbdəki istinadgahından mərhum edildiyindən nəzərini Şərqə çevirmiş, türk tayfaları ilə birləşmək surətilə yenidən qüvvətlənmək istəyir. İran da eyni hərəkəti etməlidir. İranın coğrafi vəziyyəti və siyasi mövqeyi onu İran irqindən olan millətlərin mərkəzi şəklinə salmışdır. Hər bir iranlı və xüsusilə vəzifə sahibləri qonşuların biri digərilə olan ixtilaflardan istifadə etməklə İrani-nijd (İran irqindən olan) millətlərin ittihadı üçün lazım olan zəmin hazırlamağı başlamalıdır.

İrani-nijd millətlərin ittihadında İranın oynayacağı rol, Prussiyanın alman ittihadında oynadığı rol kimi olmalıdır». P.Yeğikyan kürdləri də «İrani-nijd» millətləri cərgəsinə aid edir. O, yazır: «Türkiyədə özlərinə müstəqil bir dövlət yaratmaq üçün mübarizə edən və cahan millətləri içərisində özlərinə müstəqil mövqe qazanmağa can atan və bu yolda heç bir fədakarlıq və qurbandan qorxmayan kürdlər də daxildir». Eyni zamanda müəllif erməni, gürcü, tacik, əfqan, bülluc və s. millətlər də daxil olmaqla «İrani-nijd»-in hüdudunu Qafqaz dağlarına və sabiq «Böyük Ermənistan»ın qərb hüdudlarına qədər genişləndirmək məsələsini önə çəkir.

Sərlövhəyə çıxardığımız mövzunu daha dərindən təhlil və təsdiq etmək üçün əcnəbi ölkələrdə intişar tapan bəzi erməni mətbu işlərini vərəqləmək lazımdır ki, bu millətin hansı hoqqalardan çıxmasını ətraflı öyrənəsən.

Erməni müəlliflərinin fikrincə «Türkiyə Ermənistanını Kürdüstan adı ilə Qafqaz hüdudlarında yaşayan «ariyan» millətləri bir araya gətirməklə «Böyük Ermənistan» yaratmaq və onu «İran dairəsinə» almaq tamamilə məqbul bir məsələni həll etmiş olardı».

Ötən əsrin əvvəllərində ortaya qoyulan «Paniranizm» və ya «panariyanizmin» hansı məqsədlər üçün yaranıb, hansı tərəfə çevrilmək istənildiyi, nə məqsədlə və nə kimi təcavüzü kimlərə qarşı yönəltmək qəzet və topluların səhifəsində özünə yer tapır, geniş yayılırdı. Məsələn, Parisdə hələ XVIII əsrin sonlarında nəşrə başlayan «Droşaq» (Bayraq) erməni qəzeti «İran-Turan» sərlövhəli silsilə məqalələr dərc etməyə başlamışdı. Onları nəzərdən keçirmək həssas oxucular üçün də çox faydalı olardı. «Droşaq»ın yazdığına görə «İran ermənilərin ikinci vətəni və iranlılar onların həmfikri olduqları üçün «İranın azadlıq hərəkatında ermənilər rəhbər və «Pişdar» (avanqard) rolunu oynamışlar. Burada «Daşnaksütyun» partiyasının İrandakı liderlərinin, başda Yefrem Xaçaturun xidmətlərini qeyd etməmək olmaz. Onun komandanlığı altında fəaliyyət göstərən dəstələr hər yerdə «sahibsiz və əsir qalmış vətənimiz» adlı erməni şərqisini oxumağı üstün tuturdular».

«Droşaq» əlavəsində qeyd edir ki, «Daşnaksütyun» partiyası öz fəaliyyətində şübhəsiz ki, heç bir növ xüsusi məqsəd və erməni milləti üçün milli mənafe üstünlüyü güdmür, yalnız İranı əsarət və zülm məngənəsindən qurtarmağa çalışmaqla vətəndaşlıq vəzifəsini yerinə yetirir. Çünki bu ermənilərin «mili vəzifəsi»nin bir qanadı idi. Mübaliğəsiz qeyd olunmalıdır ki, dünyada yalnız İran milliyyətidir ki, bizim böyük qardaşımız və səmimi dostumuz olmuş və o şəkildə də qalmaqdadır».

Bu «qardaşlıq və səmimiyyətə» sübut üçün «Droşaq» İran ərazisində ermənilərə verilmiş bir çox imtiyazlardan bəhs edir və onların bu məmləkətdə ən mühüm mövqelər işğal etdiyinin səbəblərini də bu «dostluq və həmrəylikdə» görür.

Erməni millətinin İran haqqındakı «sədaqət və fədakarlıqları»na qarşı bu ölkənin öncül siyasətçiləri, həmçinin millətin bəzi təbəqələrinin nümayəndələri də laqeyd qalmayıb. Daxildə verilmiş imtiyazlardan və hüquqlardan əlavə İran xaricində məskunlaşan erməniləri də himayə və müdafiə missiyasını ardıcıl olaraq yerinə yetirmişdir. «Droşaq»ın yazdığına görə: «1894-1896-cı illərdə Türkiyənin Van və Ərzurum vilayətlərində ermənilər qətliam edilərkən dost ingilis konsulları erməni mühacirlərini osmanlılara təslim edərkən, fransız konsulu erməniləri türk toplarına hədəf etdirdiyi zaman qardaş İran millətinin konsulları idi ki, erməni millətinin mühafizəsini və erməni bədbəxtlərinin qətliamdan xilasını düşünürdülər və 1914-1915-ci illərdə Alman və Amerika konsullarından fərqli olaraq İran və rus sərkərdələri erməni xalqının himayəsinə səy edir, onların mühafizə olunmasına dəstək verirdilər».

Erməni hakim dairələrinin fikrinə rəğmən İran dövlətinin bu təşəbbüskar addımları siyasi aspektdən deyil, eyni qardaşlıq və yoldaşlıqdan irəli gəlirmiş.

Eyni qardaşlıqdan irəli gəlirmiş ki, İran dövləti hər bir dövlətdən əvvəl 1918-ci ilin sonlarına yaxın daşnakların yaratmış olduğu «Ararat» erməni dövlətini tanımış və bu ölkədə neft milyonçusu kimi tanınan Nubar Poqosyanın qardaşı oğlu Manvel Poqosyanı İrəvana ilk səfir göndərmişdir.

«Droşaq»ın fikrincə bu qarşılıqlı səmimiyyətin durmadan genişlənib möhkəmlənməsini əmələ gətirən nəinki irq və qardaşlıq amilidir, burada daha mühüm tarixi səbəblər mövcuddur.

Qəzet yazır: «İstər keçmişdə olsun, istərsə də müasir dövrümüzdə bu iki milləti birləşdirən, tarixlərini müştərək bir şəklə salan həqiqi mənafe mövcud olmuş və indi də var».

Daşnaksütyun partiyasının İran inqilablarında iştirakı ilə təşəkkül tapan «Daşnaksütyun romantizmi»nin bir macaraçılıqdan ibarət olmayıb həqiqi mənafedən əmələ gəldiyini qeyd edən qəzet erməni və İran millətlərini birləşdirən tarixi amillərə keçir və deyir ki:

«Bu iki milləti daima bir xarici düşmən təhdid etmiş və etməkdədir. Müştərək və ümumi düşmən hər iki millətin həyat işığını keçirməyə səy etmiş və bununla da bu iki xalqı birləşdirmişdir. Bu düşmən təbii ki, türk millətidir».

Ermənilərin fikrincə yer planetində iki dünya varmış: biri məhdud mədəniyyəti olan və hələ də bu mövqeyi müdafiə edən erməni və İran dünyası, digəri də vəhşət, mədəniyyət düşmənliyini və barbarlığı təmsil edən türk dünyası. Bu iki dünya arasında dərin uçurum və təzadlar mövcuddur. Belə ki, bu müqayisələr türklərin vəhşət, barbarlıq və mədəniyyət düşmənliyi ilə iranlılarla ermənilərin mehri-mədəniyyətləri arasındakı dərin uçurum tarixdə «İran-Turan» müharibələrinə səbəb olmuşdur.

«Droşaq» bu «İran-Turan» müharibələrini Hörmüzd və Əhriman arasındakı çəkişməyə bənzədir. Onun yazdığına görə türklər daima qaranlığı, barbarlığı, iranilərlə ermənilər isə hürriyyət və mədəniyyəti təmsil edirlərmiş.

Qəzet daha sonra fantastik bir metoda diqqəti cəlb etmək istəyir: «Əsrlər uzunu Turani millətlər İran və Qafqaza axın etmişlər və barbarlar dalğasına qarşı sədd çəkib onların irəliləməsinə imkan verməyən ariyan millətindən olan farslarla ermənilər olub. Bütün müharibələrdə Mamikonyan sülaləsinin milli erməni ordusu həmişə fars ordusu ilə müştərək hərəkət edib, Roma və Bizansla baş verən müharibələr nəticəsində istila edilən ermənilər əsir və kölə sifətində Sasani dövlətinin ordularında iştirak etmişlər və qələbələrin əldə edilməsində bu millətin özünəməxsus payı var».

«Daşnaksütyun» partiyasına xidmət göstərən sözügedən qəzetin hadisələrə romantik bir şəkil verməsinə baxmayaraq, tarixi mənbələr bunun tam əksini deyir.

Dünyanın super dövlətlərinin arxivində saxlanılan keçmiş dövrlərə aid sənədlərlə tanışlıq zamanı aydın olur ki, əsrlər uzunu davam edən İran-Roma, İran-Bizans, Rusiya-Türkiyə müharibələrinə səhnə olan Ərməniyyə dağılmış, İran və Rus ordularının cövləngahı olmuşdur.

Roma sütununun süqutu nəticəsində pərişan olmuş Ərməniyyənin «şiri» İranın «Xurşud»una baş, «Xurşud»un «şir»ə hakimiyyəti üzərində müstəqil bir dövlət əmələ gətirmiş və buna qarşı erməni ordusu az üsyan qaldırmamışdı.

XX əsrin əvvəllərindən İran dövlətinin hüdudlarında dairəsini daha da genişləndirməyə imkan tapan «Droşaq» soruşur ki, «əsrlər boyu davam edən İran ilə Turan, Hörümüzd ilə Əhriman çəkişməsi bitmiş sayıla bilərmi?» Özü öz sualına da belə cavab verir: «Tarixi saf-çürük etsək, yaranmış vəziyyəti diqqətlə təhlil etsək bu çəkişmənin hələ də davam etdiyinin şahidi olarıq». Daha sonra erməni qəzeti İran inqilabının son səhifələrini təşkil edən Qacar sülaləsinin süqutunu və Pəhləvi xanədanının iş başına gəldiyini yenə İranla Turan mübarizəsi şəklində təsvir edir. «Bugünkü İran və Ermənistan nə halda idi və indi nə vəziyyətdədir?»

«Cavab məlumdur. Türklər İranın Xorasan, Mazandaran və Azərbaycanını, Anadolu və Ermənistanı istila etmiş ariyan tayfalarının vətəninə sahib olmuşdular və bu istila nəticə etibarilə fars və qeyri ariyan nəslini əsrlərlə mədəniyyətdən geri salmışdır. Beləliklə, fars və erməni milləti qarşısında türklərdən və turanizmdən ibarət müştərək bir təhlükə vardır. Onu məhv etmək üçün hər vasitədən istifadə olunmalıdır. Bu məqsədlə ümumi düşmənimiz turanizmi tətqiq etmək, onun qayə və metodunu anlamaq və sonra eyni silahla ümumi düşmənə qarşı hərəkət etmək kimi mühüm bir vəzifəmiz vardır».

Ermənilərin təssəvvürüncə turanizmin məqsəd və qayəsi bütün türkləri birləşdirmək olub. Bu məqsədlə türklər Türkiyə ilə Azərbaycanın, İstanbul, Təbriz və Bakının birləşməsinə mane olan erməni ilə kürdləri aradan qaldırmaq planını tətbiq edirmişlər.

«Erməniləri kürdlərin əli ilə qırdırdıqdan sonra indi də İsmət Paşa və Yunis Nadi bəylər mədəni millətlərin konfranslarında kürdlərin ariyan nəslindən deyil, Turani-nijad olduqlarını, kürd millətinin mövcud olmadığını bəyan edirlər. Yalnız Türkiyə türkləri deyil, Azərbaycan türkləri də fars millətinə mənsub kürd, tat və talışları «türk» olaraq göstərir, onların milli şüurdan məhrumiyyətlərindən (İ.M.İ) sui-istifadə edir, azərilər həmçinin fars ünsürlərini türkləşdirir».

Daha sonra erməni mətbuatı erməniləri bu yöndə ehtiyatlı olmağa səsləyir:

«Ola bilsin ki, türklər İran içərisindəki digər fars nəsil tayfasına bilavasitə təsir edərək iranilik vəhdətini pozsunlar…».

Hüriyyət qəzeti

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …