
GADTB: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, böyük türkçü, dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan Türk Millətinin dahi öndəri Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Bu il Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubleyidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin yubleyinin keçirilməsi barədə sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycanda geniş yubley mərasimləri keçirilir.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla yanaşı həm də Azərbaycanın güneyinə xüsusi diqqəti olmuşdur. Eyni zamanda Güney Azərbaycanda milli azadlıq hərəkatlarının güclənməsində onun ideyaları, özəlliklə qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi böyük rol oynamışdır.
M.Ə.Rəsulzadə 1918-ci il, mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biridir. Türk dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay ömür sürməsinə və rus ordusunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, M.Ə.Rəsulzadənin qurduğu demokratik Azərbaycan dövləti insanlara çox böyük hüquq və azadlıqlar vermişdi. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hələ Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda qadınlara bu hüququ vermişdi. Azərbaycanda ilk universitetin, ordunun, donanmanın əsası məhz bu dövrdə qoyulmuşdur.
M.Ə.Rəsulzadə 1918-ci ildə Fətəli xan Xoylu ilə birgə Azərbayacan Xalq Cümhuriyyətini qurmaqla müasir dövlət formasında Azərbaycan dövlətçiliyinin əsasını qoymuşdur. Bugünkü Azərbaycan Respublikası M.Ə.Rəsulzadənin idealları və Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli bayrağı ilə Azərbaycan dövlətçiliyini davam etdirməkdədir
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan Türk Millətinin çoxəsirlik dövlətçilik tarixinin parlamentli cümhuriyyət formasında müasir dövrdə davamı hesab edir. Müstəqil Azərbaycan Respublikasını M.Ə.Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təkcə quzeyli soydaşlarımızın deyil, bütün dünya azərbaycanlılarının dövləti hesab edir. Bu dövlət Güney Azərbaycanda müstəqil Azərbaycan dövlətinin və ümumiyyətlə Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi, ideya qaynağıdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycanın güneyinin milli qurtuluşunu yalnız və yalnız istiqlal və cümhuriyyət idarə üsulunda görüb, Azərbaycan Xalq Cümhuriyətini özünə nümunə hesab edir. GADTB M.Ə.Rəsulzadənin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqilliyi və Bötüv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi