Çərşənbə , İyun 10 2026
azfa

İrana qarşı mümkün ssenariləri ilə bağlı ABŞ qüvvələrinin İsraildə gizli yerləşdirilməsi üzə çıxarıb

GADTB: Yeni araşdırma hesabatına görə, ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasının bir hissəsi Pentaqonun rəsmi açıqlamalarından fərqli olaraq 2026-cı ilin yazında İsrailə göndərilib. Hərbi sənədlərə və məlumatlı mənbənin açıqlamalarına əsaslanan hesabatda bu yerləşdirmənin ABŞ və İsrailin İrana qarşı hazırladığı fövqəladə planlarla əlaqəli olduğu bildirilir. Bu məsələ regionda iki ölkə arasındakı hərbi əməkdaşlığın miqyası barədə yeni suallar doğurur.

Amerikalı araşdırmaçı jurnalist Ken Klippenstein tərəfindən yayımlanan məlumata görə, Pentaqon mart ayında yalnız 82-ci Hava Desant Diviziyasının bir hissəsinin Yaxın Şərq əməliyyat zonasına göndərildiyini açıqlamış, lakin bəzi qüvvələrin son təyinat məntəqəsini açıqlamamışdı.

Hesabatda istinad edilən sənədlərə əsasən, 501-ci Piyada Alayının 2-ci taboruna aid qüvvələr 2026-cı ilin aprelində müvəqqəti missiya çərçivəsində İsrailə göndərilib. Rəsmi açıqlama zamanı isə çoxları bu hərbçilərin Küveyt və Qətər də daxil olmaqla ABŞ-ın ərəb ölkələrindəki bazalarına yerləşdirildiyini düşünürdü.

Hesabatda adı açıqlanmayan hərbi mənbəyə istinadən bildirilir ki, sözügedən yerləşdirmə ABŞ və İsrail arasında hazırlanmış yeni fövqəladə planlarla bağlıdır. Mənbənin sözlərinə görə, həmin planlara İran əleyhinə müxtəlif ssenarilər, o cümlədən Xarq adasına nəzarətin ələ keçirilməsi variantı da daxildir.

82-ci Hava Desant Diviziyası ABŞ ordusunun ən mühüm sürətli reaksiya qüvvələrindən biri hesab olunur. Bu birlik hava-desant hücumları, əməliyyat bölgələrinə məcburi daxilolma və strateji hədəflərin ələ keçirilməsi üçün hazırlanıb. Təxminən 3 min nəfərlik bölmə 18 saat ərzində dünyanın istənilən nöqtəsinə yerləşdirilə bilir.

Mövzunun həssaslığına baxmayaraq, ABŞ rəsmiləri indiyədək bu qüvvələrin İsrailə göndərildiyini rəsmi şəkildə təsdiqləməyiblər.

Ken Klippensteinin hesabatından

Ken Klippenstein yazır ki, Pentaqon mart ayında 82-ci Hava Desant Diviziyasının Yaxın Şərqə göndərildiyini açıqlayarkən mühüm bir detalı gizlədib: paraşütçülərin bir hissəsi İsrailə yerləşdirilib. Jurnalistin əldə etdiyi ordu əmri bu məlumatı üzə çıxarıb.

Müharibə planlaşdırılmasında iştirak edən hərbi mənbənin sözlərinə görə, bu yerləşdirmə fevral ayında tamamlanmış yeni ABŞ–İsrail fövqəladə planları ilə əlaqəlidir. Həmin planlarda Xarq adasının ələ keçirilməsi və İran sahillərinin müəyyən hissələrinə nəzarət qurulması kimi variantlar nəzərdən keçirilir.

Mənbə bildirir ki, yerləşdirmənin gizli saxlanılması ABŞ və İsrailin İran ərazisində mümkün birgə əməliyyatı barədə ictimai müzakirələrin yaranmasının qarşısını almağa xidmət edib. Bundan əlavə, ərəb ölkələrinin siyasi həssaslıqları da nəzərə alınıb. Belə ki, ABŞ-İsrail birgə əməliyyatı Körfəz ölkələri üçün logistika və dəstək məsələlərində mürəkkəb suallar yarada bilərdi.

2026-cı il 7 aprel tarixli hərbi əmrə əsasən, 501-ci Piyada Alayının 2-ci taborunun – “Geronimo” taborunun – şəxsi heyəti müvəqqəti missiya ilə İsrailə göndərilib.

Pentaqon bu yerləşdirməni indiyədək rəsmi təsdiqləməyib və yalnız qüvvələrin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına göndərildiyini bildirib. Media orqanları da əsasən bu ümumi ifadəni təkrarlayıb və qüvvələrin Küveyt və ya Qətərdəki bazalara yerləşdirildiyi güman olunub.

Jurnalistin sorğusuna cavab olaraq Pentaqon məsələni CENTCOM-a yönləndirib, lakin hesabatın dərc olunduğu vaxta qədər cavab verilməyib.

Bundan əvvəl The New York Times yazmışdı ki, yüksək rütbəli ABŞ hərbi rəsmiləri İranla bağlı mümkün əməliyyatlara dəstək məqsədilə 82-ci Hava Desant Diviziyasından döyüş briqadasının göndərilməsini nəzərdən keçirirlər. Həmin qüvvələr diviziyanın təxminən 3 min nəfərlik sürətli reaksiya bölməsindən seçilir və qısa müddətdə istənilən bölgəyə göndərilə bilir. Qəzetin məlumatına görə, onlar İranın əsas neft ixrac mərkəzi olan Xarq adasının ələ keçirilməsi əməliyyatında istifadə oluna bilər.

Həmçinin yoxlayın

Məhbuslar İranın 56 həbsxanasında edama qarşı aclıq aksiyası keçirirlər

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Urmiya gölündə suyun həcminin ötən illə müqayisədə 18 dəfə artdığı iddia edilir

GADTB: Ətraf mühit rəsmiləri Urmiya gölündə suyun həcminin nəzərəçarpacaq dərəcədə artdığını açıqlayıblar. Uzun illər davam …