GADTB: Dünya imperializmi başda Böyük Britaniyanın çevriliş yolu ilə Azərbaycan dövləti olan Qacarların ərazisini qəsb edib irqçi farslara verməsi ilə Azərbaycan faktiki olaraq işğal edilib, müstəmləkə vəziyyətinə salındı. 1925-ci ildən sonra Azərbaycan Türk Millətinin mübarizəsi sırf müstəmlkədən qurtarıb və müstəqilliyini bərpa etmə xarakteri daşımışdır. 1945-ci il 21 Azər-də qurulan Azərbaycan Milli Hökuməti də min illər boyu böyük imperatorluqlar quran Azərbaycan Türk Millətinin Güney Azərbaycanın müasir dövr dövlətçilik modelinə keçid hesab edilir. Bu müqəddəs yolda Milli Hökuməti quran Seyid Cəfər Pişəvəri deyirdi: “Öldü var döndü yoxdur”. Azərbaycan Milli Hökumətinin hər tərəfdən şovinist və cinayətkar fars rejimi və onun himayəçilərinin təzyiqi və hücumu nəticəsində süqutundan sonra Azərbaycanın düşmənləri bu sözü lağa qoyaraq, “Öldü də var imiş döndü də” deyirdilər. Lakin başa düşmürdülər ki, Pişəvəri bu sözü təkcə o dönəm üçün yox, bu gün üçün də deyirmiş. Bu hərəkat davam edir və Azərbaycan Türk Milləti öz müstəqilliyini əldə etməyənədək mübarizədən əl çəkməyəcək.
Unutmamaq lazımdır ki, 21 Azər hərəkatı sinfi mübarizə yox, milli hərəkat idi. Hərəkatın başçısı S.C.Pişəvəri dəfələrlə təkrar edirdi ki, bu hərəkat sinfi hərəkat yox, milli hərəkatdır və Azərbaycan türkləri bir-birinə qarşı mücadilə aparmırlar. Onlar fars şovinizminə qarşı mübariz aparıb, Azərbaycan türkcəsində məktəb, universitet, mətbuat və radionun açılmasına çalışırlar və bunu da etmişdilər.
21 Azər hərəkatı və Milli Hökumətin qurulması ilə Güney Azərbaycana yeni ruh gəldi. Azad mətbuat, fikir azadlığı və ümumiyyətlə Azərbaycana azadlıq gəldi. Bu da irqçi və irticaçı fars şovinizmini, eləcə də onları dəstəkləyib hakimiyyətə gətirən başda İngiltərə olmaqla dünya müstəmləkəçilərini qorxuya saldı. Belə ki, dünya müstəmləkəçiləri Moskva konfransında Azərbaycanın müxtariyyət qazanmasına belə icazə vermədilər. Bunun ardından isə Tehran rejimi bütün anlaşmalara rəğmən Azərbaycana hücuma keçib, Azərbaycan türklərinə qarşı dəhşətli soyqırım törətdi.
Əlbəttə Seyid Cəfər Pişəvəri bəhanələrin birdəfəlik ortadan qalxması üçün demokratiya, muxtariyyət, federalizm və parlamentarizmi də yoxladı. Lakin Tehranın irticaçı-şovinist fars rejimi və onun himayədarları göstərdilər ki, bu bölgədə və qondarma İran adı altında olan ərazidə Azərbaycan Türk Millətinə heç zaman öz mədəni və insani hüquqlarına çatmağa icazə verməyəcəklər. 21 Azər hərəkatının başlanğıcı və faciəvi sonu da göstərdi ki, Azərbaycan Türk Milləti yalnız özünə güvənməlidir. Millət özünə güvənib, iradəsini sərgiləsə heç bir imperiyanın himayəsinə də möhtac olmaz. Biz öz millətimizə güvənirik. Bizim liderlərimiz Məhəmməd Əmin Rəsulzadə, Pişəvəri, Əbülfəz Elçibəy və Atatürk də göstərdi ki, güc türk millətindədir. Azərbaycan Türk Milləti iradə ortaya qoyanda öz məclisini, öz dövlətini və öz ordusunu yaradır. Sərhədlərinə, sınırlarına özü sahib çıxır. Bu gün 21 Azər hərəkatının ənənəsinə dayanaraq, Azərbaycanın güneyinin təkcə bir yolu qalıb. O da öz istiqlalını əldə edib və Azərbaycanın müstəqil dövlətini yaratmaqdır. Bu hərəkatın bizə təkcə bir mesajı var. O da farsa, fars şovinizminə inanmadan yalnız öz gücümüzə dayanıb Azərbaycanı azad etmək. Bir sözlə Pişəvəri demişkən bu millətə müstəqilliyini əldə edənədək nə öldü var nə döndü.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Türk Millətini Güney Azərbaycanda milli dövlətçiliyi və müstəqilliyini bərpa etmək üçün millətimizi birliyə və istiqlalçı təşkilatlar ətrafında birləşərək haqlı mübarizəmizi gücləndirməyə çağırır. Kimsəyə sirr deyil ki, Güney Azərbaycanın yeganə qurtuluş yolu istiqlaldır.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı