GADTB: Türkmənsəhra və ümumiyyətlə Güney Türkmənistanda türkmən soydaşlarımıza qarşı irqçi fars rejimin son hadisələrlə bağlı yanaşması bir daha sübut etdi ki, bu rejim haqlı türkə qarşı hətta azyaşlıların namusunu hədəf almış cinayətkarların yanındadır. İrqçi fars rejimin terrorçu Sepahının türkmənləri hədələməsi, İran rejimin prezidenti Ruhaninin türkmənlərin üzərinə qüvvə yeritmə hədələri bir daha bu işğalçı və cinayətkar rejimin iç üzünü açıb göstərdi. Artıq kimsəyə sirr deyil ki, bu rejimin hakimiyyəti altında heç kimin övladı, canı, malı və namusu qorunmur.
Türkmənlər Azərbaycan türkləri kimi bu gün irqçi fars rejimin zülmü altında yaşamaq məcburiyyətindədir. Azərbaycan türkü kimi Türkmənistan türkü də rusların və İran rejimin işğalçılıq siyasəti nəticəsində parçalanmış türk millətidir. Bu türk milləti çar Rusiyası və Sövet dövründə, Cənubi Türkmənistanda isə Pəhləvi və molla rejimləri vasitəsilə dəfələrlə soyqırıma məruz qalmışdır. Rza şah 1925-ci ildə türkmənlərə divan tutaraq, onların azadlıq hərəkatını yatırmış, molla rerjimi isə ilk illərində türkmənlərin üzərinə top-tüfənglə yürümüşdür. Lakin bütün bunlar türkmən türklərini azadlıq və müstəqillik amalından uzaq sala bilməmişdir.
Türkmən türkləri Azərbaycan türkləri kimi hər zaman irqçi fars rejimin ayrıseçkilik və zülmünə məruz qalmışdır. Adi sel hadisəsi belə göstərdi ki, türkmənlər bu rejimdən heç nə gözləməməlidir. Sadə bir qığılcımla dəfələrlə sübut olub ki, bu rejim türk millətinin dövləti deyil və türkmənlər də Azərbaycan türkləri kimi bu fəlakətlərdən qurtulmaq üçün öz müstəqilliklərini əldə etməlidirlər.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Türkmənistanda türkmənlərin haqlı etirazlarını dəstəkləməklə hər zaman onların yanında olduğunu bildirir və istiqlal mücadiləmizdə bütün türklərin birlikdə hərəkət etməsini məqsədəuyğun hesab edir.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı