Bazar , Noyabr 29 2026
azfa

İranın nüvə doktrinasının dəyişdirilməsi və bunun qlobal təhlükələri

GADTB: ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri Birləşmiş Ştatlar və İsrailin İrana hərbi hücum ehtimalını azaltsa da, bir çox siyasi analitiklər, eləcə də region ölkələrinin rəsmiləri yaxın gələcəkdə İranla ABŞ arasındakı fikir ayrılıqlarının həll olunacağına ciddi ümid bəsləmirlər.

İranın müharibəyə son qoymaq üçün irəli sürdüyü təklifə ABŞ-ın bu ölkəyə tətbiq etdiyi dəniz blokadasının dayandırılması, sanksiyaların bir hissəsinin ləğvi və Hörmüz boğazının yenidən açılması müqabilində bombardmanların dayandırılması daxildir. Bu təklifə əsasən, İranın nüvə proqramı və digər sanksiyalarla bağlı danışıqlar sonrakı mərhələlərə təxirə salınmalıdır.

ABŞ hökuməti İranın təklifini rədd edib. ABŞ-ın dövlət katibi Marko Rubio cari həftənin bazar günü İranın təklifini “qəribə, gülünc və qeyri-real” adlandırıb. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bazar ertəsi bu planı müdafiə edərək onu danışıqlar masasında mövcud olan ən məntiqli təklif kimi qiymətləndirib.

Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli rəsmisi Ənvər Qarqaş da bazar ertəsi ABŞ və İran arasında hərtərəfli siyasi razılaşmanın əldə edilməsinin çətin göründüyünü bildirib. O deyib: “Biz uzunmüddətli qeyri-müəyyənlik dövrünə hazırlaşmalıyıq. Elə bir dövr ki, burada nə qəti həll yolunun əldə olunmasına zəmanət vermək, nə də regionda sabit nizamın yaranmasını qaçılmaz hesab etmək mümkündür”.

Belə bir şəraitdə İranda sərt xətt tərəfdarları yeni müharibənin başlanacağından narahatdırlar. Onların fikrincə, bu müharibə ötən ilin esfənd ayında baş verən müharibə kimi İran İslam Respublikası rəhbərinin aradan götürülməsi ilə başlaya bilər. Buna görə də İranda sərt xətt tərəfdarları “İran İslam Respublikası rejiminin nüvə doktrinasının dəyişdirilməsini” tələb edirlər. Görünən odur ki, bu istiqamətdə ilk addım İran parlamentində ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxması barədə qanun layihəsinin hazırlanmasıdır. Lakin İran parlamentinin sədri və ABŞ-la danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibafın etirazı səbəbindən bu layihə indiyədək parlamentin açıq iclasında müzakirəyə çıxarılmayıb.

Son həftələrdə süni intellekt vasitəsilə hazırlanaraq sosial şəbəkələrdə yayılan çoxsaylı videolarda İranın ilk nüvə sınağını keçirdiyi göstərilir. Bu videolarda İran İslam Respublikası rejiminin tərəfdarları nüvə partlayışını gördükdən sonra sevinir və təkbir səsləndirirlər.

İran parlamentinin mühafizəkar deputatı Kamran Qəzənfəri də aban ayının 12-də “Didəban İran” saytına bildirib: “Mən təxmin edirəm ki, biz artıq indi də nüvə silahına sahibik”. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi isə Qəzənfərinin bu açıqlamasından iki gün əvvəl İranın dövlət televiziyasına müsahibəsində demişdi: “Bəziləri deyirlər ki, niyə ABŞ-ı cəzalandırmaqda israr edirsiniz? Əlinizdə açıqlamaq istəmədiyiniz bir şey varmı? Bəli, bizim əlimizdə bir şey var!”

Bundan başqa, mühafizəkar düşərgənin təhlilçisi Həsən Kənani Müqəddəm aban ayının 6-da, mühafizəkarların tanınmış siması Məhəmməd Cavad Laricani isə aban ayının 18-də İranın taktiki nüvə silahı ilə regiondakı ABŞ hərbi bazalarını hədəfə ala biləcəyini bildiriblər. Bu açıqlamalarla yanaşı, Möhsün Rzayinin aban ayının 20-də, çərşənbə günü, müharibə yenidən başlayacağı təqdirdə İranın Avropa ölkələrindəki ABŞ hərbi bazalarına mümkün hücumu barədə fikirləri də Qərb dünyasında narahatlıq doğurur.

İran parlamentinin keçmiş deputatı Həşmətullah Fəlahətpişə İran İslam Respublikası rejiminin nüvə silahına sahib olması barədə mühafizəkarların açıqlamalarını tənqid edərək “Euronews”a deyib: “Hazırda İranda İran İslam Respublikası rejiminin nüvə strategiyasını dəyişdiyini və atom bombasına sahib olduğunu iddia edənlər milli maraqlara xidmət etməkdən daha çox, İrana qarşı hərbi əməliyyata haqq qazandırmağa çalışırlar. Belə bir şəraitdə atom bombası haqqında danışmaq İrana qarşı dördüncü müharibənin başlanması üçün bəhanə yaradır. Özlərinin İrana qarşı hərbi əməliyyatını yarımçıq hesab edən Tramp və Netanyahu İranı ABŞ demokratları və avropalılar qarşısında real və konkret təhlükə kimi təqdim etməyə ehtiyac duyurlar. Son vaxtlar İranda səsləndirilən iddialardan daha çox onlara kömək edəcək başqa bir şey yoxdur”.

Fəlahətpişə İran İslam Respublikası rejiminin atom bombasına sahib olması və ya raketlərinin ABŞ şəhərlərinə çata bilməsi barədə iddiaların Tramp administrasiyasının hərbi siyasətinə xidmət etdiyini bildirib və deyib: “Qırx günlük müharibədən iki gün əvvəl cənab Vens Konqresdə İranın ABŞ şəhərlərinə raket atmağa çalışdığını iddia etmişdi. İndi də Tramp eyni iddianı irəli sürür. Halbuki Vens və Tramp bilirlər ki, İranın nə atom bombası, nə də ABŞ-a çata biləcək raketləri var. Lakin onlar hərbi siyasətlərini həyata keçirmək üçün belə iddialara ehtiyac duyurlar”.

Fəlahətpişənin fikrincə, əgər respublikaçılar ABŞ-da keçirilən aralıq seçkilərdə məğlub olmasaydılar, Tramp seçkilərin ertəsi günü İrana yenidən hücum əmri verərdi. Onun sözlərinə görə, Tramp və Netanyahu hələ də İrana hücum planından imtina etməyiblər, lakin hazırda bir növ “ictimai diplomatiya” aparırlar. Çünki İranı nüvə silahı hazırlamaq proqramına malik ölkə kimi təqdim etməyə ehtiyac duyurlar.

Lakin İran parlamentinin deputatı Kamran Qəzənfəri atom silahının hazırlanmasını İran üçün “ABŞ və İsrailin İran İslam Respublikası rejiminə qarşı təbliğatının zərərsizləşdirilməsindən” daha vacib hesab edir. O, “Euronews”a bildirib: “ABŞ və sionist rejim dəfələrlə bizi nüvə silahından istifadə etməklə hədələyib. Biz bu məsələyə biganə qala bilmərik. Bu təhdid İranın bütün xalqını və mövcudluğumuzu hədəfə alır. Onlar düşməndirlər və heç bir cinayətdən çəkinmədiklərini göstəriblər. Biz deyə bilmərik ki, inşallah, bizə qarşı nüvə silahından istifadə etməyəcəklər. Onlarla mübarizə aparmalıyıq. Yəni İran İslam Respublikasının nüvə doktrinasına yenidən baxılmalıdır ki, düşmən İrana nüvə hücumu etməyə çalışacağı təqdirdə İranın da qarşılıqlı cavab verəcəyini bilsin. İkinci Dünya müharibəsindən indiyədək nüvə silahına malik ölkələrin heç biri bu silahlardan bir-birinə qarşı istifadə etməyib. Çünki qarşı tərəfin də onlara belə bir hücum edəcəyindən qorxurlar. İran İslam Respublikası da çəkindirici güc yaratmalıdır”.

Qəzənfəri nüvə sualtı qayıqlarının və nüvə silahı daşıya bilən bombardmançı təyyarələrin olmamasını İran İslam Respublikasının nüvə çəkindirmə imkanlarına maneə hesab etmir. O deyib: “Nüvə silahı daşımaq qabiliyyətinə malik raketiniz varsa, istənilən nöqtəni hədəfə ala bilərsiniz. Hazırda biz öz dəqiq raketlərimizlə İsraildə istənilən nöqtəni hədəfə ala bilərik. İndi kifayətdir ki, adi döyüş başlıqları əvəzinə raketlərimizə nüvə başlıqları quraşdıraq. Üstəlik, raketlər təyyarələrdən daha effektivdir. Təyyarənin düşmən ərazisinə çatması daha çox vaxt tələb edir, raket isə beş-on dəqiqə ərzində hədəfə çatır”.

Lakin Həşmətullah Fəlahətpişə hesab edir ki, İran hətta bir neçə nüvə başlığına sahib olsa belə, nüvə çəkindirmə qabiliyyətinə malik olmayacaq. O deyib: “Mən ölkəmizin nüvə çəkindirməsini strategiyasının bir hissəsi hesab etdiyinə inanmıram. Çünki nüvə çəkindirməsinin üç əsas komponenti var: atom bombasına sahib olmaq, çəkindirici nüvə balansı və son zərbəni endirmək qabiliyyəti. Atom bombasına sahib olmaqla nüvə çəkindirməsinin formalaşdığını düşünənlər yanılırlar”.

İran parlamentinin keçmiş üzvü əlavə edib: “Ölkənin atom bombasına sahib olub-olmadığı barədə həqiqətən məlumatım yoxdur. Mənim bildiyimə görə, İranın nüvə proqramı dinc məqsədlər daşıyırdı. Hətta onun mümkün hərbi ölçüləri də Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində bağlanmışdı ki, İranın işi BMT Nizamnaməsinin VII fəslinin əhatə dairəsindən çıxarılsın. Bundan başqa, İranda atom bombasının mövcudluğundan danışan şəxslər, hətta parlament deputatları arasında belə, bu barədə məxfi məlumatlara sahib olan heç bir rəsmi görmürəm. Məncə, İranın hərbi strategiyası ənənəvi xarakter daşıyır və bu strategiya böyük ölçüdə effektiv olub. Möhsün Rzayinin İranın hansısa imkanlara malik olması barədə açıqlamasında atom bombasını nəzərdə tutduğuna da inanmıram”.

Lakin Kamran Qəzənfəri hesab edir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi “bizim əlimizdə bir şey var” deyərkən adi silaha deyil, “xüsusi silaha” işarə edib. Cənab Qəzənfəri İranın nüvə doktrinasının dəyişdirilməsinin faktiki olaraq artıq baş verdiyini düşünür. O, “Euronews”a bildirib: “Mən belə qənaətə gəlirəm ki, bu doktrina dəyişikliyi faktiki olaraq artıq baş verib. Biz parlamentdə NPT-dən çıxmaq məsələsini də gündəmdə saxlayırıq. Ötən il parlamentin Rəyasət Heyətindəki bəzi şəxslər buna mane oldular. Lakin deputatlar indi də bu layihənin parlamentin açıq iclasında müzakirəyə çıxarılması üçün çalışırlar. Hələ də müəyyən maneələr yaradılaraq layihənin parlamentdə müzakirəyə çıxarılmasına imkan verilmir. Buna baxmayaraq, biz NPT-dən rəsmi şəkildə çıxmaq üçün səylərimizi davam etdiririk. NPT-də iştirakımız bizə zərər vurub, lakin heç bir fayda verməyib. Buna görə də düşünürəm ki, biz faktiki olaraq NPT-dən çıxırıq və parlamentin qərarı İranın NPT-dən rəsmi çıxışı hesab oluna bilər”.

Lakin Həşmətullah Fəlahətpişə NPT-dən çıxmağın İrana qarşı gələcək müharibələrə zəmin yaradacağını bildirib: “İranın NPT ilə münasibətləri faktiki olaraq dağılıb. İranın NPT-də qalıb-qalmaması ABŞ-la münasibətlərinin xarakterindən asılıdır. Məsələn, hazırda danışıqların bir hissəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İranın bəzi nüvə obyektlərinə baxış keçirməsi ilə bağlıdır. İranın NPT-dən çıxması ölkənin milli maraqlarına xidmət etməyəcək. Çünki NPT-dən çıxmaq İranın nüvə proqramının bir hissəsini gizlətməsi deməkdir. İran indiyədək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tarixində həyata keçirilmiş yoxlamaların beşdə birini qəbul edib. Belə bir şəraitdə NPT-dən çıxmaq İrana qarşı gələcək müharibələrə haqq qazandırmaq üçün istifadə oluna bilər. Mənim bildiyimə görə, NPT-dən çıxmaq ölkənin əsas strateji planlarına daxil deyil. NPT-dən çıxmaq üçün üçtəcili qanun layihəsini hazırlayan deputatlar bilirlər ki, nüvə məsələsi xarici siyasətin strateji mövzularından biridir və bu məsələlərlə bağlı qərarlar Ali Milli Təhlükəsizlik Şurasında qəbul edilir. Ali Milli Təhlükəsizlik Şurası deputatların üçtəcili qanun layihəsinin müzakirəyə çıxarılmasına razılıq verməyib. Əks halda, bu layihə parlamentin açıq iclasında müzakirəyə çıxarılardı”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …