
GADTB: İranın Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani İran İslam Respublikasının atom bombası hazırlamaq üçün tam texniki imkanlara malik olduğunu iddia edib. SEPAH-a yaxınlığı ilə tanınan Tasnim xəbər agentliyinin məlumatına görə, o, bu iddianı Şərif Sənaye Universitetində keçirilən “Nüvə səlahiyyəti” adlı konfransda səsləndirib.
Konfransın mövzusu İran İslam Respublikasının nüvə doktrinasının dəyişdirilməsi olub. Laricani silahların mənzil məsafəsinin məhdudiyyətsiz olmasını yeni çəkindirmə strategiyasının əsas sütunlarından biri adlandırıb. Onun sözlərinə görə, kütləvi qırğın silahlarının haram olması ilə bağlı fiqhi hökm “əllərin bağlı olması” mənasına gəlmir.
Laricani əlavə edib ki, nüvə biliklərinin hərbi məqsədlərlə istifadəsi yalnız atom bombası ilə məhdudlaşmır və “dəhşətli” çəkindirmə gücü yarada bilər. O, İran İslam Respublikasının ABŞ və Avropa ilə qarşıdurmasını da “sivilizasiyalararası” və tarixi köklərə malik münaqişə kimi xarakterizə edib.
Beynəlxalq münasibətlər üzrə professor Mehdi Xanəlizadə də konfransda İran İslam Respublikasının nüvə doktrinasına yenidən baxılmasını tələb edib. O, əvvəlki doktrinalara sadiq qalmağı və “istifadə müddəti bitmiş” müqavilələrə arxalanmağı passivlik kimi qiymətləndirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi